Şöbə müdiri: “Ötən il dəm qazından zəhərlənmələr sayı digər illərlə müqayisədə 20 % çoxalıb”

Şöbə müdiri: “Ötən il dəm qazından zəhərlənmələr sayı digər illərlə müqayisədə 20 % çoxalıb”
Bu il havalar çox soyuq keçmədiyindən dəm qazından zəhərlənmə ilə bağlı müraciətlərin sayı elə də çox deyil. Bu barədə SİA-ya açıqlamasında qışın ən aktual problemlərindən biri olan dəm qazından zəhərlənmələrə münasibət bildirən Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib. O bildirib ki, həm jurnalistlər tərəfindən məsələnin aktuallığını qoruyub saxlaması, həm də yerlərdə bu istiqamətdə görülən ciddi işlər nəticəsində müraciətlər sayı azdır. Şöbə müdirinin sözlərinə görə, ötən il isə dəm qazından zəhərlənmələr digər illərlə müqayisədə 20 % çoxalıb.

"Bu ilin yanvar ayının nəticələrinə nəzər saldıqda isə görərik ki, müraciətlərin sayı ötən illə müqayisədə 3 dəfə azalıb. Yəni ötən ilin yanvar ayında dəm qazından zəhərlənmələrlə bağlı müraciətlər 3 dəfə artıq idi. Qeyd edim ki, bu il həm havalar çox soyuq keçmir, həm də Fövqəladə Hallar Nazirliyi tərəfdən işlər yerində həll olunur. Bütün bunların nəticəsidir ki, qazdan zəhərlənmə hadisəsi və müraciətlərin azdır", - deyə o əlavə edib.

Daha sonra həkim dəm qazından zəhərlənmə zamanı ilkin tibbi yardımın nədən ibarət olduğuna da münasibət bildirib. O vurğulayıb ki,d əm qazı boğulmaları əsasən qapalı mühitlərdə, o cümlədən vanna otağında baş verir. Dəm qazı 5-10 yaşlı uşaqlara və 60-65 yaşlı insanlara daha çox təsir edir. Əgər kimsə dəm qazından zəhərlənibsə, dərhal həmin şəxsi o mühitdən uzaqlaşdırmaq lazımdır: "Həmin şəxs, ilk növbədə, təmiz havaya çıxarılmalı və üzərinə qalın bir şey örtülməlidir. Əgər nəfəs ala bilirsə, huşu üstündədirsə, ona şirin, yaxud da limonlu çay verilməlidir. Yox, əgər huşu özündə deyilsə və nəfəs ala bilmirsə süni tənəffüs verilməli və başını sağa-sola çevirib, ağız boşluğundakı seliyi təmizləmək lazımdır. Dəm qazı zəhərlənmələrində xəstə nə qədər tez xəstəxanaya çatdırılarsa, onun həyatının xilas edilməsi ehtimalı da o qədər yüksək olar".

Bütün xəbərlər Facebook səhifəmizdə