"2018-ci ildə dövlət xidmətlərinin keyfiyyəti daha da yüksəldi" RƏY-ÖZƏL

"2018-ci ildə dövlət xidmətlərinin keyfiyyəti daha da yüksəldi" RƏY-ÖZƏL

"2018-ci ildə davam etdirilən yeni nəsil iqtisadi islahatların əhatə dairəsinə bank-maliyyə sektorunun sağlamlaşdırılması, büdcəyə vergi daxilolmaları bazasının genişləndirilməsi, gömrük idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, bütün sahələrdə şəffaflığın təmin edilməsi kimi mühüm istiqamətlər daxil oldu. Ötən il Respublikamızda reallaşdırılan iqtisadi məzmunlu islahatların böyük qismi özəl sektorun imkanlarının daha da genişləndirilməsinə hesablandı". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Mirzəcan Xəlilov deyib.

O bildirib ki, ötən ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sahibkarlığa dəstək məqsədilə biznes mühitinin bütün sahələri, xüsusilə biznesə başlama, tikinti üçün icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, vergilərin ödənilməsi, əmlakın qeydiyyatı, xarici ticarətin aparılması üzrə əhəmiyyətli irəliləyiş baş verdi.

Sahibkarlara dəstək mexanizminin getdikcə təkmilləşdirildiyini deyən deputat vurğulayıb ki, güzəştli kreditlərdən daha səmərəli istifadə məqsədilə 2018-ci ildə reallaşdırılan tədbirlər nəticəsində vətəndaşların və sahibkarların məmnunluğunun artırılması, bu sahədə şəffaflığın təmin olunması ilə yanaşı, müxtəlif sektorlar üzrə inzibati prosedurların sayının və xərclərin minimuma endirilməsi, dövlət xidmətlərinin göstərilməsində keyfiyyətin daha da yüksəlməsinə nail olunub: “Ümumiyyətlə, Azərbaycanın inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri ölkədə genişməzmunlu islahatların həyata keçirilməsi ilə bağlıdır. Ölkəmizdə prioritet sahələrin üstün inkişafının təmin edilməsinə hesablanan islahatlar həyata keçirilərkən qlobal miqyasda meydana çıxan yeni çağırışlar nəzərə alınır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə