Dağlıq Qarabağa planlaşdırılan turist səfərlərinin qarşısı alınıb

Dağlıq Qarabağa planlaşdırılan turist səfərlərinin qarşısı alınıb

Böyük Britaniyanın Regent Holidays turizm şirkəti tərəfindən cari ilin avqust ayında Dağlıq Qarabağa planlaşdırılan turist səfərlərinin qarşısı Səfirliyin həyata keçirdiyi önləyici tədbirlər nəticəsində alınıb.

Azərbaycanın Böyük Britaniyadakı Səfirliyindən SİA-ya verilən xəbərə görə, qeyd olunan şirkət tərəfindən Cənubi Qafqazın üç dövləti ilə yanaşı, qondarma "Dağlıq Qarabağ Respublikası"na da ilk dəfə olaraq turist səfərlərinin təşkil ediləcəyi ilə bağlı məlumat əldə edildikdən sonra Səfirlik Regent Holidays şirkəti ilə əlaqə yaratmış və nəzərdə tutulan səfərlərin Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin pozulması kimi qəbul ediləcəyini vurğulayıb.

Bununla yanaşı, beynəlxalq ictimaiyyətin, xüsusilə də Böyük Britaniyanın münaqişəyə dair mövqeyi və ölkəmizin ərazi bütövlüyünü birmənalı olaraq dəstəklədiyi bildirilmiş, Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağa icazəsiz istənilən səfərin qəbuledilməz olduğu və həmin şəxslərin gələcəkdə Azərbaycana səfər etmək imkanından məhrum olacağı vurğulanıb.

Görülmüş işlər nəticəsində şirkətin rəhbərliyi nəzərdə tutulan turist səfərlərinin ləğv edildiyini və şirkətin internet səhifəsində yerləşdirilmiş müvafiq elanların səhifədən çıxarılacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə