Mübariz Əhmədoğlu: “2010-cu il tanınmış erməni terror təşkilatı “Asala”nın Ermənistana toplaşdığı il olub“
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzi (SİTM) 2010-cu ilin dekabr ayında, eyni zamanda bütün il ərzində regionda və dünyada baş verən hadisələrlə bağlı hesabatını açıqlayıb. SİA-nın məlumatına görə, mərkəzin sədri Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son prosesləri də şərh edib.
2010-cu ildə Ermənistanın kifayət qədər zərbələrə məruz qaldığını deyən siyasi ekspert bildirib ki, Cənubi Qafqaz daha bir il ABŞ-sız yaşayıb. ABŞ-ın regionda olmamasına baxmayaraq, regionda marağı olan Rusiya və İranın konstruktivlik nümayiş etdirmədiyini söyləyən M.Əhmədoğlu son bir il ərzində Qərb-Rusiya münasibətlərinin yaxşılaşdığını qeyd edib. SİTM rəhbərinin fikrincə, Rusiya-Qərb yaxınlaşması bütün dünya, eyni zamanda Cənubi Qafqaz və onun timsalında Azərbaycan üçün vacibdir.
Ermənistanda 2010-cu il ərzində baş verən hadisələrin əksəriyyətinin neqativ olduğunu söyləyən M.Əhmədoğlu qeyd edib ki, bu hadisələrin çoxu da Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi ilə bağlı olub. Keçən il tanınmış erməni terror təşkilatı "Asala"nın Ermənistana toplaşdığını bildirən SİTM rəhbəri hesab edir ki, təşkilat Ermənistanda möhkəmləndikcə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində rəsmi İrəvanın konstruktivlik ehtimalları aşağı düşür: "Asala" gücləndiyi halda, mümkündür ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana gedə bilməsin. Ermənistan "Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə tənzimlənməlidir" ifadəsini "Dağlıq Qarabağ münaqişəsi tənzimlənməməlidir" ifadəsi ilə eyniləşdirib".
SİTM rəhbəri bildirib ki, dekabr ayı ərzində Ermənistanın siyasətində prioritet istiqamətlər "erməni soyqırımı"nın tanınmasının yeni konseptual baxış fonunda aktivliyi, Avropa İttifaqı ilə münasibətlərdə intensivlik və yeni keyfiyyət mərhələlərin qarşıya qoyulması, mahiyyəti qarabağlaşma olan kadr siyasəti və Dağlıq Qarabağ məsələsində Ermənistanın özünü psixoloji cəhətdən üstün hesab etməsi olub. M.Əhmədoğlu qeyd edib ki, müharibə ehtimalını yerli və xarici ekspertlər yüksək qiymətləndirirlər. 2010-cu ilin Şimali Qafqaz regionundakı xalqların oyanış ili olduğunu deyən siyasi ekspert bu oyanışda erməni separatizminin də mühüm rol oynadığını vurğulayıb: "İnquşu necə başa salasan ki, Dağlıq Qarabağlı 100 min erməni müstəqil dövlət istədiyi halda, ona olmaz. Bu eyni zamanda abxazlara, həmçinin osetinlərə aiddir. Rusiya da öz maraqları baxımından Şimali Qafqazda apardığı siyasəti Cənubi Qafqazda aparmalıdır".
İranla bağlı baş verən proseslərə də toxunan M.Əhmədoğlu bildirib ki, İran problemi həll olunma mərhələsinə qədəm qoyub: "İranın nüvə məsələsi İran probleminin tərkib hissəsidir. Qərb çalışır ki, İranın beynəlxalq ictimaiyyət üçün yaratdığı bütün problemlər aradan qaldırılsın. İran çox əcaib siyasət aparır. Bir əli ilə Əfqanıstanın yüksək vəzifəli şəxslərin maaşları üçün 1,5 milyon dollar xərclədiyi halda, digər əli ilə Əfqanıstana İrandan gedən yükləri blokadaya alır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB