Ermənistanda aclıq aksiyası keçirən jurnalist siyasi məhbus acından ölüb ANALİTİK

Ermənistanda aclıq aksiyası keçirən jurnalist siyasi məhbus acından ölüb ANALİTİK

“Nikol Paşinyan, sizin bu cinayət işinə müdaxilənizin səviyyəsini biz, yəqin ki, sonadək tam bilməyəcəyik”

“Erməni Qartalları: Vahid Ermənistan” partiyasının sədr müavini, siyasi məhbus Mger Yegiazaryan aclıqdan ölüb. SİA erməni KİV-lərinə istinadən xəbər verir ki, 1968-ci il təvəllüdlü məhbus cəza çəkdiyi “Nubarasen” həbsxanasında dünyasını dəyişib. Məlumata görə, Yegiazaryanın ötən ilin 5 dekabr tarixindən aclıq aksiyasına başladığı və aclıqdan öldüyü bildirilir.

Paşinyan hakimiyyəti Yegizaryanın həbsə atılmasında maraqlı olub

Lakin Nikol Paşinyan hakimiyyəti baş verən insidenti hər vəchlə gizlətməyə çalışır və əbəs deyil ki, Ermənistanın Ədliyyə Nazirliyi isə Yegiazaryanın ölüm səbəbini gizlədərək, guya onun aclıqdan deyil, başqa səbəbdən həyatını itirdiyini iddia edir.

Ermənistan hakimiyyətinə yaxınlığı ilə seçilən medialar M.Yegiazaryanın 2018-ci ilin dekabr ayında dələduzluq və hərbçilərdən pul almaq ittihamı ilə həbs edildiyini yazsalar da, müxaifət onun məhz siyasi motivlərə görə həbsə atıldığını iddia edirlər. Belə ki, hakimiyyət Yegizaryanı 2014-2018-ci illərdə fırıldaqçılıq yolu həbçiləri işlə təmin etmək, yaxud xidməti vəzifəsini yüksəltmək adı ilə külli miqdarda – 4 milyon 775 min dram vəsait mənimsəməkdə ittiham edib, lakin
Yeqiazaryanın özü ittihamları rədd edərək, həbsə atılmasını siyasi səbəblərlə əlaqələndirirdi. Daha bir fakt budur ki, Yegizaryan Nikol Paşinyana qarşı sərt yazıların işıq üzü görməsi istiqamətində əsas şəxslərdən biri olub.

“The Washington Post” qəzeti “Erməni siyasi xadim aclıq aksiyasından sonra öldü” başlıqlı məqalə dərc edib

Yeri gəlmişkən, M.Yegizaryan həm də media təmsilçisi olub. O, “Ermənistan qartalları - Vahid Ermənistan” partiyasının sədr müavini olmaqla yanaşı, həm də “Haynews.am” saytının məsul şəxsi olub. Onun 44 gün ölüm aclığı aksiyası keçirdiyi bildirilir. Artıq bu məsələ beynəlxalq aləmdə də müzakirələrə səbəb olmaqdadıdr. Misal üçün, “The Washington Post” qəzeti “Erməni siyasi xadim aclıq aksiyasından sonra öldü” başlıqlı məqalə dərc edib və Nikol Paşinyan hakimiyyətinin get-gedə Serj Sarkisyan hakimiyyətinə bənzədiyini yazıb.

Ölən siyasi məhbus-jurnalistin oğlundan Nikol Paşinyana: “Diləyirəm ki, mənlə qardaşımın və anamın çəkdiyi bütün əzablar sizin həyat yoldaşınız və oğlunuzun da başına gəlsin”

Bu arada, siyasi məhbusun ölümündən sonra oğlu Vazqen Yegizaryan Ermənistanın baş naziri və parlamentin bir qrup deputatına açıq məktub ünvanlayaraq, onları atasının ölümünə bais olmaqda günahlandırıb. Vazqen Yegizaryan, Nikol Paşinyanın M.Yeqiazaryanı siyasi səbəblərlə həbsə atdırdığını deyib. O, Ermənistanın baş nazirinə və ailəsinə eyni halları yaşamağı arzulayıb.

“Nikol Paşinyan, sizin bu cinayət işinə müdaxilənizin səviyyəsini biz, yəqin ki, sonadək tam bilməyəcəyik”, deyə ölüm aclığından həyatını itirmiş siyasi məhbusun oğlu əlavə edib ki, Paşinyan onun atasının həbsində maraqlı olub: “...Amma siz “nə olursa-olsun, bu adamı həbsə atmaq lazımdır” prinsipi ilə çıxış edərək davranmısınızsa, onda diləyirəm ki, mənlə qardaşımın və anamın çəkdiyi bütün əzablar sizin həyat yoldaşınız və oğlunuzun da başına gəlsin və onlar da eyni təcrübəni yaşasınlar. Unutmayın ki, icraçılar şəxsən sizə yox, sizin vəzifənizə, kreslonuza tabedirlər. Bu kreslo isə bu gün sizdədir, sabah isə...”

Beləliklə, “Ermənistanda demokratiya bərqərar olunur” tipli şüarlarla çıxış edən “küçə demokratlarının” iç üzləri get-gedə daha aşkar görünməkdədir və bu reallıq növbəti dəfə özünü siyasi məhbusun və jurnalistin ölümü ilə sübuta yetirdi.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə