Lənkəranda “Etik jurnalistika prinsiplərinin inkişafı” mövzusunda seminar keçirilir

Lənkəranda “Etik jurnalistika prinsiplərinin inkişafı” mövzusunda seminar keçirilir

Lənkəranda Avropa Komissiyasının Azərbaycan Nümayəndəliyinin dəstəyi ilə cənub bölgəsində fəaliyyət göstərən jurnalistlər üçün "Etik jurnalistika prinsiplərinin inkişafı" mövzusunda seminar təşkil edilib.

SİA-nın cənub bürosunun məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyasının "Söz azadlığı və Jurnalist Peşəkarlığı Koalisiyası" ilə birgə həyata keçirdiyi "Etik jurnalistika təşəbbüsü-Azərbaycan" layihəsi çərçivəsində keçirilən təlim seminarı Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini, layihənin koordinatoru Müşviq Ələsgərli açıb.

Bildirib ki, bu kimi seminarların təşkilində əsas məqsəd jurnalistləri beynəlxalq sahədə mövcud olan etik jurnalistika prinsipləri ilə tanış etmək və bu sahədə onların biliklərini artırmaqdır.

Seminarın ilk günündə Beynəlxalq Jurnalistlər Federasiyasının Böyük Britaniyadan olan ekspertləri Arjumand Vajid və Maykl Tukson seminar iştirakçılarına beynəlxalq təcrübəyə əsaslanan jurnalistikanın etik prinsipləri haqqında məlumat veriblər.

Məşğələlər zamanı müxtəlif praktik tapşırıqlar yerinə yetirilib. Günün sonunda Müşviq Ələsgərli Mətbuat Şurası və ATƏT-in birgə hazırladığı və yeni qəbul olunmuş Etik Məcəllə barədə ətraflı danışıb, media sahəsində məsuliyyətlilik və Mətbuat Şurası haqqında geniş məlumat verib.

Qeyd edək ki, 3 gün davam edəcək seminarın sonunda jurnalistlərə sertifikatlar təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə