Naira Zöhrabyan: "AŞPA sədri qurumda Dağlıq Qarabağla bağlı komitəni bərpa etmək fikrinə düşərsə, biz həmin qərarı boykot edəcəyik"

Naira Zöhrabyan: "AŞPA sədri qurumda Dağlıq Qarabağla bağlı komitəni bərpa etmək fikrinə düşərsə, biz həmin qərarı boykot edəcəyik"

"AŞPA-nın qış sessiyası zamanı Azərbaycan və Ermənistanın qurumdakı parlamentariləri arasında görüş istisna edilmir". SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Ermənistan parlamentinin avrointeqrasiya daimi komissiyasının sədri, Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Naira Zöhrabyan jurnalistlərə verdiyi açıqlamasında deyib. O, qeyd edib ki, bu görüşü təşkil edən rəsmi Ankara ilə Bakının əsas məqsədi AŞPA daxilində Dağlıq Qarabağ problemi ilə məşğul olan komitənin yenidən fəaliyyətini bərpa etməkdən ibarətdir: "Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edən Türkiyə AŞPA çərçivəsində Dağlıq Qarabağ probleminin yenidən müzakirə olunması üçün bütün gücünü səfərbər edib. Amma bu məsələdə erməni tərəfinin mövqeyi dəyişməz olaraq qalır. Belə ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi ilə ATƏT-in Minsk Qrupu məşğul olur və biz həmin məsələnin hansısa başqa formatda müzakirəsinin əleyhinəyik".

 

Naira Zöhrabyan deyib ki, əgər AŞPA sədri Mövlud Çavuşoğlu qurumda Dağlıq Qarabağla bağlı komitəni bərpa etmək fikrinə düşərsə, onda Ermənistan tərəfi həmin qərarı boykot edəcək və komitənin işində iştirak etməyəcək. Çünki Ermənistan tərəfi nəzərdə tutulan görüşdə iştirak etməsə, komitə birmənalı şəkildə öz statusunu itirəcək: "Çavuşoğlu Dağlıq Qarabağ münaqişəsinin həllinin yollarını yalnız Azərbaycan tərəfi ilə müzakirə edəsi deyil. Ermənistan və Azərbaycan tərəfləri arasında hazırda etimad mühiti formalaşmadığından həmin komitənin yaxın vaxtlarda bərpasına ümid etmirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə