Armenianreport yazır: “Apreldə “məxməri inqilab”ın bir ili tamam olur, lakin Ermənistan xalqının əksər çoxluğunun həyatında hər-hansı bir nəzərəçarpacaq dəyişikliklər baş vermədi, halbuki, ötən il boyunca, Nikol Paşinyan səxavətli şəkildə sağa və sola çoxsaylı vədlər paylayırdı...”.
“Təəssüf ki, ölkənin real mənzərə 2019-cu ildə də, Paşinyanın seçkiqabağı vədlərindən kəskin şəkildə fərqlənir, hansı ki, o konkret nəticələrini möhkəmləndirə bilmədi”. SİA xəbər verir ki, bu barədə Ermənistanın armenianreport.am-ın siyasi təhlil böllməsindəki şərh yazıda qeyd olunub. Qeyd olunur ki, Nikol Paşinyan və parlamentdəki tərəfdarları fəal şəkildə deputatlıq səlahiyyətlərinə yiyələnərkən və öz aralarında parlament komissiyalarında vəzifələri bölərkən, xalqda yeni hakimiyyətlə bağlı narazılıqlar, daha doğrusu hakimiyyətin fəaliyyətsizliyinə qarşı etirazlar artmağa başlayıb. SİTAT: “Bu isə, başadüşüləndir – apreldə “məxməri inqilab”ın bir ili tamam olur, lakin Ermənistan xalqının əksər çoxluğunun həyatında hər-hansı bir nəzərəçarpacaq dəyişikliklər baş vermədi, halbuki, ötən il boyunca, Nikol Paşinyan səxavətli şəkildə sağa və sola çoxsaylı vədlər paylayırdı”.
“Yeni hakimiyyət sələflərinin səhvlərini təkrarlayır və öz uğursuzluqlarını KİV-lərin ayağına yazır”
Erməni saytı yazır: “Paşinyan tərəfindən ciddi olaraq qiymətləndirilə bilinməyən növbəti həyəcan zəngi baş nazirin birdən-birə, incik şəkildə ölkə xalqının guya onu doğru anlamamasını əks etdirən fikirləri ilə bağlıdır. Demə ki, o axşam saatlarında çox yorğun olur və vətəndaşlar onun tərəfindən deyilən sözləri düzgün anlamır. Daha yaxşı izah tapa bilməyən Paşinyan yerli KİV-lərin üzərinə sərt tənqidlə hücum etdi və mətbuatın çox hissəsinin keçmiş hakimiyyətin, o cümlədən müxalifətin əlində olduğunu bildirdi, hansı ki, Ermənistanda hər kəsə məlumdur ki, hakim ailə həmçinin, müəyyən media resurslarına sahibdir. Beləliklə, yeni hakimiyyət sələflərinin səhvlərini təkrarlayır və öz uğursuzluqlarını KİV-lərin ayağına yazır. Guya onlar yaxşıdırlar, xalq üçün çalışırlar, lakin pis KİV-lər onların bu fəaliyyətlərini qaralayırlar. Həqiqətə qalanda KİV-lərin mövcud hakimiyyəti qaralamaq üçün hər hansı bir məqsədyönlü kampaniya aparmasına ehtiyac da yoxdur, belə ki, praktiki olaraq iqtisadiyyatın bütün sahə və sferalarında bizlər ciddi problemləri müşahidə edirik və hakimiyyətin öz qollarını çırmalayaraq, gözübağlı şəkildə onları həll etmək marağında olmasını göstərən hətta kiçik bir işarə də yoxdur”
“Burada bir variant var – mühacirət”
Şərh yazıda bir sıra sübutlar gətirilir. Belə ki, postsovet Ermənistanı zamanından, eləcə də Koçaryan və Sarkisyan rejimləri tərəfindən qalan səfalət və işsizlik və s. məsələlərə toxunulur və bildirilir ki, Paşinyan hələ də bu problemləri həll edə bilməyib. Əksinə, o dövlət struktur və idarələrini anlaşılmayan qərarları ilə ləğv edərək, Ermənistanda işsizliyin sayını artırır, nəticədə minlərə insan işsiz qalır: “Aydındır ki, Ermənistanda dövlət qulluğu ştatları həddindən artıq şişmişdi, lakin bu o demək deyil ki, hər şeyi kökündən kəsib, insanları yaşamaq hüququndan məhrum edəsən. Bundan əlavə, 2019-cu ilə olan dövlət büdcəsində iş yerlərinin açılmasını məsələsi praktiki olaraq yoxdur. Belə olan vəziyyətdə insanlar hansı vəsaitlər hesabına yaşamalıdırlar? Onlar nə etməlidirlər? Burada bir variant var – mühacirət. Ancaq bu məsələ Paşinyanın xalqın ölkəni tərk etməsinin qarşısının alınması ilə bağlı verdiyi seçkiqabağı vədlərinə əks deyilmi?”
“Artıq, Paşinyanı ciddi qəbul etmirlər”
Sözügdən şərhdə Paşinyanın digər yalan vədləri ortaya qoyulub və onun ciddi insan kimi qəbul edilmədiyi bildirilib: “Paşinyanın həddindən artıq optimistilyinə baxmayaraq, ölkəyə xarici investisiyalar axmadı. Hətta Spyurkun imkanlı nümayəndələri Ermənistana pul yatırmaq marağı ilə alışıb-yanmırlar, çünki onu ciddi qəbul etmirlər”.
“Mən, hələ Ermənistan ordusundakı alt paltarları və əsgəri təchizatla bağlı utanc yaradan vəziyyətə susuram...”
Sözügedən siyasi təhlildəki əsas diqqət çəkən məqam Ermənistan ordusundakı ağır və böhranlı vəziyyətlə bağlıdır. Belə ki, şərhdə əsas olaraq, döyüşdən kənar əsgər və hərbçi ölümlərinə toxunulur. Qeyd olunur ki, orduda ümumiyyətlə heç nə yaxşılığa doğru dəyişilməyib: “Döyüşdən kənar şəraitdə əsgərlərimiz həlak olurlar. Baş prokurorluğun məlumatına görə, döyüşdən kənar şəraitdə 63 hərbçi ölüb, hadisələrin böyük əksəriyyəti intiharlar, bədbəxt hadisələr və yol qəzaları nəticəsində baş verib. Mən, hələ alt paltarları və əsgəri təchizatla bağlı utanc yaradan vəziyyətə susuram, hansı ki, Paşinyan dəfələrlə bu barədə danışıb. Guya naziri və baş qərargah rəisini dəyişiblər, lakin ordudakı problemlər öz yerində qalmaqdadır”.
“Biz ona ümid edirdik ki, Sarkisyanın devrilməsindən sonra Ermənistan Rusiyanın diktəsindən qurtulacaq”
Ermənistanın xarici siyasətində qarşılaşdığı uğursuzluqlar da sözügedən şərh yazıda bilavasitə Nikol Paşinyanın “vicdanına” yazılıb. SİTAT: “Xarici siyasət istiqamətində də hər hansı uğurlarla qürrələnmək mümkün deyil. Biz ona ümid edirdik ki, Sarkisyanın devrilməsindən sonra Ermənistan Rusiyanın diktəsindən qurtulacaq və var gücü ilə Avropa İttifaqına, NATO-ya doğru irəliləyəcək. Lakin təəssüf ki, bu baş vermədi. Bundan əlavə, parlamentin yeni seçilmiş sədri Ararat Mirzoyan hətta bəyan etdi ki, Ermənistanla Avropa İttifaqı arasındakı razılaşma çətin ki, 2019-cu ildə də ratifikasiya edilsin”.
Beləliklə, baş verən uğursuzluqların hər birində Nikol Paşinyanın imzasının olduğunu yazan müəllif ölkənin real mənzərəsini şərh edərkən, yeni hakimiyyətin köhnə hakimiyyətlərdən nəyi ilə fərqlənməsi sualı ilə yanaşı, onun cavabını da verir - təəssüf ki, Ermənistanın sıravi vətəndaşı üçün heç nəyi ilə...
“Ölkədəki problemlər həll olunmur, əksinə, qar yığını kimi artır”
Siyasi şərhin müəllifi sonda bir neçə məqama da toxunaraq, xalqın Paşinyan hakimiyyətinə qarşı gerçək münasibətinin mənzərəsini də açır və oxucularına müraciət edir. SİTAT: “Yeri gəlmişkən, sizlərdən çoxu, yəqin ki, son aylarda ölkədə hakimiyyətə, Paşinyana olan “ümumxalq dəstəyi” və “sıravi vətəndaş sevgisi” ifadələrinin kəskin şəkildə azaldığını müşahidə etmisiniz. Hətta onun xalq arasındakı qızğın tərəfdarları belə, bənzər şüarlardan imtina ediblər. Bu isə tamamilə anlaşılandır – ölkədəki problemlər həll olunmur, əksinə, qar yığını kimi artır. Nə qədər ki, hakimiyyət boş-boş sözlərini ictimaiyyətə sırımaqla məşğul olacaq, bir o qədər də əhalinin narazılığı artacaq və Paşinyan üçün də ünvanına yönələn tənqidlərdən qurtulmaq, uğursuzluqlarını KİV-lərin üstünə atmaq asan olmayacaq. Burada bir sıra atalar sözlərini də gətirmək olar. Lakin biz, onları yazmayacağıq. Ona görə ki, sonra bizi də Paşinyan hökumətinə qarşı “qara piar kampaniyası” aparmaqda ittiham edərlər”.
Beləliklə, Ermənistandakı real vəziyyət elə erməni mətbuatında, daha dəqiq desək, sözügedən təhlildə açıq-aydın görünməkdədir. Bütün bunların etirafı isə həm də belə deməyə əsas yaradır ki, yaxın zamanlarda, hətta Ermənistanda baş vermiş “məxməri inqilab”ın ildönümünə qədərki zamanlarda kəskin xalq etirazları baş qaldıra bilər və əgər KİV-lər Nikol Paşinyan hakimiyyətinə qarşı aşkar hücuma keçiblərsə, demək ki, bu proqnozlar özünü tam şəkildə doğrultmaq ehtimalını daha çox artırır.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB