2018-ci il Ermənistanda demokratiyanın saxtalaşdırılması ilidir TƏHLİL

2018-ci il Ermənistanda demokratiyanın saxtalaşdırılması ilidir TƏHLİL

Ötən ilin demokratiya qələbəsi kimi qələmə verilməsi növbəti erməni saxtakarlığıdır

Erməni mətbuatı 2018-ci ili xarakterizə edərkən əsasən ötən il baş verən narıncı inqlabı qabartmağa, Nikol Paşinyanın rəhbərliyi ilə reallaşdırılan dövlət çevrilişini demokratiyanın qələbəsi kimi sırımağa cəhd edir. Təbii ki, heç bir siyasi, iqtisadi, sosial və digər sferalarda irəliləyiş, nailiyyət əldə edə bilməyən, hətta irəliləyiş iqtidarında belə olmayan və səfalət içərisində olan ölkənin küçə nümayişləri sayəsində baş verən çevrilişi demokratiya kimi qələmə verib, bunu nailiyyət kimi sırımaqdan başqa çarəsi olmadığı göz qabağındadır.
İşğalçı ölkəyə məxsus 1in.am saytında “ilin ən vacib nailiyyəti insanların öz gücünə inanmaları və bu inamı itirə bilməyəcəkləridir“ başlıqlı informasiyada siyasi analitik Edqar Vardanyan, 2018-ci ilin yekunlarını guya xarakterizə edərkən belə bir fikir səsləndirib ki, guya ötən il ermənilər üçün tarixə düşəcək dəyərli il hesab olunur və artıq ermənilər öz güclərinə inanırlar. Siyasi analitik ötən ilin Ermənistanın və erməni xalqının tarixinə qızıl hərflərlə yazıldığını da bildirməkdən çəkinmir. Sanki, Ermənistanın yeni hakimiyyəti işğalçı dövləti bir göz qırpımında çox qüdrətli ölkəyə çevirib və indi bu ölkənin tayı-bərabəri dünya üzündə yoxdur. Hətta erməni mediası iddia edir ki, Ermənistanda baş verən hadisələr beynəlxalq siyasətə də ciddi təsir göstərəcək.

Əvvəlki avtoritar, kriminal-oliqarx rejiminə son qoyulduqdan sonra heç bir demokratik dövlət qurulmayıb və anarxiya hökm sürür

Edqar Vardanyan öz müsahibəsində The Economist nəşrinə də istinad etməyə cəhd edir. Guya ki, həmin nəşr Ermənistanı ilin ölkəsi olduğunu etiraf edib. Siyasi analitik bir çox təşkilatların bu inqlabdan bəhrələndiklərini də iddia etməkdən çəkinmir. Müsahibin sözlərinə görə, sən demə Ermənistanda baş verən çevriliş bütün dünya üçün inqlab nümunəsi hesab olunurmuş və hətta bütün dünya tarixində belə bir inqlabın misli-bərabəri də olmayıbmış.

Onun sözlərinə görə, insanlar real demokratik dəyişikliklər istəyirlərmiş və buna nail oldublar da. Hətta işğalçı dövlətin vətəndaşlarının öz iradələrini diktə etdiyini ifadə edən Edqar Vardanyan bildirir ki, insanlar əvvəlki avtoritar, kriminal-oliqarx rejiminə də son qoyublar və guya indi çox demokratik bir rejim hökm sürür.
Əslində isə, əvvəlki avtoritar, kriminal-oliqarx rejiminə son qoyulduqdan sonra heç bir demokratik dövlət qurulmayıb və anarxiya hökm sürür. Maraqlıdır, Paşinyan dərhal hakimiyyəti ələ keçirdikdən sonra ondan əvvəlki hakimiyyətə avtoritar, kriminal-oliqarx rejim damğasını vuran yeni hakimiyyət və onun tabeçiliyində olan Kütləvi İnformasiya Vasitələri bununla, bu şişirtmələrlə hansı niyyət güdürlər və nəyə ümid bəsləyirlər?

Hadisələrin gedişi Ermənistanda demokratiyanın olmadığını təsdiq edir

Diqqəti cəlb edən məqamlardan ən vacibi isə budur ki, erməni mətbuatı əvvəlki hakimiyyəti niyə indi avtoritar və kriminal-oliqarx rejim adlandırır. Əgər erməni cəmiyyəti belə demokratik cəmiyyət idisə, belə bir rejimin hakimiyyətə gəlişinə niyə razılıq verirdi? Özü də ötən ilin əvvəllərində və böyük səs çoxluğu ilə. Çox təzadlı bir məqam ortaya çıxır və bəlli olur ki, 2018-ci ilin əvvəlində Ermənistan əhalisi Serj Sarkisyanı və onun partiyasını böyük səs çoxluğu ilə seçir, cəmi bir-iki ay sonra da həmin hakimiyyəti bir küçə nümayişçisi ilə əvəzləyir. Nə qədər inandırmağa çalışsalar da hadisələr heç də inandırıcı görünmür və bir-iki ayın içərisində ictimaiyyətin fikrinin dəyişməsi çox absurs səslənir.

Daha maraqlı məqam isə bir neçə aydan sonra üzə çıxır və bəlli olur ki, ötən ilin əvvəlində böyük səs çoxluğu ilə qələbə qazanan Sarkisyan və onun partiyası həmin ilin sonunda ən minimum 5 faiz səs belə toplaya bilmir. İndi Ermənistana məxsus media erməni demokratiyasından utanmadan dəm vurduğu halda bir sual bütün dünya ictimaiyyətini düşündürür ki, il ərzində xalqın fikrinin iki dəfə dəyişməsi necə ola bilir? İlin əvvəlində əvvəlcə Serji seçən ermənilər bir neçə aydan sonra onu taxtdan salıb əvəzinə küçə nümayişçisini gətirirsə, seçki zamanı 5 faizdən də az səs vermirsə, bu demokratiyadırmı? Yaxud, erməni demokratiyası budurmu?
Ermənilər ya əvvəlki seçkinin qeyri-qanuni olduğunu, ya da Paşinyanın dövlət çevrilişini, son seçkilərin saxtalaşdırılmasını etiraf etməlidirlər. Amma istənilən halda hadisələrin gedişi Ermənistanda demokratiyanın olmadığını təsdiq edir və sübut edir ki, ötən il Ermənistanda demokratiyanın saxtalaşdırılması ilidir. Təsdiq edir ki, ötən ilin demokratiya qələbəsi kimi qələmə verilməsi növbəti erməni saxtakarlığıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə