"Sony Ericsson" yeni smartfonunu təqdim edib

"Sony Ericsson" yeni smartfonunu təqdim edib
Consumer Electronics Show sərgisində "Sony Ericsson" şirkəti Xperia Arc adlı ən yeni Android-smartfonunu təqdim edib. SİA-nın verdiyi xəbərə görə, şirkət texniki tərəqqi həvəskarlarının böyük marağına səbəb olan yeni qurğu ilə qabaqcıl smartfon bazarının müəyyən hissəsini əldə etməyi planlaşdırır. Telefonun əsas üstünlüyü onun multitouch texnologiyasını dəstəkləyən və 16,7 milyon rəng təsvir etmək imkanına malik sensor ekranındadır. Ekranın diaqonalı dörd düymdən yuxarı təsvir ölçüsü isə 854x480 piksel təşkil edir. Smartfonda "Sony Bravia" televizorlarının istehsalında tətbiq olunan xüsusi "Bravia engine" prosessoru təsvirin aydınlığını təmin edir.

Mərkəzi prosessora gəldikdə isə, burada bu işi bir qiqahers tezlikli "Qualcomm Snapdragon" çipi yerinə yetirir. Smartfon Android 2.3 Gingerbread əməliyyat sistemi ilə idarə olunur. 8 meqapikselli sensorlu kamera isə işıq diod işıqlanma texnologiyası və avtofokusla təchiz olunub.

Həmçinin telefon ultra-nazik korpusu ilə fərqlənir. Belə ki, onun minimal qalınlığı 8,7 millimetr, çəkisi isə 117 qram təşkil edir. "Sony Ericsson"-un yeni məhsulu cari ilin birinci rübündə satışa çıxarılacaq. Böyük Britaniyada smartfon 500 funta satılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə