Xose Manuel Barozzonu Bakıya “Nabucco” sevdası gətirir

Xose Manuel Barozzonu Bakıya “Nabucco” sevdası gətirir

Avropa Komissiyasının (AK) prezidenti Xose Manuel Barozzo "Nabucco"nun reallaşması üçün gələn həftə Azərbaycan və Türkmənistana səfər edəcək. SİA-nın xəbərinə görə, jurnalistlərə açıqlama verən AK prezidenti layihənin həyata keçirilməsi istiqamətində aparılan işlərin uğurla davam edəcəyini bildirib: "Mən ümidvaram ki, "Nabucco"da tərəqqi əldə olunacaq. Mən inanıram ki, bu uğurlu tarixin başlanğıcı olacaq. Əlbəttə, bizim əsas məqsədimiz dəqiq və anlaşılan bir formada "Cənub dəhlizi" istiqamətində əldə ediləcək razılaşmadır".

 

Dəyəri 7,9 mlrd avro olan "Nabucco" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. "Nabucco" qaz kəmərinin tikintisi iki əsas mərhələdə həyata keçiriləcək. Birinci mərhələyə (2011-ci il) Türkiyə sərhədindən başlayaraq, Avstriyanın Baumqarten şəhərində başa çatan 2 min kilometr uzunluğunda boru kəmərinin çəkilişi daxildir. İkinci mərhələyə (2014-2015-ci illər) boru kəmərinin Türkiyə və Yunanıstan, eləcə də Türkiyə ilə İran arasında yerdə qalan hissəsinin tikintisi daxildir.

 

"Nabucco" qaz kəmərinin uzunluğu 2 730 kilometr olan birinci hissəsinin tikintisi Ankaranın (Türkiyə) cənub hissəsindən başlanacaq və qərb istiqamətində Mərkəzi Anadolu və Mərmərə dənizindən keçərək, Bolqarıstan sərhədinədək uzanacaq. Bu marşrutun 75 faizi mövcud boru kəmərləri vasitəsilə çəkiləcək.

 

Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin "Botaş" və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə