Prezident İlham Əliyev: "Bəlkə də dünyada öz vətəndaşına bu qədər qayğı və diqqət göstərən ikinci ölkə yoxdur"
Azərbaycan dövlətinin sosial siyasətinin fəlsəfəsi iqtisadi inkişafın nəticələrini əhalinin rifah halını yüksəltməyə yönəltməkdir. Bu prinsip hər gün daha geniş şəkildə davam etdirilir. Ötən illərin iqtisadi göstəricilərinə əsasən demək olar ki, Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti xeyli artıb. Aztəminatlı təbəqə dövlət tərəfindən sosial müdafiəyə cəlb olunub. Nəticədə, ölkəmizin inkişafyönümlü iqtisadi siyasəti sosial sahənin də yüksəlməsinə və vətəndaşların rifah halının yaxşılaşmasına geniş imkanlar yaradıb. Bu gün dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə dünyaya nümunə olan bir inkişaf modeli formalaşıb. Məhz bu müsbət tendensiyaların mövcudluğu səbəbindən, iqtisadi və siyasi sabitliyimiz davamlıdır. Bu amilləri yüksək qiymətləndirən Prezident İlham Əliyev bildirir ki, dünyanı bürüyən böhranlardan asılı olmayaraq, Azərbaycanın inkişafı və ölkədəki ictimai-siyasi sabitlik bizim böyük sərvətimizdir.Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşının firavan yaşam tərzi dayanır. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində, əhalinin sosial rifahının yüksəldilməsi və sosial infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması istiqamətində məqsədyönlü siyasət həyata keçirilmiş və mühüm uğurlar əldə olunmuşdur. Xüsusən, sosial məsələlərin həlli ilə bağlı ölkədə çoxsaylı dövlət proqramları və böyük layihələr həyata keçirilmişdir. Regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət Proqramı, həmin sənədlərə çoxsaylı əlavələr qəbul olunmuş və icra edilmişdir. Çox önəmli faktdır ki, hər il ölkəmizin başçısının imzaladığı fərman və sərəncamların 65 faizi, məhz sosialyönümlüdür.
Dövlət başçısından şəhid ailələrinə, müharibə əlillərinə və veterenlarına dəstək
Prezident İlham Əliyevin sosial siyasətində şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının həyat şəraitinin yaxşılaşdırılması da prioritet məsələdir. Belə ki, dövlət başçısının 2018-ci il 19 aprel tarixli Fərmanına uyğun olaraq, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Azərbaycan Respublikası Prezidentinin şəhid ailələrinə diqqət və qayğısının növbəti təzahürü olmaqla yanaşı, həm də bu proses qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla, şəffaf şəkildə həyata keçirilir.Bu, real faktdır ki, Azərbaycan sosial dövlətdir. Bu gün dövlət rəhbərinin müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq reallaşdırılan məqsədyönlü dövlət siyasəti ona istiqamətləndirilib ki, ölkənin dinamik iqtisadi inkişafından əhalinin bütün təbəqələri, xüsusilə də, qayğıya ehtiyacı olan insanlar bəhrələnə bilsinlər. Məhz bunun nəticəsidir ki, Azərbaycanda cəmiyyətin ayrı-ayrı təbəqələri arasında ədalətli resurs bölgüsünü təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirilir və beləliklə, dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənirlər. Belə ki, son 20 il ərzində ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və mənzil, altı mindən çox minik maşını verilib ki, bu da, dövlətin müvafiq kateqoriyadan olan insanlara qayğısının təzahürüdür. Bu siyasət eyni ardıcıllıqla bu gün də davam etdirilir. Bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11 min manat məbləğində birdəfəlik ödəmə verilməsi, onu göstərir ki, Azərbaycanda xalqın həyat səviyyəsinin yaxşılaşdırılması dövlətin öz qarşısına qoyduğu ən önəmli məqsədlərdən birinə çevrilib.
Son 16 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci dövlət yoxdur
Bu real faktordur ki, Azərbaycanın sosial-iqtisadi inkişafının təməlində həm düşünülmüş siyasət, həm güclü iradə, eyni zamanda, güclü iqtisadiyyat dayanır. Bu gün tam müstəqil siyasət yürüdən Azərbaycan heç kimdən asılı deyil və iqtisadi müstəqillik ölkəmizə böyük dividendlər qazandırıb. Dövlət başçısının söylədiyi kimi, iqtisadi baxımdan, 16 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci dövlət yoxdur: "Bütün bu işləri öz daxili imkanlarımız hesabına görürük, heç bir yerdən yardım almırıq, - iqtisadiyyatımız inkişaf edir. Bu il də yaxşı nəticələr olacaqdır. Gələn il daha yaxşı nəticələr olacaq. Artıq ilkin proqnozlar verilibdir. Gələn il sürətli inkişaf ili olacaq. Beləliklə, maliyyə imkanlarımız daha da genişlənəcək və ölkə qarşısında duran əsas vəzifələrin, infrastruktur layihələrinin, eyni zamanda və ilk növbədə, sosial məsələlərin həlli üçün biz bu vəsaitdən istifadə edib sizin problemlərinizi həll edəcəyik".Bir sözlə, görünən odur ki, əhalisinin sosial müdafiəsinin təmin edilməsi müstəqil Azərbaycan dövlətinin qarşısında duran strateji vəzifələrdən biridir. Dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçir.
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB