İlham Əliyev: "Biz çinlilərə nailiyyətlərimizi göstərmək istəyirik və mallarımız üçün çox böyük, əhəmiyyətli, cəlbedici bazara çıxışı əldə etmək arzusundayıq"
Azərbaycan müstəqillik illərində dünya ölkələri ilə əlaqələrinin inkişafını diqqətdə saxlayıb və dövlətlərarası münasibətlər yeni mərhələyə yüksəlib. Azərbaycanın dünyanın bir çox ölkələri ilə imzalanan sənədlər, ölkələr arasında münasibətlərin daha da genişləndirilməsi istiqamətində atılan addımlar siyasi, iqtisadi və mədəni sahədə əlaqələrin dərinləşməsi üçün yeni imkanlar açıb. Bu əlaqələr dostluq və qarşılıqlı münasibətlərə söykənir. Azərbaycanın iştirakçısı olduğu görüşlər, təşəbbüsləri, beynəlxalq layihələri ölkəmizin nüfuzunun artdığının və etimadının yüksəldiyinin daha bir göstəricisidir. Bu münasibətlər dostluq və qarşılıqlı anlaşmaya söykənir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına verdiyi müsahibəsində ölkələrlə, qonşularımızla və tərəfdaşlarımızla qarşılıqlı əlaqə baxımından uğurlu siyasətin, bəzən tarazlaşdırılmış siyasətin səbəblərindən birinin Azərbaycan dövlətinin hər zaman işinə sadiq olduğunu vurğulayıb: "Bəzən bizim tərəfdaşlar, qonşularımız bizimlə razılaşmaya bilər. Bəzən bizim işlərimiz onların xoşuna gəlməyə bilər.
Lakin onlar bilirlər ki, biz dediyimizi həmişə edirik. Onlar bilirlər ki, imzamızla sözümüz eynidir. Biz heç vaxt heç kimi məyus etməmişik. Buna görə də, bu, artıq etimad məsələsidir və Azərbaycan böyük etimad qazanan ölkədir… Biz, sadəcə, daha yaxşı münasibətlər qurmaq, daha çox iş görmək, insanlarımıza daha yaxşı şərait qurmaq istəyirik, sülh və harmoniya içində yaşamaq istəyirik".
Müasir dövrümüzdə böyük tərəqqi yolu keçən Azərbaycan dinamik inkişaf edən və bütün dünyada hörmət olunan ölkəyə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycana, qısa müddətdə inanılmaz nailiyyətlər qazandıran siyasəti, dünya ölkələrində böyük maraqla izlənilir.
Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində, Azərbaycanın iqtisadi potensialının durmadan artması, əhalinin rifahının yüksəlməsinə böyük təsirini göstərib. Cənab Prezident bunu müsahibəsində də qeyd edib: "Mənim üçün, bir Prezident kimi, ən vacibi xalqın gündəlik həyatı, iqtisadiyyatımız, sənayemiz, sosial problemlərimizin həllidir. Xarici siyasətimiz onun qoruyucusudur, ona zəmanət yaradır. Bu günə qədər siyasətimiz uğurlu olub. Lakin gələcəkdə nə baş verəcəyini gələcəyin özü göstərəcək".
Bu gün Azərbaycanın bir çox dünya ölkələri ilə yanşı, Çinlə də əlaqələri uğurlu inkişaf yolundadır. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikasının dünya dövlətləri, xüsusilə, Çin Xalq Respublikası kimi qüdrətli ölkə tərəfindən tanınması mühüm əhəmiyyət kəsb edirdi. Ötən müddət ərzində, dövlətlərimiz arasında əlaqələr qarşılıqlı faydalı tərəfdaşlıq və dostluq prinsipləri əsasında uğurla inkişaf etdirilib. Bu əlaqələr xalqların mənafeyinə uyğun olaraq inkişaf edir. İkitərəfli əlaqələrin sürətlə inkişaf edərək hazırkı səviyyəyə çatmasında yüksək səviyyəli qarşılıqlı səfərlər və imzalanan sənədlər mühüm rol oynayıb. Ölkə Prezidenti İlham Əliyevin Çinə rəsmi səfərləri, əldə olunan razılaşmalar, həyata keçirilən birgə layihələr ikitərəfli əlaqələri daha da dərinləşdirib. 2005 və 2008-i illərdə Prezident İlham Əliyevin ÇXR-ə rəsmi səfəri, 2004-cü ildə ÇXR-in xarici işlər naziri Li Çjaosinqin Azərbaycana rəsmi səfəri, daha sonra 2010-cu il 16-17 may – ÇXR-in xarici işlər naziri Yanq Cieçınin Azərbaycana səfəri Çin-Azərbaycan əlaqələrinin sürətli inkişaf mərhələsindən xəbər verir. 2015-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yenidən Çinə dövlət səfəri çərçivəsində Çin Xalq Respublikasının sədri Si Cinpin ilə birgə İpək Yolu iqtisadi kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumunun imzalanması ölkələr arasında münasibətləri daha da gücləndirib.
Çin və Azərbaycan arasında əlaqələrin bütün sahələrdə daha da genişlənməsi üçün böyük potensial mövcuddur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünəməxsus inkişaf yolu ilə irəliləyir. Ölkənin siyasi vəziyyəti sabitdir və iqtisadiyyatı inkişaf edir. İki ölkə arasında nəqliyyat, kənd təsərrüfatı, turizm, energetika, informasiya və kommunikasiya texnologiyaları istiqamətlərində əməkdaşlığın artan dinamikası diqqətdədir. "…Bu yaxınlarda biz Çin vətəndaşları üçün viza məhdudiyyətlərini aradan qaldırmışıq" deyən Azərbaycan Prezidenti hazırda Azərbaycana səfər etmək istəyən hər kəsin öz evindəki kompüter vasitəsilə maksimum üç gün və hətta bəzən bir neçə saat ərzində elektron viza ala bildiyini qeyd edib: "Bu, tərəfdaşlığımızın təzahürü olaraq, Çin vətəndaşlarının ölkəmizə səfərləri üçün daha yaxşı imkanların yaradılmasına görə edilmişdir. Ticarətimizi inkişaf etdirmək məqsədilə biz bir neçə ixrac missiyalarını Çinin müxtəlif bölgələrinə göndərmişik. Artıq yaxşı nəticələrimiz var. Biz Çində Azərbaycan şərabları evlərini açmışıq. Biri Şanxaydadır, digəri isə başqa şəhərdədir. Çində təşkil olunan böyük sərgilərdə, dövri olaraq, öz kənd təsərrüfatı məhsullarımızla iştirak edirik. Biz çinlilərə nailiyyətlərimizi göstərmək istəyirik və mallarımız üçün çox böyük, əhəmiyyətli, cəlbedici bazara çıxışı əldə etmək arzusundayıq. Eyni zamanda, qapılarımız Çinin iş adamları üçün açıqdır".
"Siz rəhbərin, yəni ölkə rəhbərinin qlobal səviyyədə ən mühüm keyfiyyətini nədə görürsünüz? Mən burada böyük praqmatik yanaşmanın şahidiyəm. Sizin gərgin fəaliyyətinizdən məlumatlıyam. Cənab Prezident, rəhbərin ən mühüm keyfiyyəti hansıdır?" sulaına gəldikdə, Prezident İlham Əliyev bir neçə çox əhəmiyyətli məsələnin olduğunu bildirib: "Xatırladığım birinci məsələ uzunmüddətli inkişaf strategiyasının planlaşdırılmasıdır. Yəni, səyləri yalnız siyasi gündəlikdə duran tədbirlərlə məhdudlaşdırmaq lazım deyil. Siz xalqınızın 20 və ya 30 ildən sonra ölkənizi hansı səpkidə görmək arzusuna bələd olmalısınız və həmin məqsədə çatmaq üçün bu gün nə edəcəyinizi bilməlisiniz. Başlanğıcda biz uzunmüddətli infrastruktur haqqında danışırdıq. Bundan çox vaxt keçir. Lakin bu gün, o, artıq öz nəticələrini verir".
Azərbaycan Prezidenti İlham Əliyev ikinci ən mühüm məsələnin xalqa heç zaman yalan danışmamaq olduğunu diqqətə çatdırıb: "Heç zaman həqiqət olmayan məsələni deməmək və icra edə bilməyəcəyiniz vədləri verməməkdir. Mənə gəldikdə, mən çalışıram və hesab edirəm ki, bu meyarlara cavab verməyi bacarıram. Eyni zamanda, səni tənqid edənlərə nail ola biləcəyin işlərlə cavab verməlisən. Əgər sənin haqqında danışan və yazan, səni tənqid edən və hücum çəkən hər kəsə cavab versən, sadəcə, vaxtını itirəcəksən, özünü o səviyyəyə salacaqsan. Lakin cavabını işlərinlə göstər. Biz, fikrimcə, buna nail olmuşuq və skeptik düşüncədə olanların hamısına, bilərəkdən bu cür davrananlara, səylərimizi sual altına almağa, qarşımızda maneə yaratmağa çalışanlara belə cavab verdik. Biz Bakıya gələn hər kəsə bunu göstəririk və onlar bilir. Onlar paytaxtın gözəlliyinin şahidi olur, bölgələrə gedirlər və nəticələri görürlər. Hesab edirəm ki, bu iki məsələ həm ölkə, həm liderin özü üçün vacibdir. Əgər o, istəyirsə ki, xalq ona inansın, etimad etsin, dəstəkləsin, bu iki məsələ hər zaman liderin gündəliyində olmalıdır".
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB