"Hər dəfə Moskvaya qaçmaq işğalçı ölkə liderinin xislətinə xasdır" ÖZƏL-ŞƏRH

"Hər dəfə Moskvaya qaçmaq işğalçı ölkə liderinin xislətinə xasdır" ÖZƏL-ŞƏRH

"Ümumiyyətlə Ermənistan baş naziri Nikol Paşinyan çox böyük siyasi təzyiq altındadır. Bu siyasi təzyiqin də ciddi əsasları var. Bəzi dövlətlər tərəfindən etiraf edilməsə də Ermənistanın işğalçı olduğu artıq dünyanın əksər beynəlxalq təşkilatları və dövlətləri tərəfindən qəbul edilir. Təbii ki, dünyada işğalçıya münasibət əvvəlki ikili standartlarla yox, indi birmənalıdır. Burada Azərbaycanın xarici siyasət xəttinin uğurlarını da xüsusi qeyd etmək lazım gəlir". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloqun sözlərinə görə, artıq dünya və yaxud da dünyanın zəruri olan və beynəlxalq münasibətlərə təsir etmək imkanları olan beynəlxalq təşkilatlar, dövlətlər problemin mahiyyətini dərk ediblər və onlar bu mənada Azərbaycana ciddi dəstək verirlər: "Problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsində israrlıdırlar. Məsələn, Davosdakı görüşdən əvvəl videoreportajda Paşinyanın telefonla danışdığı görünür. Erməni mətbuatı qeyd edir ki, Paşinyan Ermənistanın ilk prezidenti Lev Ter Petrosyanla danışırmış. Bu sözügedən prezident də mənim zənnimcə erməni siyasətçiləri içərisində nisbətən daha realist və daha düzgün mövqe tutan siyasətçidir. Məncə onun Paşinyana təsiri də güclüdür və verdiyi məsləhətlərin də əhəmiyyətli hissəsi proqmatik olur. Həmin görüşdən sonra Paşinyana başqa bir telefondan zəng gəlir. Bu zəngin sahibi isə təxminən bir ay yarım bundan əvvəl Cənubi Qafqaz ölkələrinə səfər etmiş amerikalı yüksək vəzifəli şəxs Con Bolton idi. Mən şübhə etmirəm ki, o da Paşinyanı sülhə həvəsləndirən fikirlər söyləyib.

Bu nöqteyi-nəzərdən dünyanın böyük bir hissəsi problemin ədalətli həllinə tərəfdar çıxmağa başlayıblar. Təbii ki, bu da cənab Prezidentin siyasətinin uğurları siyahısına daxil edilməlidir. Amma Rusiya ilə məsləhətləşmək üçün hər dəfə Moskvaya qaçmaq Ermənistan dövlətinin xislətinə xas olan bir siyasətdir. Burada təəccüblü də bir şey yoxdur. Rusiyanın Ermənistan üçün həyati əhəmiyyətə malik olduqlarını bilirlər və üstəlikdə Rusiyadan müəyyən qədər çəkinirlər”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə