Elman Nəsirli: "2010-cu ildə Bakının ən mühüm problemlərindən biri öz həllini tapdı" - MÜNASİBƏT

Elman Nəsirli: "2010-cu ildə Bakının ən mühüm problemlərindən biri öz həllini tapdı" - MÜNASİBƏT
"2008-2009-cu illərin dünya maliyyə böhranına nəzər salsaq heç şübhəsiz ki, ötən il həm dünya ölkələri, həm də Azərbaycan üçün səmərəli olub". Bu sözləri politoloq Elman Nəsirli SİA-ya açıqlamasında deyib. Politoloq bildirib ki, Azərbaycan dövləti 2010-cu ildə qarşısına qoyduğu bütün iqtisadi layihələri uğurla həyata keçirib. Prezident İlham Əliyevin hakimiyyətdə olduğu son 7 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 3 dəfə, dövlət xərcləri 12 dəfə, Azərbaycan valyuta ehtiyatları 18 dəfə artıb.

Azərbaycanın hərbi büdcəsinin xeyli dərəcədə artdığını deyən E.Nəsirli 2011-ci il üçün bu büdcə artımının 3 milyard 150 milyon təşkil etdiyini dilə gətirib: "Bu göstərici Ermənistanın bütün dövlət büdcəsindən artıqdır. Bunlar hamısı 2010-cu ildə əldə olunana nailiyyətlərdir. Ötən il əldə olunan nailiyyətlər arasına iqtisadi uğurlar da daxildir. Keçən ilin ən yadda qalan hadisələrindən biri Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi oldu ki, onun da ideya müəllifi ümummilli lider Heydər Əliyev idi. Onun bünövrəsi 2007-ci ildə prezident İlham Əliyev tərəfindən qoyulub. 262 km-lik bu kəmər artıq Bakı əhalisini təmiz su ilə təchiz edəcək. Nəzərə alsaq ki, Bakının ən mühüm problemlərindən biri bu idi. Bu da öz həllini tapdı".

Ötən il müddətində ölkədə həyata keçirilən bütün iqtisadi yönümlü məsələlərin həll olunduğunu söyləyən politoloqun sözlərinə görə, yeganə həll olunmayan məsələ Dağlıq Qarabağ problemidir ki, həmin problemin həlli məhz Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe ucbatından mümkün olmadı: "Demək olar ki, bütün iqtisadi yönümlü məsələlərin hər biri öz həllini tapa bilib. Dövlət başçısı dəfələrlə qeyd edib ki, qarşımıza qoyduğumuz elə bir məsələ yoxdur ki, onu həll edə bilməyək. Yeganə həll oluna bilməyən məsələ ermən təcavüzü nəticəsində işğal olunan Dağlıq Qarabağ problemidir, çox təəssüf ki, o məsələnin həlli 2010-cu ildə də mümkün olmadı. 2010-cu ilin sonunda baş tutatan Astana görüşü də belə nəticəyə gəlməyə əsas verir ki, düşmən ölkə əvvəlki mövqeyindən geri çəkilmək niyyətində deyil. Bu nöqteyi-nəzərdən Azərbaycan mövcud olan reallığı dəyərləndirib 2011-ci ildə öz hərbi-iqtisadi potensialının gücləndirməyin qayğısına daha çox qalacaq. Nə qədər güclü olsaq, Ermənistanın ipə-sapa yatmaq ehtimalı daha da artacaq. Mən belə hesab edirəm ki, 2010-cu ildə əldə olunan hərbi, iqtisadi potensialımz 2011-ci ildə qarşımıza çıxacaq məsələlərin həlli üçün yaxşı imkanlar yaradacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə