Xarici İşlər Nazirliyi 2010-cu il üçün yekun hesabat verib

Xarici İşlər Nazirliyi 2010-cu il üçün yekun hesabat verib

"2010-cu il ərzində prezident İlham Əliyevin xarici dövlətlərə dövlət, rəsmi və işgüzar səfərləri, habelə xarici dövlətlərin başçılarının Azərbaycana rəsmi səfərləri, Azərbaycanın xarici ölkələrlə müxtəlif sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyalarının iclasları, o cümlədən digər səviyyələrdə rəsmi səfərlər mübadiləsi nəticəsində 50-yə yaxın dövlətlə 100-ə qədər ikitərəfli beynəlxalq sənədin razılaşdırılıb imzalanması və sonradan müvafiq qaydada hüquqi qüvvəyə minməsi təmin edilib".

SİA-nın məlumatına görə, bu barədə Azərbaycan XİN mətbuat xidmətinin hazırladığı 2010-cu il üçün yekun mətbuat buraxılışında deyilir. Sənəddə Azərbaycanın xarici ölkələr və beynəlxalq təşkilatlarla əlaqələri, keçirilən görüşlər və əldə olunan nailiyyətlərdən danışılır.

Qeyd olunur ki, Bakıda keçirilmiş III Xəzər Zirvə Görüşündə ilk dəfə olaraq Xəzəryanı dövlətlər arasında təhlükəsizlik sahəsində sənədin imzalanması, həm birgə bəyanatın, həm müqavilənin, həm də protokol qərarın qəbul edilməsi tədbirin yüksək əhəmiyyət və məhsuldarlığının göstəricisi olub.

Digər mühüm sənəd Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın dövlət və hökumət başçılarının Bakı Enerji Zirvə Görüşündə imzalanmış Bakı Bəyannaməsidir. Bəyannamə Azərbaycan təbii qazının nəqlinin diversifikasiyası məqsədini güdür.

İl ərzində dövlətin xarici siyasət kursunun vacib istiqamətlərindən birini də xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının və soydaşların hüquqlarının müdafiəsi, onlara göstərilən konsul xidmətinin səmərəliliyi və intensivliyinin artırılması, ümumilikdə isə bu istiqamətdə xarici dövlətlərlə diplomatik və konsulluq əlaqələrinin inkişafına təkan verilməsinə yönələn fəaliyyət təşkil edib.

2010-cu ildə Azərbaycan prezidenti İlham Əliyevin İsveçrə, Almaniya, Estoniya, Türkiyə, Rusiya, Ukrayna, Portuqaliya, ABŞ, Gürcüstan və Özbəkistana dövlət, rəsmi və işgüzar səfərləri, Bolqarıstan, Belarus, Serbiya, Sloveniya, Türkiyə, Rusiya, Rumıniya, Macarıstan, İordaniya və Mavritaniyanın ölkə və hökumət başçılarının Azərbaycana həyata keçirdikləri səfərlər, birgə hökumətlərarası komissiyaların və işçi qruplarının iclasları, XİN-lərarası siyasi məsləhətləşmələr ikitərəfli əməkdaşlığın dərinləşməsini təmin edib.

Azərbaycanın diplomatik nümayəndəliklərinin əhatə dairəsi də genişlənib. İl ərzində Xorvatiya, Estoniya, Serbiya, Liviya və Argentinada Azərbaycanın səfirlikləri, Rusiyanın Yekaterinburq və Gürcüstanın Batumi şəhərlərində baş konsulluqları, Almaniyanın Stutqart və ABŞ-ın Santa Fe şəhərlərində fəxri konsulluqları açılıb. Eyni zamanda cari il ərzində Azərbaycanda Avstriya, Niderland Krallığı, Fələstin və İndoneziyanın səfirlikləri, Gəncə şəhərində isə Türkiyənin baş konsulluğu fəaliyyətə başlayıb.

Bununla yanaşı, 2010-cu ildə Azərbaycan Respublikasının Cənubi Afrika Respublikası, İraq, Vyetnam və Braziliyada səfirliklərinin açılması barədə müvafiq qərarlar qəbul olunub.

İl ərzində Azərbaycan Respublikası ilə Svazilend Krallığı, Marşal Adaları Respublikası, Sent Lusiya, Fici Respublikası və Qrenada arasında bu ölkələrlə imzalanmış birgə kommünikelər əsasında diplomatik əlaqələr qurulub.

2011-ci ilin xarici siyasət oriyentirlərinin ilk sırasında Azərbaycanın ərazi bütövlüyü əsasında Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması məsələsində yüksək səfərbərlik, Xəzəryanı bölgədə mehriban qonşuluq əlaqələrinin saxlanılması və yüksək etimadın qurulması, yüksələn fəal əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi, zəngin karbohidrogen ehtiyatlarının ixracı və nəqlində ən sabit və etibarlı ölkə qismində Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi, sivilizasiyalararası dialoqa töhfə məqsədilə ölkənin unikal çoxmədəniyyətli xüsusiyyətləri və geosiyasi özəlliyindən səmərəli istifadə olunması məsələləri yer alır.

Bütün xəbərlər Facebook səhifəmizdə