"Azərbaycanın təcrid siyasəti Ermənistanı çıxılmaz duruma salıb" RƏY-ÖZƏL
“Azərbaycanın həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində Cənubi Qafqaz coğrafiyasının lider dövləti səviyyəsinə yüksələn ölkəmizin dünya dövlətləri üçün önəmi getdikcə artır. Artıq bir çox ölkələr Azərbaycanla hesablaşır, ölkəmizin mövqeyinə hörmətlə yanaşırlar”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Ölkəmizin beynəlxalq təşkilatlar qarşısında götürdüyü bütün öhdəliklərə yüksək səviyyədə əməl etdiyini dilə gətirən deputat söyləyib ki, Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla əlaqələrin dərinləşdirilməsi mühüm istiqamətlərdən birini təşkil edir: “Qonşu ölkələrlə münasibətlərin dərinləşməsi, regionda Azərbaycanın təşəbbüsü ilə reallaşan qlobal miqyaslı layihələr Azərbaycanın beynəlxalq siyasətdə yeri və mövqeyinin daha da güclənməsinə səbəb olub”. 
Azərbaycan-NATO əlaqələrinə toxunan M.İbrahimqızı vurğulayıb ki, ölkəmiz NATO-nun etibarlı tərəfdaşıdır: “NATO-nun ötən il keçirilən Zirvə görüşündə qəbul edilmiş yekun bəyannamədə də Azərbaycanın ərazi bütövlüyünə dəstək və hörmət əksini tapıb. Bununla yanaşı, müstəqil Azərbaycanın BMT-dən sonra dünyada ən böyük təşkilat olan Qoşulmama Hərəkatı ilə münasibətləri, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarla münasibətləri yüksələn xətlə inkişaf edir. Təbii ki, bütün bunlar Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir edir və Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət nəticəsində problemin həlli ilə bağlı əlverişli şərait yaradır”.
Deputat əlavə edib ki, münaqişənin həlli istiqamətində yaranan mühit Ermənistana konstruktiv mövqeyə gəlməkdən başqa yol qoymayıb: “Çünki, Azərbaycanın təcrid siyasəti nəticəsində vəziyyəti daha da ağırlaşan düşmən ölkə gələcək varlığını saxlamaq istəyirsə, o zaman Dağlıq Qarabağ münaqişəsinin həllində sülhə imza atmalıdır. Əks halda onu daha ağır günlər, hətta xəritədən silinmək taleyi gözləyə bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB