AXCP sədrinin tələsinə kimlər düşə bilər?
“Milli Şura”nın növbəti dəfə keçirmək istədiyi aksiyası bir daha sübut edir ki, ümumiyyətlə, bu qurumun rəhbərliyi, xüsusilə AXCP sədri Əli Kərimli və onun dirijor çubuğu ilə idarə edilən Cəmil Həsənli “inqilab” adı altında şəxsi mənfəətlərini güdürlər. Daha dəqiq desək, bu məqsədlə, ətraflarında olan insanları mitinqlərinə cəlb etməklə, bəlli Qərb təşkilatları qarşısında üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirib, onların vəd etdikləri növbəti maliyyə vəsaitlərini əldə etməyə çalışırlar. Lakin bəlli olan daha bir məqam budur ki, bunlar öz məqsədlərinə çatmaları üçün özlərini deyil, məhz azsaylı elektoratlarını qurban verməyə hazırlaşırlar. Məsələ ondadır ki, BŞİH “Milli Şura”nın keçirmək istədiyi mitinqinə rəsmi icazəsini verib və bu amilin özü, ilk növbədə ölkədə demokratik mühitin aşkar göstəricisidir. Halbuki, “Milli Şura” yetkililəri sosial şəbəkələrə qapanaraq, hər gün guya ölkədə söz və ifadə azadlığının pozulduğunu iddia edir, bəlli anti-Azərbaycan xarakterli təşkilatlara yarınırlar.
Lakin məsələnin digər tərəfi həm də budur ki, onlar necə deyərlər, ucdantutma hər kəsi “siyasi məhbus” elan edir, hətta ən ağır cinayətlər törətmiş şəxsləri belə, maddi maraqlarına naminə “siyasi məhbuslar siyahısı” deyilən qondarma, əsassız və saxta donoslarına yapışdırırlar. Eləcə də, gah “aclıq aksiyası”, gah da digər “siyasi mübarizə” üsulundan şübhəli şəkildə istifadə edənlərin “mübariz müdafiəçilərinə” çevrilirlər. Halbuki, sağlam düşüncəli rəy belələrinin yalanlarına ümumiyyətlə, inanmır və “Milli Şura”nın mitinqlərinə dəstək vermirlər.
Video və fotoçəkilişlər də olacaq
Lakin təəssüf ki, elə insanlar da var ki, onlar öz işlərini-güclərini ataraq, ƏliKərimli-Cəmil Həsənli cütlüyünün siyasi oyunbazlıqlarının qurbanlarına çevrilirlər. Məsələn, bugünlərdə bəlli olub ki, adıçəkilən qurumun mitinqinə qatılacaq şəxslər nəzarət altında olacaqlar. Daha dəqiq desək, aksiyanın keçiriləcəyi ərazidə nəzarət kameraları quraşdırılıb. O cümlədən, video və fotoçəkilişlər də həyata keçiriləcək ki, bu həm təhlükəsizliyin təmin olunmasına hesablanmış addımdır, həm də çəkiliş materialları aksiyada iştirak edənlərin dəqiq kimlikləri barədə məlumatlara əlavə ediləcək.
Əslində, bu addımdan Ə.Kərimlinin də xəbəri var və buna baxmayaraq, o hər zaman olduğu kimi bu dəfə də insanları öz maraqlarına qurban verməyə hazırlaşır. Yəni AXCP sədrini və ətrafını “Milli Şura”nın mitinqinə gələcək insanların sayı maraqlandırır, taleləri yox. Çünki insanlar Ə.Kərimlinin yağlı vədlərinə inanaraq və öz işlərini-güclərini ataraq, “Milli Şura”nın siyasi şousuna tamaşa etməyə gedərkən, onlar digər tərəfdən öz işlərini itirmək təhlükəsi ilə qarşı-qarşıya qala bilərlər. Yəni ən aparıcı Avropa dövlətlərində belə, işini atıb, iş saatını fərdi maraqlarına qurban verirlərsə, istər-istəməz cəzalandırılırlar, işdən uzaqlaşdırılırlar və s. Görünür, Ə.Kərimlini belə məsələlər ümumiyyətlə maraqlandırmır və onun üçün kimlərinsə öz çörəyini itirməsi qətiyyən maraqlı deyil. Belə ki, hazırkı dövrə qədər AXCP sədrinin badına onlarla insan qurban gedib, işlərini, təhsillərini, gələcəklərini itiriblər.
“Milli Şura”nın düşmənçilik maraqlarının əksinə olaraq, Azərbaycanda inkişaf, tərəqqi, islahatlar inqilabı baş verir
Lakin bu məsələnin daha bir tərəfi də ondan ibarətdir ki, guya “inqilab” edəcəklərini zorla ictimai rəyə sırımağa cəhdlər göstərən AXCP-“Milli Şura” cütlüyü hələ də anlamır ki, Azərbaycanda onların düşmənçilik maraqlarının əksinə olaraq, inkişaf, tərəqqi, islahatlar inqilabı baş verir və bütün bunlar dövlət rəhbərliyi tərəfindən uğurla reallaşdırılır. Bu gün Azərbaycan dövləti istər siyasi, istər iqtisadi, istər sosial, istərsə də digər sahələrdə yaxın gələcəyə hesablanmış elə nəhəng layihələr həyata keçirir ki, bu addımlar dünyanın ən aparıcı dövlətlərində belə atılmır. Dünyanın bir sıra dövlətləri islahatlara hazır olmadıqlarını açıq-aşkar etiraf etsələr də, Azərbaycan dövləti və rəhbərliyi yürütdüyü möhtəşəm siyasəti ilə qısa zamanda mühüm islahatlarını gerçəkləşdirib və bunu əsaslı şəkildə həyata keçirib, eləcə də keçirməkdədir. Həmçinin, bu gün təhsilində uğurlara imza atan tələblər, işlərində layiqincə çalışan həkimlər, müəllimlər, habelə digər peşə fəaliyyətləri ilə məşğul olan insanlar anlayırlar ki, “Milli Şura” kimi lüzumsuz və əhəmiyyətli siyasi qurumların yalanlarına inanmaqdansa, dövlətin inkişafına töhfə vermək daha dəqiq, düzgün qərardır.
Beləliklə, fakt budur ki, “Milli Şura”nın mitinqlərindən şəxsi mənfəətlərini güdən Ə.Kərimli, C.Həsənli, G.Hacıbəyli və başqaları növbəti dəfə həmin mənfəətlərinə sadə, siyasi bilgiləri olmayan insanları qurban verməyə, onları tələyə salmağa çalışırlar. Fəqət, unudurlar ki, bir gün buna görə də cavab verməli olacaqlar. Özü də, ilk olaraq, maddi və s. iştahalarına qurban verdikləri şəxslərin, onların ailələri qarşısında!
Rövşən NURƏDDİNOĞLU
P.S. Yeri gəlmişkən, hələ bir müddət öncə, daha dəqiq desək, bir neçə il qabaq AXCP sədri Əli Kərimli, onun tələsinə düşərək, ali təhsilləri yarımçıq qalmış, həbsə düşmüş və həyatları zəhərlənmiş gənclərin ailələrini aşkar saxtakarlıqla ziyarət edərək, onlara 100 AZN pul verib və onlarla fotolar çəkdirərək, sosial şəbəkələrdə yaymışdı. Amma sonradan bəlli olduğu kimi, Kərimlinin “ziyarəti” ənənəvi xarakter almamışdı. Məlum olmuşdu ki, o, növbəti qrantlarını bank maxinasiyası vasitəsi ilə əldə etdikdən sonra sadəcə, gözdən pərdə asmışdı. İndi sual oluna bilər ki, bəs ay Ə.Kərimli, nəyə görə sən o ailələri bir daha ziyarət etmədin, elə beş-altısına gedib, hərəsinə 100 manat pul verib, beləliklə də aradan çıxdın. Əcəba, “Milli Şura”nın budəfəki izləmə kameralı, çəkilişli mitinqindən sonra yenədəmi bənzər üsulla baş aldadıb, aradan çıxacaqsan?
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB