Yadigar Məmmədli: “Mətbuata ayrılan az vəsaitdən də səmərəli istifadə təcrübəsi formalaşmalıdır” - MÜSAHİBƏ

Yadigar Məmmədli: “Mətbuata ayrılan az vəsaitdən də səmərəli istifadə təcrübəsi formalaşmalıdır” - MÜSAHİBƏ
Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədlinin SİA-ya müsahibəsi

 

- 2010-cu il Azərbaycan mətbuatında hansı yaddaqalan hadisələr baş verib?

- 2010-cu il medianın inkişafı ilə bağlı ciddi hadisələr baş verdi. Bu hadisələr arasında prezident İlham Əliyevin mətbuatın 135 illik yubileyi münasibətilə verdiyi sərəncamları xüsusi olaraq qeyd etmək olar. Sərəncamlarla jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün 5 milyon manat vəsait ayrıldı, mətbuatımızın inkişafında xüsusi əməyi olan şəxslər fəxri adlarla təltif edildi, qəzet və agentliklərə birdəfəlik yardımlar verildi. Bundan əlavə yubiley ərəfəsində paytaxtda və regionlarda keçirilən tədbirlərdə mətbuatın problemləri müzakirə edildi. Bundan əlavə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu mətbuatın inkişafına 2010-cu ildə 2009-cu ildən daha çox vəsait ayırıb. Hesab edirəm ki, Fond tərəfindən qəzet və agentliklərin həyata keçirdiyi layihələrin, eyni zamanda fərdi jurnalist yazılarının maliyyələşdirilməsi mütərəqqi addımlardır. Bununla yanaşı bir sıra problemlərimiz də qalmaqdadır. Reklam bazarı inkişaf etdirilməlidir. Jurnalistlərin nüfuzunun qaldırılması ilə bağlı bir sıra işlər görülməlidir. Jurnalistikanın nüfuzuna xələl gətirən reketçiliyə qarşı əvvəlki illərdə apardığımız mübarizə daha da gücləndirilməlidir. Problemlərə baxmayaraq 2010-cu ili ümumilikdə mətbuatın inkişafı baxımından dinamik hesab etmək olar. İnformasiya üzrə ombudasman səlahiyyətlərinin Azərbaycan Ombudsmanına veriməsi ilə bağlı qanunun qəbulu da müsbət dəyərləndirilə bilər. Ümid edirik ki, bu jurnalistlərə, eyni zamanda bütün vətəndaşlarımıza informasiya əldə etmək istiqamətində yardım edəcək.

 

- Mətbuat Şurası 2010-cu ili "Diffamasiya ili" elan etmişdi. Bu istiqamətdə önəmli addımlar atıldımı?

- Diffamasiya ilə bağlı məsələlər bizi ciddi düşündürür. Mətbuat Şurasının elan etdiyi "Diffamasiya ili" çərçivəsində bir sıra tədbirlər keçirilib. Bu ildə də tədbirlərin keçirilməsi nəzərdə tutulur. Mütərəqqi haldır ki, müvafiq qanun layihəsi Milli Məclisin komitələrinə təqdim olunub və müzakirə edilib. Ümid edirik ki, yeni formalaşan parlamentdə "Diffamasiya haqqında" qanun qəbul olunacaq. Biz əlbəttə ki, bu qanunu xarici ölkələrdəki kimi qəbul etməli deyilik. Azərbaycanın öz reallığı var və bu reallıqlardan çıxış edərək qanunun qəbuluna çalışmalıyıq. Ümid edirəm ki, 2011-ci ildə buna nail olacayıq.

 

- Jurnalistika fakültələrində qabiliyyət imtahanlarının bərpasının vacibliyi ilə bağlı fikirlər vaxtaşırı səslənir. İndiki məqamda mətbuatda peşəkarlığın aşağı olmasını bütünlüklə qabiliyyət imtahanlarının olmaması ilə əlaqələndirmək olarmı?

- Prezident İlham Əliyevin Mətbuat Şurasının inzibati binasının açılışında çıxışında da bu məsələyə toxunuldu. Prezident qeyd etdi ki, jurnalistikada peşəkarlığın artırılmasına diqqət artırılmalıdır. Jurnalistika fakültələrində qabiliyyət imtahanlarının bərpası ilə bağlı bir neçə tədbir keçirmişik, bu mövzunun ictimailəşdirilməsinə çalışmışıq. Bu sahənin mütəxəssislərindən məsələ ilə bağlı fikirlərini öyrənmişik. Hələlik demək olmaz ki, jurnalistika fakültələrində qabiliyyət imtahanları nə vaxtdan tətbiq olunmağa başlanılacaq. Məsələ ilə bağlı cəmiyyətdə geniş müzakirələr aparılmalıdır, deyərdim ki, fikirlər də birmənalı deyil. Ancaq əksər media mütəxəssislərinin, o cümlədən mənim fikrim budur ki, incəsənət ixtisaslarında olduğu kimi jurnalistikada da qabiliyyət imtahanları tətbiq edilməlidir. Bu işin xeyrinə olar. Son illər mətbuata gələn təsadüfi şəxslərin sayı artıb. Peşəkarlığın aşağı olmasının bütünlüklə qabiliyyət imtahanlarının olmaması ilə əlaqələndirmək olmaz, hər halda bu peşəkarlığın xeyli artmasına və jurnalistikaya təsadüfi insanların gəlməsinin qarşısının alınmasında mühüm rol oynaya bilər.

 

- 2010-cu ildə Mətbuat Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə bir neçə dəfə xarici ölkəyə səfərlər həyata keçirilib. Təbii ki, əsas məqsəd xarici təcrübənin öyrənilməsi olub. Azərbaycan mətbuatı xarici təcrübəni qarşılamağa hazırdırmı?

- Belə hesab edilir ki, xarici ölkələrə səfərlər məhz bizim onlardan müəyyən təcrübə qazanmaq məqsədi ilə həyata keçirilir. Mən belə deməzdim, bu səfərlərdə biz həmçinin öz təcrübəmizi qarşı tərəflə bölüşürük. Azərbaycanın müstəqil mətbuat tarixi çox qısa olsa da müəyyən ənənələri qeyd etmək olar. Məsələn, MDB çərçivəsində Mətbuat Şurası ilk olaraq Azərbaycanda yaradılıb, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu forması bir çox ölkələrdə yoxdur. Bir sözlə, Azərbaycanın mətbuat sahəsində müəyyən ənənələri var ki, onları xarici ölkələrlə də paylaşırıq. Zaman keçdikcə elm və texnologoya inkişaf edir və yeni media formaları yaranır. Belə bir şəraitdə isə media sahəsində təcrübə mübadiləsinə ehtiyac var. Bu baxımdan xarici ölkələrin qabaqcıl media ənənələrinə diqqətlə yanaşırıq və hesab edirəm ki, mətbuatımız qabaqcıl və faydalı təcrübəni qarşılamağa hazırdır.

 

- Birdəfəlik yardımlardan media hansı şəkildə istifadə edə bilir?

- Burada iki mövqe var. Birincisi, dövlət mətbuatın inkişafı üçün vəsait ayırır. Bu çox ciddi bir mesajdır. Dövlət mətbuatın inkişafında, müstəqil olmasında maraqlıdır. İkinci mövqe isə odur ki, bu yardımlar kifayətdirmi, yardımlar medianı irəli apara bilirmi? Əsas məsələ odur ki, dövlət medianın inkişafına vəsait ayırır, bu vəsaitdən səmərəli istifadə olunması isə bizim özümüzdən asılı olan məsələdir. Hal-hazırda ayrılan vəsait azdır. Amma bu az vəsaitdən də istifadə etmək təcrübəsi olmalıdır. Gələcəkdə daha çox vəsait, uzunmüddətli kreditlər və subsidiyalar ayrıla bilər. İndi atılan addımlar yaxın gələcəyə hesablandığından medianın ciddi inkişafından da söhbət gedə bilməz. Proses davam etdikcə və mediaya ayrılan vəsait artdıqca ciddi və güclü medianı da görə biləcəyik.

Bütün xəbərlər Facebook səhifəmizdə