Azərbaycan dövlətinin qətiyyətli mövqeyi Ermənistanı təşvişə salıb
Prezident İlham Əliyevin Paşinyana Davosda qoyduğu birmənalı şərt: 7 rayon dərhal qaytarılır və...
Hər bir ölkə öz siyasi lideri ilə tanınır və sözünü deyir. Bu gün Azərbaycan xalqı və dövləti xoşbəxtdir ki, müstəqil Azəbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyev və bu siyasəti davam etdirən Onun layiqli davamçısı Prezident İlham Əliyev kimi qətiyyətli rəhbəri var. Son 16 ilə nəzər salsaq, görərik ki, daxili və xarici siyasətin bütün prioritet istiqamətlərində rəsmi Bakı son dərəcə səmərəli kurs həyata keçirib. Azərbaycan dövlət olaraq inkişaf edib, müstəqillik daha da möhkəmlənib. Çoxlu sayda beynəlxalq layihələrdə Azərbaycan təşəbbüskar və əsas iştirakçı kimi fəaldır. Nəqliyyat-logistika layihələrində Bakının xüsusi yeri vardır. Uzaq Çindən tutmuş, Rusiya və İran da daxil olmaqla, Avropaya qədər geniş bir məkanda Azərbaycanın sosial-iqtisadi, mədəni, geosiyasi, enerji və s. təhlükəsizlik məsələlərində rolu daim yüksəlir. Bunun fonunda Ermənistan ziddiyyətli və uğursuz xarici siyasəti ilə yadda qalıb. İşğalçı ölkənin baş naziri Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra isə, bu proses daha da dərinləşib. Artıq Moskva, Astana və Minsk Yerevanı etibarlı tərəfdaş və ya müttəfiq hesab edə bilmirlər. Çünki N.Paşinyan, sözdə onlarla birlikdə olduğunu deyir, lakin kadr siyasəti və konkret addımları ilə fərqli məqsədlərə malik olduğunu göstərir. Üstəlik, ABŞ-ın Ermənistandakı səfiri deyir ki, onlar ermənilərin siyasi islahatlar aparmasına çox kömək edirlər. Uzun müddətdir ki, Rusiyanın havadarlığına sığınmış bir ölkə ağasını dəyişmək qərarına gəlibsə, onun hansı təşkilatda hörməti ola bilər?Deməli, Azərbaycana və Ermənistana olan münasibətlərdə fərqlərin olması təsadüfi deyil. Hər bir şeyin öz konkret səbəbi vardır. Bax, bu, ondan ibarətdir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad edir və eyni zamanda, qonşu dövlətlərə olan əsassız ərazi iddialarından birdəfəlik əl çəkir. Bu halda, Ermənistan xilas ola bilər. Erməni siyasi liderləri Ermənistanın xilas olmasını istəyirlərmi? Bu suala cavab aydın deyil.
Azərbaycan Prezidentinin Paşinyanla görüşü erməniləri təşvişə salıb
Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşündən sonra işğalçı ölkədə təşviş yaranıb. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin cari vəziyyəti müzakirə edilib. Təəccüblüdür ki, Prezidenti İlham Əliyevlə Paşinyan arasında Davosda baş tutan görüşdən sonra erməni baş nazirə qarşı Qarabağ klanının üzvləri tərəfindən kampaniya başladılıb. Belə ki, başladılan kampaniya çərçivəsində Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyasına yaxınlığı ilə seçilən müxtəlif ekspert və siyasətçilər Paşinyanın Prezident İlham Əliyevlə görüşünü şübhə altına almağa çalışıblar. Qarabağla bağlı sülh danışıqlarından istifadə edən bu şəxslər Paşinyanın nüfuzuna Prezident İlham Əliyevlə Davosda olan görüşündən sonra zərbə vurmağa cəhd ediblər. Belə ki, erməni politoloq Ayk Martirosyan tərəflər arasında görüşün guya niyə baş tutduğunu anlamadığını deyib: "Bütün bunlarda Ermənistanın faydası nədir? Niyə bununla bağlı informasiya əvvəldən verilmir və ya müzakirələrin məzmunu açıqlanmır? Ter-Petrosyan, Koçaryan və Sarkisyan dövründəki gizliliyin səbəbi bəlli idi. İndi bu, yoxdur. Niyə şəffaflıq şəraitində belə şəffaflıq yoxdur? Niyə görüşlər belə aktivdir? Erməni tərəfi nəyə çalışır?"S.Sarkisyanın sadiq kadrı və hazırda Respublika Partiyasının sədr müavini olan Armen Aşotyan isə hökumətdən Prezident İlham Əliyevlə görüş barədə daha ətraflı izahat istədiyini və bunun xalqın tələbi olduğunu deyib.Maraqlı məqam odur ki, hazırda Paşinyanı tənqid edən Aşotyan baş nazirdən aşkarlıq tələb etsə də, özü Sarkisyan dönəmində niyə Qarabağ danışıqlarıyla bağlı aşkarlığın olmasına aydınlıq gətirməyib."Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Davos görüşündə tərəflərin Düşənbə görüşündəki müzakirələr davam etdirilib: "Paşinyan Düşənbədə zəif baş nazir idi, çünki Ermənistan parlamenti hələ "Qarabağ klanı"nın nəzarətində idi. Ona görə Paşinyan Düşənbədə Prezident İlham Əliyevə qəti bir söz deyə bilməzdi. Buna baxmayaraq, Düşənbə görüşündən sonra atəşkəsin pozulması halları azalıb. Odur ki, Paşinyan buna görə Prezident İlham Əliyevə minnətdar olmalıdır. Əks halda, Paşinyan ciddi problemlərlə üzləşəcəkdi. Rəsmi Bakı Paşinyana dekabrda seçkini rahat şəkildə keçirməyə imkan tanıdı və o, qələbə çaldı, "Qarabağ klanı"nı parlamentdən uzaqlaşdırdı. Azərbaycan hakimiyyəti düşündü ki, "Qarabağ klanı"ndansa, Paşinyanla danışıqlar aparmaq daha münasibdir. Doğru strategiya idi".Politoloqun Ermənistanda bu görüşlə bağlı narahatlığı da təbii saydı: "Paşinyanın mövqeyini zəiflətməyə çalışacaqlar. Qoy olsun. Ermənistanda daxili gərginlik bizim də maraqlarımıza uyğundur. Ona görə də, qoy öz aralarında didişsinlər. Biz öz mövqeyimizi müdafiə edək, torpaqlarımızın işğaldan azad olunmasına çalışaq, danışıqlar davam etsin, amma Ermənistanın da içərisində qovğa olsun. Mən hesab etmirəm ki, məsələn, Paşinyan Qarabağla bağlı hansısa güzəştə hazırlaşır. Ümumiyyətlə, Paşinyan Qarabağ danışıqlarına hazır deyil. Çünki onu daxildə çox böyük problemlər gözləyir. "Qarabağ klanı" da fürsət axtarır ki, ondan intiqam alsın. Amma bütün hallarda, danışıqların baş tutması və bu cür təmaslar əgər Ermənistanda şübhə toxumu yaradırsa, qoy yaratsın. Yetər ki, biz il ərzində torpaqlarımızın azad olunması istiqamətində addımlar ataq".
Paşinyanın qatarı getdi...
Diqqətçəkən digər bir məqam var. N.Paşinyan Davos Forumunu tərk edəndən sonra, 25 yanvarda birbaşa Rusiyaya uçacaqdı. Ancaq bu, hələ də təsdiqlənməyib. Lakin maraqlı bir xəbər yayılıb ki, Putinin qrafikində, hələlik, Ermənistan baş naziri Nikol Paşinyanla görüş yoxdur. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. "Mənim bildiyim qədər, görüş planlaşdırılmır. Siz bilirsiniz ki, onlar tez-tez telefonla danışıqlar aparır və tez-tez görüşürlər. Cümə günü prezident üçün kifayət qədər dolu gündür. Ona görə də, bilmirik ki, hansı dəyişikliklər olacaq", - deyə o bildirib. Çox güman ki, o, Azərbaycan Prezidenti ilə apardığı danışıqların detallarını Rusiya prezidenti Vladimir Putinə çatdıracaq. Lakin bütün bunlara baxmayaraq, Paşinyan hələ də anlamır ki, onun qatarı çoxdan gedib...Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi, ərazilərin qaytarılmasında israrlı olması işğalçı ölkədə bundan sonra da təşviş doğuracaq. Ona görə də, Ermənistan seçim etməlidir. Əgər Ermənistan əvvəlki qaydada qeyri-sabit, təcavüzkar siyasətini davam etdirəcəksə, cəzasını alacaq.Bütün bunlar, bir daha təsdiq edir ki, Ermənistanın xilası yalnız işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad edir və eyni zamanda, qonşu dövlətlərə olan əsassız ərazi iddialarından birdəfəlik əl çəkir.
A.SƏMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB