Gülər Əhmədova: “Beynəlxalq aləmdə baş verən bir çox proseslər Dağlıq Qarabağ məsələsi ətrafında birləşir” - MÜSAHİBƏ
- 2010-cu il Azərbaycanın ictimai-siyasi həyatı hansı hadisələrlə əlamətdar oldu?
- Əlbəttə ki, 2010-cu ildə Azərbaycanın bir çox problemləri oldu. Azərbaycanda olan müəyyən, təbii ki, sapı özümüzdən olan qüvvələr Azərbaycanda demokratik proseslərin ləng getməsi, jurnalistlər təqib olunması iddiaları ilə çıxış etdilər. Dağlıq Qarabağ məsələsindən istifadə etmək istəyən beynəlxalq qüvvələr var, bunun açıq şəkildə demək lazımdır. Azərbaycanın məhz Qarabağ məsələsində geri addım atmasını məcbur etmək istəyirlər. Çalışırlar ki, Azərbaycanın həm daxili, həm də xarici siyasətində müəyyən çatlar əmələ gətirsinlər. Dünyanın bir çox ölkələrində təbii fəlakətlər baş verdi, insanlar evindən-eşiyindən oldu. Heç bir ölkədə Azərbaycandakı kimi hadisələrə operativ reaksiya verilmədi. Azərbaycanın müstəqil dövlət kimi yaşı 20-ni keçməyib, amma yaşı yüzlərlə olan Avropa ölkələri təbii fəlakətlərin qarşısında acız qalıb. Azərbaycanda aparılan quruculuq işləri 2010-cu ildə də davam etdirilib. Bu baxımdan Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd edilməlidir. Fondun fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmır, xarici ölkələrdə də kimsəziz, valideyn himayəsindən kənarda qalan uşaqların lazımı təhsil alması üçün əlindən gələnini edir. Bu gün Azərbaycanın qazandığı ən mühüm faktor insan faktorudur. Bu gün Azərbaycanda gələcəyimizlə bağlı böyük yatırımlar edilib. Hesab edirəm ki, 2010-cu il iqtisadi, həm siyasi, həm də mədəni baxımdan Azərbaycan uğurlar əldə edib. Ötən ildə keçirilən parlament seçkiləri də Azərbaycanın demokratiya yolunda növbəti uğuru kimi dəyərləndirilə bilər. Əlbəttə ki, bir çox sosial problemlərin də həllinə ehtiyac var. Millət vəkili olaraq tərəfdarı olmuşam ki, təqaüdlər, müəllimlərin, həkimlərin maaşları artırılsın. Bir-birimizin uğurlarına sevinməsək, uğur əldə edə bilmərik. Yaxşı iş görən insanları həvəsləndirməliyik, onların yanında olmalıyıq.
- Beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqeyi necə dəyərləndirirsiniz?
- Dağlıq Qarabağ münaqişəsi əvvəlki illərdə olduğu kimi 2010-cu ildə də bir nömrəli problemimiz olaraq qaldı. Danışıqlar prosesində vasitəçilik edən ATƏT-in Minsk qrupunun fəaliyyəti hələ ki, nəticəsiz qalır. ATƏT-in, o cümlədən digər beynəlxalq təşkilatların Dağlıq Qarabağla bağlı ikili mövqeyi bizə məlumdur. Biz başa düşməliyik ki, işğal olunmuş torpaqlarımızı geri qaytarmaq üçün beynəlxalq təşkilatlara ümid bəsləməməliyik. Torpağımıza özümüz sahib çıxmalıyıq. Qonşuların, hansısa beynəlxalq təşkilatların nə vaxtsa rəhmə gəlib münaqişənin həlli üçün ədalətli qərar qəbul edəcəyini gözləmək sadəlöhvlükdür.
- Dövlət rəhbərliyinin göstərdiyi siyasi iradə və qətiyyət münaqişənin ədalətli həllinə ümidləri artırırmı?
- Münaqişənin həlli ilə bağlı Azərbaycanın, həmçinin danışıqlar prosesinə rəhbərlik edən cənab prezident, Ali Baş Komandan İlham Əliyevin konkret fikirləri, mövqeyi var. Bu mövqe isə ondan ibarətdir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir, Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradıla bilməz. Prezident İlham Əliyevin bu istiqamətdə atdığı addımları dəstəkləməyi özümə borc bilirəm, bunu bütün Azərbaycan vətəndaşları da özünə borc bilməlidir. Azərbaycan xalqının çox böyük xoşbəxtliyidir ki, prezident İlham Əliyev dünyanın böyük gücləri qarşısında geri çəkilməyərək, münaqişənin ədalətli həllinə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə səy göstərir. Biz hamımız bu işdə onun yanında olmalıyıq. Məsələyə ikili standartlardan yanaşan beynəlxalq qüvvələrin nə qədər duruş gətirməsi də bizim birliyimizdən, gücümüzdən asılıdır. Millət vəkillərimizə xarici ölkələrdə deyirlər ki, prezidentin mövqeyini yumşaltmaq üçün müəyyən addımlar atın. Cavabımız da bu olur ki, cənab prezident bu məsələdə heç vaxt güzəştə getməz, xalqın işərisində bu sözü deyəcək bir adam tapılmaz, çünki bizim üçün bu şərəf məsələsidir.
- Ötən il Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımları neçə dəyərləndirirsiniz?
- Beynəlxalq aləmdə baş verən bir çox proseslər bu məsələ ətrafında birləşir. Nə zaman ki, Dağlıq Qarabağ münaqişəsini həll edəcəyik, o zaman xarici diplomatiyamızın tam qələbəsi olacaq. 2010-cu ildə münaqişənin həlli istiqamətində ciddi irəliləyişə nail olduğunu demək olmaz. Danışıqlarda irəliləyişin olmaması fikrini prezident İlham Əliyev də söyləyib. Hara kimi getmək mümkün idisə, Azərbaycan ora kimi gəldi. Azərbaycan kifayət qədər konstruktivlik nümayiş etdirib. Təssüf ki, qarşı tərəfdən belə bir davranışı görmürük. Ermənistan ümid edirsə ki, Azərbaycan torpaqlarını güzəştə gedəcək, təbii ki, bu baş verməyəcək.
- 2011-ci illə bağlı gözləntiləriniz necədir?
- Proqnoz verməkdə çətinlik çəkirəm. Çünki, proseslərin gedişatı hər zaman dəyişə bilər. Sadəcə onu demək istəyirəm ki, xalq mübariz olmalıdır. Azərbaycan xalqı torpağı, şərəfi ilə bağlı bütün addımları göz önünə almalıdır. Arzu edirəm ki, Azərbaycanın hər bir qız və oğlanın əsas qayəsi ərazimizin toxunulmazlığı və dövlət müstəqilliyi ilə bağlı ideallar olsun. Geosiyasi mövqeyimiz odur ki, iki nüvə dövləti, İran və Rusiyanın qonşusuyuq. Hər bir vətəndaşımız içində bir qala yaratmalıdır. Kimlərəsə ümid olmaq lazım deyil, yalnız özümüzə güvənməliyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB