Mariya Zaxarova ermənipərəstdir

Rusiya vətəndaşlarını deyil, erməniləri müdafiəyə qalxan kəsə yalnız ermənipərəst adı verilə bilər

Erməni əslillilərin Azərbaycana buraxılmaması barədə Mariya Zaxarovanın dedikləri və Azırbaycan haqqında ifadələri çox absurd səslənir. Bu vaxta qədər, yəni az qala əsrin üçdə biri müddətində işğal edilmiş ölkəni məhz işğalçının ziyarət etməsinə mane olunması nə Zaxarova, nə də digər birini narazı sala bilməz. İşğalçı ermənilərin Dağlıq Qarabağda on minlərlə insanı qətlə yetirdikləri, bir milyon insanı yurd-yuvasından didərgin saldıqları, Xocalı kimi insanlıq dramı törətdikləri, hələ də zəbt etdikləri torpaqları qaytarmamaq niyyətində olduqları halda erməni əsillinin Azərbaycana buraxılmamasında qeyri-adi nə var ki, Zaxarova belə pafoslu çıxışlarla diqqət cəlb etmək istəyir?
Mariya Zaxarova ermənilərin törətdikləri vandallıq, terror hadisələri və qətllər, soyqrımlar barədə məlumatsız deyil ki, erməni əsillilərin nədən buraxılmamasını belə tərddüdlə qarşılaya. O çox gözəl bilir ki, işğalçı ermənilərdə türk milli mənsubiyyətinə qarşı antipatiya var və əsrtlər boyu bu özünü biruzə verib. Ötən əsrin əvvəllərində bu işğalçıların törətdiklərinin izləri itməmiş, hələ yaddaşlardan silinməmiş bir də əsrin sonunda yenidən həmin vəhşiliklərə, terrora, soyqırımlara imza atmalarını da Zaxarova çox yaxşı bilir. Çox yaxşı bilir ki, bu iki soyqırım, əsrin əvvəllərində və sonunda olan soyqırımlar arasında azərbaycanlılar ermənilərə hansı münasibət bəsləyiblər. Yəni, baxmayaraq ki, əsrin əvvəllərində ermənilər azərbaycanlılara qarşı böyük vəhşiliklər etmişdilər, saysız-hesabsız insanları, özü də vəhşicəsinə qətlə yetirmişdilər, bundan sonra onlar Azərbaycanda rahat yaşamağa da davam edirdilər, hələ ən yaxşı, ən məhsuldar ərazilərdə də məskunlaşmaqda idilər.

Rusların harada daha rahat və harada daha asudə yaşadığı faktı Mariya Zaxarovanın mövqeyinin tamamilə yanlış olduğunu təsdiq edir

Zaxarova ermənipərəst mövqeyini gizlətmək üçün rus vətəndaşlarının Azərbaycana buraxılmamasına diqqət çəkir. Bir növ, Rusiya vətəndaşlarının Azərbaycana buraxılmamasını qabartmaq niyyətindədir və bununla da erməni sevgisini gizlədəcəyini zənn edir. Zənn edir ki, beləliklə özünün ədalətsiz yanaşmasını ört-basdır edə biləcək. Onu niyə ruslar deyil, erməni əsilli Rusiya vətəndaşları maraqlandırır? Yaxud, erməni əsilli Rusiya vətəndaşlarının hüquqları üçün əldən-ayaqdan gedən bu xanım niyə eyni milli mənsubiyyətə malik olan ruslar barədə düşünmür? Rusların harada daha rahat və harada daha asudə yaşadığı faktı Mariyanın mövqeyinin tamamilə yanlış olduğunu təsdiq edir.
Ermənistanda yaşayan ruslar yalnız saxlanılan və sağılan inəklərin südünün satılması, bundan əldə edilən gəlirə ümidlərini bağlayıblar və bu gəlir onların yaşaması üçün, ancaq çörəklə təminatına yetir. Onların əksəriyyəti etiraf edirlər ki, sağdıqları südü şəhərə aparıb satırlar və bunun müqabilində çörək və çaya olan tələbatlarını ödəyə bilirlər. Etiraf edirlər ki, yaşayış şəraitləri çox acınacaqlıdır və buna dözmək məcburiyyətindədirlər. Çünki, işsizlik problemindən əziyyət çəkirlər və yeganə məşğuliyyətləri şəxsi təsərrüfatlarında çalışmaqdır. Statistik göstəricilərə görə Sovetlər İttifaqı dövründə Ermənistanda rusların yaşadığı 22 kənd var idi, amma indi yalnız biri qalıb. Baxmayaraq ki, bu işğalçı ölkədə yaşayan ruslar əməksevərdirlər, durmadan çalışırlar, amma qazandıqlarının yalnız çörək puluna yetməsi ilə kifayətlənməkdən başqa çarələri qalmayıb.
Ermənistanda yaşayan ruslar etiraf edirlər ki, onlardan kimlər ölkəni tərk edib Rusiyaya gediblərsə geri qayıtmayıblar və belə bir niyyətləri də yoxdur. Bunu da onunla izah edirlər ki, Rusiyada yaşamaq daha rahat və münasibdir, nəinki Ermənistanda. Hətta komunal xərcləri, işıq və qaz sərfiyyatına görə ödənişləri etməkdə çətinlik çəkdiklərini bildirirlər. Daha doğrusu, bu ödənişləri etmək iqtidarında olmadıqları da göz qabağındadır və Ermənistanda ermənilərin belə səfalət içərisində yaşadığı halda rusların bundan daha üstün yaşayacaqlarına özlərinin ümidləri belə qalmayıb.
Ermənistanda ruslar yaşayan yeganə kəndin sakinləri ermənilərin bu kəndi dağıtmaq, yerində qızıl mədəni qurmaq niyyətində olduqlarını deyirlər. Hətta bildirirlər ki, bu barədə Moskvaya da müraciət ediblər və sözsüz ki, ermənilər Rusiya kimi fövqəl dövlətin təpkisindən qorxduqları üçün bu kənd hələ də rusların yaşayış məntəqəsi kimi qalır. Əks halda millətpərəst ermənilər ya qızıl mədənini, ya hansısa bir səbəbi bəhanə edərək çoxdan rusları həmin o yeganə kənddən də uzaqlaşdırardılar. Əslində, həmin kənddə yaşayan ruslar əmindirlər ki, yaxın zamanda bir bəhanə tapıb ermənilər onları bu kənddən uzaqlaşdıracaqlar. Ona görə əmindirlər ki, artıq mədən bəhanəsi ilə kəndin bütün su mənbələrini toplayıb həmin mədən üçün rezervuara yığırlar və kənd sakinləri faktik olaraq susuz qoyularaq ərazini tərk etmək məcburiyyətində qoyulur.
Ermənistandakı şəraitin tamamilə əksi olaraq, Azərbaycanın isə bir çox rayonlarında, bölgələrində rusların məskunlaşdığı və azərbaycanlılarla birgə yaşadığı çoxlu sayda kənlər var ki, bu kəndlərdə yaşayanlar rus dilində danışırlar. Onların yaşayış şəraiti çox yüksək səviyyədədir. Həmin kəndlərin sakinləri kənd təsərrüfatının müxtəlif sahələrində, müəssisə və təşkilatlarda çalışır, sosial təminatları da yetərincədir. Məsələn, İsmayıllı rayonunun İvanovka kəndi rus dilində danışan malokanların məskunlaşdığı ərazidir və onlar yaşayış şəraitindən çox razıdırlar.
Malokanlar inanclı insanlardır və öz həqiqi inanclarına görə hələ 19-cu əsrdən Qafqaza qovulublar. Azərbaycanda məskunlaşan bu insanlar hazırda məkan seçimində yanılmadıqları qənaətindədirlər. Əslində, onların yaşayış şəraiti belə bir qənaətə gəlməyə əsas verir. Çünki, özləri də etiraf edirlər ki, Azərbaycanda yaşamaq onlar üçün çox xoşdur.
Təkcə İsmayıllıda deyil, bir sıra rayonlarda da, məsələn, Gədəbəydə də ruslar məskunlaşıb. Gədəbəyin Novosaratovka kəndində rusların Azərbaycan dilində və yerli dialektlə danışmaları diqqəti cəlb etməyə bilməz. Əslində bu ondan xəbər verir ki, ruslar yerli azərbaycanlılarla nəzərəçarpacaq dərəcədə qaynayıb-qarışıblar və onlar artıq doğmalaşıblar. Həmin kəndin sakinlərinə toylarda, el şənliklərində, bir-birinin xeyir-şər məclislərində ayrıseçkilik qoyulmur və kənd onların birgəyaşayış məskəninə çevrilib. Əbəs yerə deyil ki, indi rusların mətbəxini Azərbaycan xörəkləri bəzəyir və onlar bundan çox razıdırlar. Yerli sakinlər bu kənddə 200 ildən çox müddətdə mehribancasına yaşadıqlarını bildirirlər.

Rusiya vətəndaşlarının müdafiəsinə qalxan Zaxarova niyə bu vaxta qədər azərbaycanlı əsirlərə görə Ermənistanı hədəfə almayıb?

Azərbaycanın tolerant ölkə olduğu bütün dünya ictimaiyyətinə bəllidir və milli, etnik mənsubiyyətindən, dinindən, dilindən, adət-ənənəsindən asılı olmayaraq insanların ölkəmizdə necə yaxşı yaşadığı heç kim üçün sirr deyil. Zənn edək ki, Mariya Zaxarova rusların və digər millətlərin nümayəndələrinin hansı ölkədə, Ermənistanda, yoxsa Azərbaycanda daha yaxşı, daha rahat və asudə yaşadıqlarından xəbərsizdir. Ondan da xəbərsizdirmi ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistanda illərdir girov saxlanılır və ermənilər tərəfindən işgəncələrə məruzdurlar? Bu girovlar arasında üçüncü bir şəxsin də olduğu, onun işgəncələrə dözməyib vəfat etdiyi barədə də xəbərsizdirmi?
Azərbaycan tərəfi əgər erməni əsilli rus vətəndaşlarını ölkəyə buraxmayıblarsa, Ermənistan tərəfi rus vətəndaşı olan azərbaycanlıları illərdir ki, girov saxlayır və min bir işgəncə verirlər. Əgər Zaxarova Rusiya vətəndaşlarının müdafiəsinə qalxmaq qərarına gəlmişdisə, niyə bu vaxta qədər azərbaycanlı əsirlərə görə Ermənistanı hədəfə almamışdı? Yoxsa, bir ölkəyə buraxılmayan Rusiya vətəndaşları, digər ölkədə girov saxlanılıb işgəncələr verilən Rusiya vətəndaşlarından daha çox narahat edə bilər onu? Əgər belədirsə, deməli, Mariya Zaxarova Azərbaycanı hədəf seçməklə özü də təsdiq edir ki, o Rusiya vətəndaşlarının deyil, ermənilərin mənafelərini müdafiə edir və şəksiz-şübhəsiz ermənipərəsdir. Daha dəqiq desək, o əsl ermənipərəstdir və bilməlidir ki, Rusiya vətəndaşlarını deyil, erməniləri müdafiəyə qalxan kəsə yalnız ermənipərəs adı verilə bilər.
Mariya Zaxarova ermənipərəstlər arasında nə birincidir, nə də sonuncu və Azərbaycan dövləti belə erməni sevgili insanlarla çox rastlaşıb. Ölkəmiz tolerant ölkə olduğu halda, müxtəlif millətlərin nümayəndələri birgə yaşadığı təqdirdə belə ermənipərəstlərin mövqeyi heç bir əhəmiyyət kəsb edə bilməz. Rusiya tərəfi də yaxşı bilir ki, Ermənistanda rus dili sıxışdırıldığı halda, Azərbaycanda rus dili geniş miqyasda əhatə dairəsinə malikdir. Bu isə o deməkdir ki, Zaxarovanın timsalında heç bir ermənipərəst ölkələr arasında münasibətlərə öz bəyanatları ilə xələl gətirə bilməz və Rusiya bir dövlət olaraq Azərbaycanla sağlam münasibətlərə davam etməkdədir və bu münasibətlərin gələcək perspektivləri günün reallığıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə