Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib. SİA-nın xəbərinə görə, təbrikdə deyilir: "Müqəddəs Milad bayramı münasibətilə sizi və Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, bu əziz gündə hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm".
İlham Əliyev Azərbaycanda ayrı-ayrı mədəniyyətlərin daşıyıcıları olan xalqlar və etnik azlıqların həmişə sülh və əmin-amanlıq içində yaşadığını, səmavi dinlərin əsrlər boyu qarşılıqlı hörmət və etimad şəraitində fəaliyyət göstərdiyini bildirib.
"Biz mütərəqqi milli-tarixi ənənələr üzərində bərqərar olmuş müasir cəmiyyətimizdə hökm sürən tolerantlığı, ictimai-siyasi sabitliyi, vətəndaş həmrəyliyini Azərbaycan dövlətçiliyinin misilsiz nailiyyəti kimi qiymətləndirir və haqlı olaraq bununla fəxr edirik. Ölkəmizdə etnik-mədəni müxtəlifliyin qorunub saxlanmasına və daha da inkişaf etdirilməsinə bundan sonra da daimi diqqət və qayğı göstəriləcəkdir.
İsa Peyğəmbərin mübarək mövludu ilə əlamətdar olan Milad bayramı özündə yeniliyi, əmin-amanlığı, mərhəmət və şəfqət duyğularını təcəssüm etdirir. Qoy bu nurlu bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə bərəkət, həyatınıza firavanlıq gətirsin. Bayramınız mübarək olsun!" - təbrikdə bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB