Elşən Musayev: “Tarix boyu Əli Kərimli kimi dələduz siyasətçi yetişməyib” MÜSAHİBƏ

Elşən Musayev: “Tarix boyu Əli Kərimli kimi dələduz siyasətçi yetişməyib” MÜSAHİBƏ

Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevin SİA-ya müsahibəsi

- Elşən müəllim, Mehman Hüseynovla bağlı qaldırılan cinayət işinə artıq xitam verilib. Sizcə, bundan sonra müxalifət hansı səbəb irəli sürüb mitinq keçirtmək və yaxud hay-küy qaldırmağa cəhd göstərəcək?

- Onlar bekar adamlardır. Həmişə səbəb tapacaqlar. Siyasətdə öz gücü, öz təpəri olmayanlar həmişə kiminsə adı ilə, kiminsə üzərindən yekə görünməyə, boylanmağa çalışıblar. Əli Kərimli və onun tərəfdaşları də həmin qəbildəndirlər. Hə, razıyam, artıq Mehman məsələsini əllərində bayraq edə bilməyəcəklər və çox doğru sualdır ki, bəs bundan sonra mitinqi hansı şüarla keçirəcəklər? Məncə bu sualın cavabı barədə özləri də ciddi-ciddi baş sındırırlar. Çünki Cənab Prezidentin tövsiyəsindən sonra Baş Prokurorluğun atdığı doğru addım radikal müxalifəti və Azərbaycanın uğurlarını həzm edə bilməyən məlum qüvvələri seyt-not- nakaut vəziyyətinə salıb. Amma bunlar, yəni müxalif qaragüruhçular arsız adamlardır. Belə baxanda guya bu günə qədər onların hansı şüarları, iddiaları, məntiqləri əsaslı olub ki? Heç biri. Odur ki, yenə bir mənasız səbəblə ortaya çıxmağa çalışacaqlar. Bu yerdə ataların məşhur misalı yerinə düşür: “Utanmasan oynamağa nə var ki?”

- Uğursuzluqla nəticələnən 19 yanvar mitinqindən sonra müxalifət növbəti mitinq keçirtməyi planlaşdırır. Məqsədi və səbəbi bəlli olmayan aksiyalar keçirtməyə dəyərmi?

- Daim onların bütün səbəbləri özünü səbəbsizlikdə, məntiqləri isə məntiqsizlikdə tapıb. “Milli Şura” bədbəxt liderlərin, uğursuz tərəfkeşlərin yığınıdır. Bitmiş zümrədir hamısı. Sadəcə bu mitinqlərlə özlərini inandırmaq istəyirlər ki, hələ ortadadırlar, meydandadırlar, siyasətdədirlər. Reallıqda isə özlərinə də gün kimi aydındır ki, çoxdan tarixin zibilliklərinə gömülüblər. 19 yanvarda biabır oldular. Yenə biabır olmaq istəyirlərsə, demək abırdan tamam gediblər. Fiasko bu adamların alnına yazılıb. Çünki niyyətləri düz deyil, heç zaman xalqla səmimi olmadılar, həmişə öz məkrləri, maraqları üzərindən oyun oynayıblar. Bu səbəbdən Azərbaycan xalqı belə ünsürlərə hər seçkidə öz yerini göstərir. Növbəti mitinq də rüsvayçılıq və uğursuzluqla müşayiət olunacaq. Buna kimsə şübhə etməsin.

- Mitinqdə Əli Kərimli özünü təbliğ edən və digər əqidə yoldaşlarını gözdən salan açıqlamalarla çıxış etdi. Bu o deməkdirmi ki, Əli Kərimli Mehman Hüseynov olayından daha çox öz çirkin siyasi məqsədləri üçün istifadə etməyə cəhd edir?

- Tarix boyu Əli Kərimli kimi ambisiyiasız, qeyri-səmimi, dələduz siyasətçi yetişməyib, doğulmayıb. Nə mənfi komponent varsa bu adam ona sahibdir. Meydanda hər zaman dostlarını tək qoyan da, arada nifaq salan da, insanları müxalifətçilikdən küsdürən də, iyrəndirən də, liderini, tərəfdaşlarını öz maraqları naminə satan da Ə.Kərimli olub. Hamının bu və ya digər şəkildə mənfi və müsbət tərəfləri ola bilər. Amma Kərimlinin bütün tərəfləri mənfidir. Təbii, bu mitinqdə də bu adam sırf öz maraqlarını güdürdü, özünü qaldırmağa, hamını aşağılamağa çalışırdı. Bacardığı qədər də bunu elədi. Odur ki, ətrafındakılar bu son nümunədən də dərs götürsünlər və bu buqələmunun nə olması, necə olması ilə bağlı yenidən düşünsünlər.

- Sizcə, Əli Kərimlinin süni yolla önə çıxmaq cəhdinə İsa Qəmbər, Arif Hacılı və digər iddialı müxalif partiya sədrləri göz yumacaq?

- İsa Qəmbərlə Arif Hacılı Kərimlini beş barmaqları kimi tanıyırlar. Çünki müxalif cəbhədə Kərimlidən ən çox zərbə yeyənlərdən, alanlardan biri də məhz onlardır. Sadəcə xislətləri bir-birinə bənzəyir, deyə özlərinə sərf edəndə, maraqlar ümumiləşəndə tezcə barışırlar, yenə olurlar eyni adam. Amma axıra qədər yol getmə şansları, limitləri də yoxdur. Ortalığa pul məsələsi, liderlik məsələsi, mənəm-mənəmlik məsələsi gələn kimi dönüb olurlar yenə özləri. Yəni, qisascıl düşmən. Kərimli öndə deyil, sadəcə önə çıxmaq istəyir. Ona bu şansı verməzlər. Hamı Ə.Kərimlinin xarakterinə, ambisiyasına, namərdliyinə bələddir. Ola bilər, bir yerə qədər buraxsınlar, amma sonradan cavabını verib yerini göstərəcəklər.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə