Ermənilər Davos görüşündən nə gözləyir? NÜANS

Ermənilər Davos görüşündən nə gözləyir? NÜANS

Rusiyalı politoloq bəzi kartları açaraq, proqnozlarını verdi

Azərbaycan və Ermənistan dövlət rəhbərlərinin Davos Beynəlxalq İqtisadi Forumunda qeyri-rəsmi görüşlər keçirmələrinin ardınca, erməni mediası və ictimai rəyi həmin görüş ətrafında müxtəlif mülahizələrlə, proqnoz və ehtimallarla çıxış edirlər. SİA xəbər verir ki, artıq bu görüş ətrafında Rusiyanın siyasi ekspert və politoloqları da şəxsi baxışlarından çıxış edib, mülahizələrini irəli sürməkdədirlər. Rusiyanın tanınmış konfliktoloqu və siyasi şərhçisi Stanislav Tarasovun sözügedən məsələ ilə bağlı erməni mediasına verdiyi proqnozları maraqdoğurucudur.

Stanislav Tarasov: ““Nəzərlərdən qaçmadı ki, Əliyev kifayət qədər şən, Paşinyan isə əzgin vəziyyətdə idi, belə ki, Əliyev bu partiyada qalib gəlir”

“Baxmayaraq ki, detalların müzakirə olunmaması barədə fikirlər bildirilir, biz müəyyən yaşa malik insanlarıq və çox gözəl anlayırıq ki, əgər söhbət üçün konkret mövzu olmazsa, bu zaman danışmağa da ehtiyac olmaz”.

SİA xəbər verir ki, bu barədə Ermənistanın “168 jam” qəzetinə açıqlamasında rusiyalı politoloq Stanislav Tarasov Davosda Azərbaycan və Ermənistan dövlət başçılarının qeyri-rəsmi görüşləri ilə bağlı proqnozlarını irəli sürərkən deyib.

“Nəzərlərdən qaçmadı ki, Əliyev kifayət qədər şən, Paşinyan isə əzgin vəziyyətdə idi, belə ki, Əliyev bu partiyada qalib gəlir”, deyən Tarasov digər məqamlara da toxunub: “Paşinyan bəyan etmişdi ki, “Artsax” (Qarabağ-R.N.) danışıqlar tərəfi olmalıdır, lakin bu istiqamətdə heç bir addım atılması. Hazırkı məqamda onlar etibarlılığın möhkəmləndirilmə ölçüsü ətrafında danışırlar”.

“Erməni politoloq və ekspertləri əgər Qarabağın iştirakı olmadan məsələnin həll olunması mümkünlüyünü inkar edirlərsə, bu zaman onlar romantikdirlər”

S.Tarasov həmçinin bildirib ki, savadlı konfliktoloq, hətta beynəlxalq əlaqələrin üçüncü kurs tələbəsi deyə bilər ki, münaqişənin tənzimlənməsi prosesində tərəflər etibarlılığın möhkəmləndirilməsi mexanizmini hazırlayırlar. Sülh barədə isə müəyyən olunmuş mərhələləri keçdikdən sonra danışmağa başlayırlar. Yəni bu, daha öncəki mərhələlər keçildikdən sonra üçüncü, ya da dördüncü mərhələdə baş verir.

Rusiyalı konfliktoloq, erməni politoloqlarını və ekspertlərinə istehza etməyi də unutmayıb. “Erməni politoloq və ekspertləri əgər Qarabağın iştirakı olmadan məsələnin həll olunması mümkünlüyünü inkar edirlərsə, bu zaman onlar romantikdirlər. Gördüyünüz kimi, həll olunur”.

"Azərbaycan tərəfi bəyan edir ki, rayonları geri qaytarmaq vacibdir və bu tələb açıq şəkildə bildirilir bəs Ermənistan hansı addımları atmağa hazırlaşır, bəlli deyil...”

Politoloq həmçinin bəyan edib ki, iyunda Paşinyan və Əliyev Qarabağ üzrə razılaşma imzalayacaqlar və buna əsasən, erməni tərəfi dolayı kompromisslər yolu ilə bir neçə rayonu azad etməli olacaq.

Onun sözlərinə görə, məhz bundan sonra Türkiyə parlamenti erməni-türk protokollarına geri dönəcək və onları ratifikasiya edəcək, diplomatik münasibətlər bərpa olunacaq və “yoldaş Paşinyanın iradəsi yerinə yetiriləcək”.

Stanislav Tarasov sonda deyib: “Azərbaycan tərəfi bəyan edir ki, rayonları geri qaytarmaq vacibdir və bu tələb açıq şəkildə bildirilir, bəs Ermənistan hansı addımları atmağa hazırlaşır, bəlli deyil – erməni tərəfi susur və əgər erməni tərəfi Azərbaycanla bu barədə danışmasaydı, onda Əliyev heç vaxt Paşinyana belə münasibət göstərməzdi, əksinə, onu müharibə ilə təhdid edər və ultimatumlar dili ilə danışardı”.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə