Elşad Mirbəşiroğlu: “2011-ci il Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dönüş ili olacaq” - MÜSAHİBƏ

Elşad Mirbəşiroğlu: “2011-ci il Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dönüş ili olacaq” - MÜSAHİBƏ

Politoloq Elşad Mirbəşiroğlunun SİA-ya müsahibəsi

 

- Yeni ildən ötən ilə nəzərə salsaq 2010-cu il Azərbaycanın bir ölkə kimi inkişafına nə verdi?


- Hər il olduğu kimi 2010-cu ildə Azərbaycan üçün uğurlu bir il oldu. Azərbaycanda hərtərəfli, davamlı inkişaf müşahidə olunmaqdadır. Bu baxımdanda müəyyənləşdirilən uğurlu inkişaf strategiyası hər il öz bəhrəsini daha çox verməkdədir. Lakin 2010-cu ilin uğurları daha çox olub desək yanılmarıq. Ona görə ki ötən il ölkəmizin həm iqtisadi, həm də siyasi cəhətdən uğurları daha çox olub. Ötən il iqtisadiyyatımızın müxtəlif sahələrində önəmli irəliləyişlər əldə edilib, mühüm işlər görülüb. Azərbaycan iqtisadi əməkdaşlıq sahəsində məhz 2010-cu ildə daha etibarlı bir tərəfdaş kimi qəbul edilib, tanınıb.


- Bəs beynəlxalq aləmdə?


- Ötən ili ölkəmizin beynəlxalq aləmdəki uğurları da az olmadı. 2010-cu ildə Azərbaycan dünya siyasi arenasında kifayət qədər siyasi çəkiyə, nüfuza malik olan subyekt kimi, bir dövlət olaraq qəbul olundu. Dünya ictimaiyyəti bir daha Azərbaycanı kifayət qədər gücə malik olan, ciddi, təsir etmək imkanını özündə cəmləşdirən ölkə kimi tanındı. Belə ki, Avropanın, Amerikanın maraq dairəsində olan bir çox layihələr var ki onların gerçəkləşdirilməsi bir mənalı olaraq Azərbaycandan asılıdır. Əlbəttə ki, bu ölkəmiz üçün müsbət bir haldır. Bütün əldə olunan uğurlar Azərbaycana əlavə siyasi dividentlər gətirir. 2010-cu ildə atılan bir çox strateji addımlar 2011-ci ildə ölkəmizin davamlı inkişafını təmin etməyi şərtləndirəcək. Azərbaycanın atdığı əhəmiyyətli addımlar onu deməyə əsas verir ki, ölkəmiz 2011-ci ilə uğurla qədəm qoyur. Çünki bu qədəmlərin bünövrəsi kifayət qədər əsaslanıdırlan, düşünülən və uzaq gələcəyə hesablanan strategiya ilə bağlıdır.


- Əldə olunan uğurlarla yanaşı ötən il əldə olunmayanlar oldumu?


- Təəssüf ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində Ermənistanın destruktiv mövqe göstərməsi, bəzən süni şəkildə münaqişənin tənzimlənməsi prosesini ləngitməsi səbəbindən arzuladığımız nəticəyə gələ bilmədik. Amma onu qeyd edim ki, 2010-cu ildə Azərbaycan Respublikası, prezident İlham Əliyev bu istiqamətdə bir çox uğurlu, önəmli addımlar atıb. Məsələn Rusiya prezidenti Dmitri Medvedyevin təşəbbüsü ilə Həştərxanda keçirilən görüş zamanı Azərbaycanla Ermənistan arasında əsir olanların qaytarılması haqda imzalan razılaşma mühüm addımlardan biri idi. Bundan əlavə, münaqişənin həlli istiqamətində bir sıra görüşlər keçirilib və Azərbaycan 2010-cu il də beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq münaqişənin tənzimlənməsinin məhz dinc yolu dəstəklədiyini sübut edə bildi. Ölkəmiz həmçinin Ermənistanın iş rejimi və onun beynəlxalq hüquq normalarına hansı səviyyədə hörmətsiz yanaşmasını açıq dünya ictimaiyyətinə göstərə bildi. 2010-cu ildə Azərbaycan tərəfi nail oldu ki, ATƏT-in Minsk qrupunun fakt araşdırıcı missiyası işğal olunan ərazilərdə monitorinq aparsın. Hesab edirəm ki, ötən il dünya ictimaiyyəti, beynəlxalq aləm Azərbaycanın sülhsevər dinc inkişaf yolunu tutan bir dövlət kimi tanındı.

- Necə düşünürsünüz, 2011-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində düşmən ölkənin mövqeyində hansısa dəyişiklik gözlənilirmi?


- Ümumiyyətlə, hesab edirəm ki, zaman Azərbaycanın xeyrinə işləyir. Bu məsələyə hansı istiqamətdə baxsaq hər şeyin ölkəmiin xeyrinə olduğunu görərik. Düzdür arzu olunandır ki, ərazi bütövlüyümüz tez bir zamanda təmin olunsun, münaqişə ədalətli həllini tapsın. Amma təəsüf olsun ki, biz bu gün bunu müşahidə etmirik. Hər şeydən öncə ölkəmizin iqtisadi, hərbi potensialı inkişaf etdiyi halda, düşmən ölkə ilbəil potensialını itirir. Onsuz da onun potensialı yox səviyyəsində idi. Artıq Ermənistan marianet bir ölkəyə çevrilməkdədir. Əlbəttə ki, belə bir şəraitdə Ermənistan torpaqlarımızı uzun zaman işğal altında saxlaya bilməyəcək. Qeyd etdiyim kimi Azərbaycan beynəlxalq ictimaiyyət üçün önəmli olan çox ciddi layihələrin iştirakçısı olduğuna görə bizim tələb etmək imkanlarımız daha böyükdür. Bu baxımdanda hesab edirəm ki, 2011-ci il Dağlıq Qarabağ münaqişəsini həlli istiqamətində dönüş ili olacaq. Çünki proses sonsuzluğu kimi davam edə bilməz. Ötən il Azərbaycan qəti şəkldə dünya ictimaiyyətinin diqqətinə çatdıra bildi ki, əgər siz Ermənistana hər hansı bir vasitə ilə münaqişənin dinc yolla həll olunmasına nail ola bilmirsizsə Azərbaycanın potensialı var ki, öz torpaqlarını hərbi yolla işğal altından azad etsin. ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Rusiya ilə ABŞ bu məsələyə xüsusi həssaslıqla yanaşdılar və bundan narahat olduqlarını açıq şəkildə bəyan etdilər. Onlar bildirdilər ki, münaqişə dinc vasitələrlə həll olunmalıdır. Əgər münaqişənin dinc yolla həllinə nail olmaq istəyirlərsə onlar bunu şərtləndirməlidirlər. Əks halda onların özləri və Ermənistan Azərbaycan üçün heç bir çıxış yolu qoymur. Bu baxımdan hesab edirəm ki, bu il məsələyə nöqtə qoyulmalıdır. Ermənistana təsir etmək imkanına malik olan ölkələr ya onu yola gətirəcək, ya da Azərbaycan hərbi güc tətbiq etməklə torpaqlarını azad edəcək. Azərbaycan tam hüquqa malik olacaq ki, öz torpaqlarını işğaldan azad etsin.

- Yeni ildə ölkəmizin siyasi ictimai həyatında hansı uğurları gözləyirsiniz?

- Ümumiyyətlə, yeni ildən bizim gözləntilərimiz çoxdur. Ən əsas gözləntimiz ölkəmizin yeganə problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində önəmli addımların şahidi olmaqdır. O ki qaldı, sosial, təhsil, iqtisadi və digər sahələrə hər il olduğu kimi yeni ildə də bu sahələrin daha da inkişaf etməsini gözləyirik. Azərbaycanın uğurlu inkişaf strategiyasının bünövrəsi o qədər möhkəm qoyulub ki, bu büövrə ölkəmizin daha da yüksək inkişafını təminat verir, zəmanət yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə