Şəhidlərin anım günündən istifadə etmək istəyənlərdən üz umulmaz TƏHLİL

Şəhidlərin anım günündən istifadə etmək istəyənlərdən üz umulmaz TƏHLİL

Şəhidlər Xiyabanını ziyarət zamanı siyasi şüarlar səsləndirmək, xiyabanı siyasi şouya çevirmək qəhrəmanların ruhuna hörmətsizlikdir. 20 Yanvarda Şəhidlər Xiyabanını ziyarət edən müxalifət partiyalarının siyasi şüarlar səsləndirmələri və polislə qarşıdurma yaratmaq cəhdləri, bü müqəddəs məkanı avantüra üçün seçmələri ümumiyyətlə qəbuledilməzdir.

Şəhidlərin xatirəsinin anım günündə, belə bir müqəddəs gündə səsləndirilən şüarlar bəllidir ki, radikal müxalifət tərəfindən əvvəlcədən planlaşdırılır və yalnız təxribat üçün hesablanır. Əfsuslar olsun ki, biz hər il bunun şahidi oluruq və bu heç də şəhid analarına, bacı və qardaşlarına xoş təsir bağışlamər, əksinə, haqlı olaraq hiddətinə səbəb olur. Şəhidlərin dəfn edildiyi müqəddəs məkanda səs-küy salmaq Azərbaycanın nə milli və nə də dini dəyərləri ilə bir araya sığmır. Bu hərəkət heç etik normalara da sığmır və bizim mental düşüncəmizə belə yaddır.

İnsan izdihamından başını itirən AXCP sədri bundan istifadə etməyə cəhd etsə də dərk etmir ki, bu izdihamın onunla heç bir əlaqəsi yoxdur

Doğrudur, 20 yanvar günü oynadıqları oyundan, göstərdikləri şoudan, oyunbazlıqdan sonra AXCP sədri Əli Kərimli onların şəhidlər xiyabanında siyasi aksiya keçirmək fikri olmayıb desə də, ən azından bir gün öncə idman kompleksində keçirdikləri mitinq zamanı etdikləri çağırış bunun əksini təsdiq edir. Təsdiq edir ki, AXCP sədri yalanlarını və vəziyyətdən çıxmaq üçün təkziblərini növbəti dəfə işə salmaq və bununla da özünü sığortalamaq istəyir.
Milli Şuranın yanvarın 19-da “Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq” tələbi ilə keçirilən mitinqində AXCP sədri Əli Kərimlinin tərəfdarlarına müraciət edərək yanvarın 20-də Şəhidlər Xiyabanının ziyarətinə çağırması təsdiq edir ki, şəhidlərimizin anım günündə çıxardıqları oyunlar heç də təsadüfi deyil. Əksinə, əvvəlcədən planlaşdırılmış bir ssenaridir və hər il radikal müxalifət tərəfindən əvvəlcədən hazırlanmış bu oyunların Azərbaycan ictimaiyyəti şahididir.
Hər il məhz 20 yanvar günündə, şəhid məzarlarının ziyarət edilməsi məqamında radikalların dırnaqarası faəliyyəti yenilik deyil. İnsanların toplaşmasından, izdihamından vəcdə gələn AXCP sədrinin bundan istifadə etmək, ən çirkin oyunlarını işə salmaq üçün canfəşanlıq etdiyi də göz qabağındadır. Özü də dəfələrlə ictimaiyyət bunun şahidi olub. Şahidi olub ki, hansı məqsəd, hansı amal üçün toplaşmasından asılı olmayaraq Əli Kərimili insan izdihamını görəndə başını əməlli başlı itirir və öz məqsədləri naminə bu izdihamdan yararlanmağa cəhd edir. Cəhd etməyinə edir, amma dərk etmir ki, bu izdihamın onunla, onun fəaliyyəti, məqsədləri, niyyətləri, onun yolu ilə heç bir əlaqəsi yoxdur. Ə.Kərimlinin belə mənasız cəhdlərinin avantüra olduğunun indi fərqində olmayan yoxdur, amma AXCP sədri özü bunun ya fərqində deyil, ya da özünü bilməməzliyə vurub. Hər iki halda radikalların qabaqda gedəninin kimliyi bəlli olur və onun bir hiyləgər, eyni zamanda avantürist olduğuna zərrə qədər şübhə yeri qalmır.

Əli Kərimlinin xalq adından çıxış etmək, xalqa müraciət etmək, hətta çağırış etmək üçün zərrə qədər mənəvi haqqı belə ola bilməz

Maraqlıdır, Əli Kərimli kimdir ki, xalqı 20 yanvar günü şəhidlər xiyabanına çağırsın? Bu səlahiyyəti ona xalq verib, yoxsa belə bir imtiyaza malikdir? Mitinq zamanı ictimaiyyət bunun tamamilə əksini müşahidə etdi və doqquz milyonluq əhalinin idman kompleksinə heç bir faizinin belə toplaşmaması təsdiq etdi ki, Əli Kərimli belə bir iddiada da ola bilməz. Yəni, AXCP sədrinin xalq adından çıxış etmək, xalqa müraciət etmək, hətta çağırış etmək üçün zərrə qədər mənəvi haqqı belə yoxdur. Əgər onun belə bir haqqı da yox, azca imkanı olsaydı əldən-ayaqdan getdiyi mitinqə arzuladığı sayda iştirakçı toplayardı.
Digər tərəfdən, əgər Əli Kərimli 20 yanvar günü yalnız müşahidə edə bildiyi izdihamın onun çağırışı ilə əlaqəsini iddia etmək istəyirsə yenə də yanılır. Bu adamın çağırışı ilə belə bir izdihamın hələ bu vaxta qədər şahidi olan olmayıb. Amma az qala otuz ildir mitinq düşkününə çevrilən, ildə bir neçə dəfə mitinq adı ilə rüsvayçı aksiya keçirən Ə.Kərimli bu vaxta qədər bunu yalnız yuxusunda görə bilib. Bu isə onu deməyə əsas verir ki, belə bir uğursuz müxalifətçinin xalq adından danışması, xalqa çağırış etməsi keçirdiyi uğursuz aksiyalar qədər gülünc səslənir.
Digər bir sual da yaranır, məgər AXCP sədri və onun çağırışı olmasa xalq şəhidlər xiyabanına gəlməyəcəkdimi? Yaxud, xalqın şəhidlər xiyabanına gəlməsi üçün Əli Kərimlinin müraciəti, çağırışı lazım idi, ya onun çağırışı iləmi hər il xalq öz şəhidlərini anmaq üçün xiyabana gəlir? Şəhid balasını, şəhid qardaş və bacısını, ümumilikdə bu xalqın şəhid övladlarını anmaq üçün nə Kərimlilərin çağırışına, nə də digərlərinin göstərişinə ehtiyac yoxdur. Şəhidlik məqamı istər islam əxlaqına, istər Türk milli mənsubiyyətinin əqidəsinə, istərsə də Azərbaycan xalqının mental düşüncəsinə görə çox uca, daim hörmət və ehtiramla yad edilən və ediləcək bir məqamdır. Bu baxımdan AXCP sədri gec də olsa dərk etməlidir ki, Azərbaycan xalqının şəhidlər xiyabanına toplaşması, şəhidləri anması üçün onun, yaxud bir başqasının çağırışı yersizdir. Əgər radikalların “başbiləni” bu yersiz çağırışları etməyi özünə rəva bilirsə deməli, niyyəti bəllidir və bu xoş niyyət ola bilməz.

Şəhidlər AXCP, “Milli şura”, yaxud müxalifət uğrunda deyil, vətən uğrunda fəda olublar və onları özününküləşdirmək istəyən radikallar yanılırlar

Şəhidləri öz adına çıxan müxalifətçilərin buna nə dərəcədə haqqı çatır? Əvvəla, şəhidlər bu xalqın övladlarıdır və xalq tərəfindən hər biri hörmətlə, ehtiramla yad olunur. Bu faciədə həyatlarını itirənlər sıravi vətəndaşlar, xalq arasından çıxan könüllülərdir ki, onlar müxalifət uğrunda deyil, Azərbaycanın istiqlalı, azadlığı üçün canlarını fəda ediblər. Canlarını fəda edən insanlar bunu Əli Kərimli, yaxud AXCP, “Milli şura” üçün etməyiblər, onlar vətən uğrunda şəhid olublar. İndi kim Kərimlilərə ixtiyar verir ki, şəhidlərdən, onların anım günündən istifadə edib siyasi divident qazanmaq niyyətinə düşsünlər?
Əslində, 20 yanvar faciəsi çox uzaq bir keçmişə təsadüf etmir və tarixə ekskursiya etsək görərik ki, bu faciəni özününküləşdirmək, öz adına çıxmaq istəyənlər yenə də həyasızlıq nümayiş etdirirlər. Çünki, 20 yanvarın “Qanlı yanvar” kimi tarixə düşməsində, daha dəqiq desək, insanların etirazlarının həyatları bahasına başa gəlməsində onların özlərinin də buraxdıqları səhvlərin payı var. Əliyalın insanların silahlı Sovet ordusu ilə, tanklarla, zirehli döyüş texnikası ilə üz-üzə qoyulmasına bais olanlar heç olmasa bu gün susmalıdır və səhvlərini dərk edərək az da olsa bundan xəcalət çəkməlidirlər. Amma biz bunun əksini müşühidə edirik və buraxdıqları səhvlərdən nəticə çıxardıqlarının şahidi deyilik.
İnsanları küçələrə çıxmağa, Sovet ordusunun silahlıları ilə üz-üzə dayanmağa çağıranlar silahlarla təchiz ediləcəklərini də vəd edirdilər. Onların kömək, silah-sursatla təmin ediləcəyini söz verənlərin vədləri böş sözlər idi və bunun da acı nəticələri faciə kimi tarixə yazıldı. Kömək, sursat gözləyən və buna ümid edən günahsız, əliyalın insanlar boş vədlər səbəbindən həyatlarını itirdilər. Doğrudur, onlar şəhidlik zirvəsinə ucaldılar və bu vətən üçün canlarından keçərək uca məqam sahibi oldular. Amma indi ağız dolusu şəhidimiz deyə hay-küy qoparan radikallar ən azından etiraf etməlidirlər ki, bu qırğında onların da günahı az olmayıb.
Maraqlıdır, insanları küçələrə çıxmağa çağıranların biri də bu şəhidlər arasında yer almayıb. Doğrudur, şəhidlik zirvəsi elə bir məqam deyil ki, hər adama bəxş olunsun və görünür tanrı bu şərəfə onların heç birini layiq bilməyib. Amma ən azından belə bir sual ortaya çıxır ki, əcəba bu insanların niyə bircə dənəsi əliyalın insanlar arasında olmayıblar? Niyə bircəciyinin də burnu belə qanamayıb? Indi şəhidlərin anım günündə hansı üzlə çağırış edirlər, çox maraqlıdır. Tarixə 20 yanvar faciəsi kimi düşən bu günü alət kimi istifadə etmək istəyənlər, bünü özününküləşdirməyə üzü hardan tapırlar, bu daha maraqlı sualdır. Bu sualın cavabını bilsəydik yazardıq. Amma, bu suala özlərinin cavab verməsi daha doğru olardı. Hərçənd, şəhidlərin anım günündən istifadə etmək istəyənlərdən üz umulmaz.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə