“Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələsində önəmli mövqeyə sahibdir” BƏHRUZ QULİYEV
“Davos İqtisadi Forumu həm də o xüsusiyyətləri ilə seçilir ki, burada ölkələrin iqtisadi gücləri ilə yanaşı, həm də xarici siyasət faktorları da müəyyən olunur. Çünki diplomatiya elə bir amildir ki, onun tətbiqi bütün sferaları, arealları əhatə etməlidir. Məhz bu mənada, Prezident İlham Əliyevin Davos Forumunda iştirakı, eləcə də xarici ölkə missiyalarının, eləcə də media qurumlarının Ona olan diqqət və maraq kontekstindən çıxış etmələri müstəqil siyasət yürüdən, eyni zamanda, islahatçı, tərəqqi və inkişaf yolunu tutan Azərbaycana böyük marağın bariz nümunəsidir”. Bu fikirləri “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı barədə münasibətini açıqlayarkən deyib.
Siyasi ekspertin sözlərinə görə, Azərbaycana olan diqqətlərdən biri də ölkəmizin müxtəlif beynəlxalq layihələrdə təşəbbüskar, həmçinin ideyaverici rolunda çıxış etməsindən irəli gələn uğur tendensiyasıdır: “Əbəs deyil ki, Azərbaycan Avropanın ən mütərəqqi enerji layihələrində öncüllük təşkil edir, həm də, enerji təhlükəsizliyi məsələsində önəmli mövqeyə sahibdir”.
Bəhruz Quliyev bildirib ki, biznes mühiti baxımından da ölkəmiz liderlər sırasında yer alıb: “Bu gün Azərbaycana yalnız investisiyalar qoyulmur, eləcə də Azərbaycan bir sıra xarici ölkələrə sərmayələr yatırır, müştərək, qlobal layihələrə imza atır. Əlbəttə ki, illər öncə biz bütün bunları təsəvvürümüzə belə, gətirə bilməzdik. Lakin cənab İlham Əliyevin məqsədyönlü, müdrik və möhtəşəm siyasi təcrübəsi nəticəsində ölkəmiz qısa müddət ərzində çox böyük bir yol keçib”.
Baş redaktor Davosda Prezident İlham Əliyevin Çinin CGTN televiziya kanalına müsahibəsində irəli sürdüyü fikirlərinə də toxunaraq bildirib ki, Azərbaycanın inamla uğurlar qazanması istər daxili, istərsə də müəyyən xarici qüvvələri narahat edir: “Ölkəmizin artan nüfuzuna qarşı fəaliyyət göstərənlərə, dövlət başçımız bu müsahibəsində ən layiqli cavabını verib. O, vurğulayıb ki, səni tənqid edənlərə nail ola biləcəyin işlərlə cavab verməlisən. Bəli, bu bir liderin, xalqın iradəsi və dəstəyi ilə ölkəsini uğurla idarə edən Prezidentin skeptik, uğursuz düşüncə sahiblərinə verdiyi ən mükəmməl cavabıdır”.
Bəhruz Quliyev sonda qeyd edib ki, yalnız Davos İqtisadi Forumu deyil, həmçinin digər nüfuzlu beynəlxalq forum və tədbirlərdə cənab İlham Əliyevə göstərilən rəğbət bir reallıqdır ki, müasir, müstəqil Azərbaycan dövləti bundan sonra da davamlı, dayanıqlı, dinamik inkişaf yolu ilə irəliləyəcək, dünyanın qlobal problemlərinin həll olunmasında söz sahibi qismində çıxış edərək, daha nəhəng uğurlara imza atacaq: “Biz, bu gerçəkliyin şahidləriyik. Söz yox ki, bu gerçəkliklər xalqımızın daha firavan yaşaması, dövlətimizin daha da qüdrətli olması üçün atılan addımlardır. Hesab edirəm ki, Davos İqtisadi Forumu və bu Forumda Prezident İlham Əliyevin iştirakı qeyd edilən bütün fikirləri kifayət qədər sübut etməkdədir”.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB