“Ermənistanda baş vermiş siyasi hakimiyyət dəyişikliyi səbəbindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda bir fasilə yaranmışdı. Yaranmış durğunluğun bir səbəbi də Paşinyanın separatçı rejimi danışıqlar masasında oturtmaq cəhdi idi. O hələ seçki kampaniyası ərəfəsində separatçı rejim adından danışıqlarda iştirak etməyəcəyini demişdi. Paşinyan separatçıları tərəf kimi tanımağımızı tələb edirdi. Bundan ötrü bir sıra siyasi fəaliyyətləri də oldu”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Politoloqun sözlərinə görə, Rusiya, ABŞ və Avropanın bir sıra ölkələrində separatçı rejimin səfirlik statusunda fəaliyyət göstərən qondarma nümayəndəlikləri ilə əlaqələr yaradan Paşinyan rejimin tanınması üçün hərəkətə keçsə də Azərbaycan XİN-nin düzgün siyasəti bu məkrli planı önləyə bildi: “Mən Ermənistanın bu niyyəti barədə Armen Sarkisyanın prezident seçilməsindən dərhal sonra öz mülahizələrimi bildirmişdim. Paşinyan isə sadəcə olaraq başlanan bir işi davam etdirməyə çalışırdı. Azərbaycanın davamlı olaraq yürütdüyü təcrid və təzyiq siyasəti Paşinyanı bu niyyətindən əl çəkməyə vadar etdi. Nəhayət bu gün iki ölkə XİN nümayəndələri səviyyəsində görüş keçirilir. Bu görüşdə əsas məsələ prezidentlərin görüşünün təşkili və görüş zamanı problemin həllinə açar olacaq hər hansı bir protokolun hazırlanması lahiyəsi, sənədi müzakirə predmeti ola bilər.
Uzun illər aparılmış ardıcıl Qarabağ siyasətimiz bu il öz bəhrəsini verə bilər. Bundan ötrü Ermənistan bir an belə şübhə etməməlidir ki, Azərbaycan ərazi bütövlüyü prinsipindən imtina etməyəcək. Hər hansı zəiflik və ya ümidverici davranış uzun illər qazandığımız nailiyyətimizə kölgə sala bilər. Danışıqlar zamanı əldə olunan hər hansı razılaşmalara baxmayaraq işğal altında torpaqlarımız azad olunmağa başlamayana qədər heç bir sahədə güzəşt olunmamalıdır. İlk öncə addımı qarşı tərəf atır və biz də müəyyən güzəştlər edirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB