"Gürcüstan Azərbaycanın problemlərini daha dərindən anlamalıdır" ÖZƏL-ŞƏRH
“Gürcüstan Azərbaycanın strateji müttəfiqidir və bu ölkənin müasir milli maraqlarının təmin olunması, eyni zamanda regional tranzit ölkə kimi yerinin və rolunun müəyyənləşməsində Azərbaycan çox ciddi rol oynayıb”. Bunu SİA-ya açıqlamasında Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.
Deputatın sözlərinə görə, Azərbaycan bütün iqtisadi, meqa layihələrini Gürcüstan üzərindən Qərbə doğru reallaşması üçün müvafiq qərarlar qəbul edib: “Eyni zamanda Gürcüstanla Azərbaycanın çox dərin qonşuluq, tarixi, ənənəvi və yaxşı münasibətləri mövcud olub. Gürcüstanın ərazi bütövlüyü məsələsində Azərbaycanın mövqeyi daim prinsipial olub. Ona görə də hazırkı mərhələdə əli azərbaycanlıların qanına batmış cinayətkar bir şəxsə Gürcüstanın Cavaxetiya bölgəsində heykəlin qoyulması Gürcüstan-Azərbaycan münasibətlərinin ruhuna ziddir. Bu münasibətlərə kölgə salacaq addımdır və ümumiyyətlə yolverilməzdir. Çünki Gürcüstan Azərbaycanın problemlərini daha dərindən anlamalıdır. Ona görə ki, Gürcüstanın özünün də ərazi bütövlüyü pozulub”.
H.Babaoğlu vurğulayıb ki, Gürcüstan hər iki ölkənin ortaq, milli maraqlarını nəzərə almaqla qərarlar qəbul etməlidirlər: “Əgər Azərbaycanda Gürcüstanın ərazi bütövlüyünün pozulmasında iştirak edən, onun Qərb əyalətlərinin ilhaq edilməsində döyüşçü kimi fəaliyyət göstərən və əli etnik gürcülərin qanına batmış birisinə Azərbaycanda heykəl qoyulsa idi, Gürcüstan bunu necə qarşılayardı? Ona görə düşünürəm ki, hər şeydən öncə bu ölkənin rəsmiləri və dövlət orqanları mütləq belə hallarda hər iki ölkənin ortaq, milli maraqlarını nəzərə almaqla qərarlar qəbul etməlidirlər, addımlar atmalıdırlar. Azərbaycanın bu məsələ ilə bağlı rəsmi mövqeyi bəllidir. Azərbaycanın narahatçılığı Gürcüstanın müvafiq rəsmi dairələrinə çatdırılıb. Bununla bağlı yaxın zamanda lazım olan qərarlar qəbul ediləcək. Çünki Gürcüstan-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti bunu diqtə edir. Biz bir-birimizin maraqlarını qorumağa məhkumuq. Əks təqdirdə bu o qədər də yaxşı olmayan tendensiyalara gətirib çıxara bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB