“Ermənistan təcrid olunmuş ölkəyə çevrilib” Qrant Məlik-Şahnazaryan
Ermənistanda yeni parlament fəaliyyətə başlayar-başlamaz, artıq ölkənin bir sıra aparıcı polotoloq və siyasi ekspertləri ciddi uğursuzluqlardan və gözlənilən təhlükələrdən danışmağa, etiraflar etməyə başlayıblar.
“Real çəkiyə malik ciddi qüvvələr parlamentə düşə bilməyiblər”. SİA xəbər verir ki, sözügedən fikirləri tert.am-a erməni politoloqu Qrant Məlik-Şahnazaryan yeni parlamentin tərkibi ətrafında mülahizələrini bölüşərkən deyib. Onun sözlərinə görə, əsaslı məsələlərdə parlament kifayət qədər eyni düşüncəlilərdən ibarətdir və onlardan biri özünü müxalifətçi kimi göstərməyə cəhd göstərir, lakin bu, siyasi hesablaşmalar zamanı problemə çevriləcək.
“Real müxalifətdən danışmaq olmaz”
“Parlamentin bütün gücləri bir-biri ilə əməkdaşlıq edənlərdirlər və belə olan halda real müxalifətdən ümumiyyətlə, danışmaq olmaz”, deyə bildirən erməni politoloqu hesab edir ki, əgər proses zamanı ciddi fikir ayrılıqları yaranarsa, onda bu, başqa məsələ olacaq: “Lakin müxalifət ideoloji deyil, proqramlaşdırılmış müxalifət olacaq, belə ki, ideoloji cəhətdən onlar bir-birlərinə çox bənzəyirlər”.
Qrant Məlik-Şahnzazaryan parlament diplomatiyasının xarici siyasət məsələsinə də toxunaraq deyib ki, bunun üçün hələ ki, araşdırma aparmaq və kimlərin bu işlə məşğul olacağını bilmək lazımdır. Lakin buna rəğmən, o böyük kadr potensialını görmədiyini də bildirib.
“İnqilab nəticəsində biz, strateji partnyorlarımızla və müttəfiqlərimizlə münasibətlərimizi pozduq”
Ümumilikdə mövcud hakimiyyətin xarici siyasətini qiymətləndirərkən, politoloq deyib: “Ermənistan, təcrid olunmuş ölkəyə çevrilib. İnqilab nəticəsində biz, strateji partnyorlarımızla və müttəfiqlərimizlə münasibətlərimizi pozduq, ümumilikdə Avropa İttifaqı ilə münasibətdə heç bir ciddi inkişaf yoxdur, yəqin ki, Avropa ölkələrinin parlamentlərində də bu məsələ dayanıb, Ermənistan isə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, ABŞ-la da heç bir münasibət yoxdur”.
“Hər kəs anlamağa çalışır ki, ölkə hansı istiqamətdə gedəcək”
Ermənistanın daxili və xarici siyasi böhranla üzləşdiyini deyən Qrant Məlik-Şahnazaryan onu da bildirib ki, burada fiasko təhlükəsindən deyil, reabilitasiya mümkünlüyündən danışmaq lazımdır. “Əgər biz yenə də həmin yanaşmaları rəhbər tutacağıqsa, biz heç reabilitasiya da oluna bilinməyəcəyik”, deyən erməni politoloqunun sözlərinə görə, xarici sferada hamıda gözləmə situasiyası yaranıb, hər kəs anlamağa çalışır ki, ölkə hansı istiqamətdə gedəcək.
Görünən isə budur ki, artıq Ermənistan hakimiyyəti istər daxili, istərsə də xarici siyasətində qeyri-müəyyən qalmaqla yanaşı, həm də üzə çıxarmağa ehtiyat etdiyi qorxu içərisindədir. Artıq bu qorxu hissləri nə qədər gizlədilsə belə, yenə də özünü büruzə verir. Məhz erməni politoloqunun fikirləri də belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB