Rəşad Məcid: “2010-cu ili mətbuatın həyatında ən yadda qalan il kimi qeyd etmək olar” - AÇIQLAMA

Rəşad Məcid: “2010-cu ili mətbuatın həyatında ən yadda qalan il kimi qeyd etmək olar” - AÇIQLAMA
"2010-cu ildə mətbuat üçün ən mühüm hadisə onun 135 illiyinin geniş şəkildə qeyd edilməsi olub. Bilirsiniz ki, ötən il bununla bağlı bir sıra tədbirlər keçirildi, prezident İlham Əliyev tərəfindən mətbuatın 135 illiyi ilə əlaqədəar bir sıra sərəncamlar imzalandı". Bu sözləri SİA-ya "525-ci qəzetin" baş redaktoru Rəşad Məcid açıqlamasında deyib.

O bildirib ki, ölkə başçısının jurnalistlərin mənzil məişət məsələləri ilə bağlı vəsaitin ayrılması ilə əlaqədar imzalanan sərəncam KİV işçiləri arasında böyük rəğbətlə qarşılanıb. Onun sözlərinə görə, 2010-cu ili mətbuatın həyatında ən yadda qalan il kimi qeyd etmək olar və təsadüfi deyil ki, ilin sonunda "Ruh" Jurnalistlər Birliyinin keçirdiyi sorğu əsasında prezident İlham Əliyevə "Jurnalistlərin dostu" mükafatı təqdim olunub.

"Arzu edərdim ki, ölkədə jurnalistikaya bəslənən bu cür münasibətlər davamlı olsun. Ötən il verilən sərəncamlar və mətbuatın inkişafına dair görülən işlər onu deməyə əsas verir ki, bu il də mətbuatın problemlərinin həlli istiqamətində addımlar atılacaq. Artıq ilin əvvəli olmasına baxmayaraq Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu tərəfindən KİV-lər arasında müsabiqə elan edilib, müqavilələr bağlanıb.

Güman edirəm ki, ötən il olduğu kimi bu il də həm jurnalistlər arasında keçirilən müsabiqələr, həm KİV-lər arasında keçirilən müsabiqələr həmdə ki, mətbuata edilən birdəfəlik və digər yardımlar davamlı olacaq.

Çünki hazırda qəzetlərin iqtisadi vəziyyəti çətin olduğundan onların inkişaf etməsi üçün maddi baza stimulu yoxdur. Ölkədə reklam çox məhduddur. Amma buna baxmayaraq qəzetlərin bu vəziyyətdən çıxarılması üçün görülən işlər hesab edirəm ki, normaldır və ümid edirəm ki, 2011-ci ildə mətbuat daha da inkişaf edəcək",- deyə R. Məcid qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə