Müdafiə divarları- Tarix

Qədim Çin səddi, Berlin divarı, Maginot xətti, İsrail-Qərbi Şeria divarı tarixin qədim müdafiə ənənələrini özündə birləşdirir.

 

İsrail-Qərb Şeria divarı

 

Bir kilometri milyon dollara başa gəlir, amma İsrail hesab edir ki, insan həyatı daha qiymətlidir. İsrail hərbi-siyasi-strateji dayanıqlığını göstərən bir simvol olaraq fələstinlilərə ayrılan torpaqları divarla ayırmağa qərar verib. Keçən ilin iyun ayında 324 kilometr uzunluğundakı divarın inşasına başladılar. Ancaq, ilk mərhələdə 120 kilometrlik bir hissənin inşası nəzərdə tutulur. Divarın böyük hissəsi 3 metr hündürlüyündə olacaq və üstünə tikanlı məftillər bərkidiləcək. Təhlükəsizlik kameraları divar boyunca müşahidə aparacaq.

 

Avropada "sərhəd" ifadəsi aradan qalxdığı və insanlar arasındakı yeganə sərhədin texnologiya və mədəniyyət olduğu qəbul edildiyi vaxtda İsraildə divar tikilir. Onsuz da insanlar malını, canını, mədəniyyətini, dinini və ideallarını qorumaq üçün çoxlu divar tikib. Digər tərəfdən tarix heç bir fiziki maneənin xalqı müdafiə edəcək qədər uzunömürlü və ya əbədi olmadığını sübut edib. İsrailin tikdiyi divarın nə qədər faydalı olacağını isə zaman göstərəcək.

 

Qədim Çin səddi

 

Çin Səddi insan əli ilə düzəldilmiş yeganə tikilidir ki, kosmosdan görünür. Bu nəhəng qurğunun əsas materialı dağ süxurları və torpaqdır. Ona kərpicdən üzlük çəkilib. Çinlilər bu səddə Vanli Çançen deyirlər. Sarı dənizin Lyodun körfəzinin sahillərindən başlayıb, Çinin şimal sərhədləri boyunca uzanan və Qobi səhralarından keçən səddin ümumi uzunluğu 4250 kilometrdən artıqdır. Böyük Çin səddi ilk dəfə e.ə.220-ci ildə Çin imperatoru Çin Şi-Xuandi tərəfindən cəmi on ilə tikilib. Sonralar bu müdafiə xəttinin tikintisi yüz illərlə davam etdirilərək, on min li uzadılıb. (1 li təqribən 576 metrdir).

 

Çin imperatorluğunun əsasını qoyan və Çini ən güclü dövlət kimi formalaşdıran imperator Çin Şi-Xuandi bu nəhəng divarı öz dövlətini şimalda yaşayan köçəri xalqların qəfil hücumlarından qorumaq üçün çəkdirib. Həmin səddin bir tarixi əhəmiyyəti də ondan ibarət idi ki, o, dağınıq və tayfa halında yaşayan Çin xalqının milli birliyinin əsasını qoyub və bu dağınıq xalqlar əl-ələ verərək dünyanın ən uzun və ən nəhəng daş divarını tikiblər. Sədd tikiləndən sonra onun mühafizəsi çox ciddi qorunurdu. Belə ki, bir neçə qülləni qoruyacaq 145 nəfərlik hərbi qarnizon, həm səddi, həm də səddin iç divarları boyu tikilmiş ambarları mühafizə edirdi. Səddin üstü çox geniş və enli idi. Divarların üstü ilə dörd piyada əsgər və ya üç atlı yan-yana gedə bilirdi. Divarların üstünə qalxmaq üçün iç tərəfdən çoxlu pilləkanlar qurulmuş və yağış-qar suyunu kənara atmaq məqsədilə daş novlar qoyulmuşdu. Sonrakı bir neçə əsrdə Böyük Çin səddi daha 2000 kilometr uzadılaraq dünyanın ən böyük, ən uzun səddinə çevrilib. Lakin o, yeni eranın VI əsrindən başlayaraq qüdrətli türk imperiyalarının güclü ordularının önünü saxlaya bilmir və öz keçilməz-aşılmaz müdafiə funksiyasını itirir. Orta əsrlər tarixindən məlumdur ki, qədim türk imperatorları Bilgə Xaqan, Mete, Çingiz Xan Böyük Çin səddini aşaraq ölkənin içərilərinə yeriyib. Min sülalə imperatorluğu dövründə (XV-XVI əsrlər) Böyük Çin səddi yenidən bərpa edilərək bir daha Çin xalqını vahid məqsəd - Çin dövlətini yadellilərdən qorumaq uğrunda birləşdirdi. Elə o dövrdən də Böyük Çin səddi öz müasir görkəmini qoruyub. Hazırda bu nadir və qeyri-adi tikinti qədim dünya insanlarının əlilə tikilmiş ən böyük möcüzələrindən biri olmaqla, Şərq aləminin nadir tarixi-memarlıq və maddi-mədəniyyət abidələrinin də ən qiymətli incisi hesab edilir. Çinin şərqindən qərbinədək 4450 kilometrlik bir məsafədə uzanan Böyük Çin səddinin tamaşasına dünyanın müxtəlif ölkələrindən hər il milyonlarla turist gəlir.

 

Alimlər Böyük Çin səddinin cənub şərq hissədə, Koreya Xalq Respublikası ilə qonşuluqda olan Qirin vilayətindəki hissəsini aşkar ediblər. Sonuncu tapılmış hissə divarların özündən 11 km uzaqlıqda yerləşir. Tikintinin Sin (bizim eradan əvvəl 221–206–cı illərdə) və Xan (bizim eradan əvvəl 206–cı il, bizim eranın 220–ci ili) dövrlərində həyata keçirildiyi məlumdur. Lakin Çinin sonuncu imperatoru bu divarlara ehtiyac olmadığını bildirib. Artıq sonrakı dövrdə sədd öz aktuallığını itirdi və Çin səddinin sökülməsinə başlanıldı. Sonuncu hesablamalara görə Çin səddinin uzunluğu 8850 km–dir. Səddə aid olan şəxsi uzunluq 6260 km olsa da, qırılmış hissələr də vardır ki, 360 km sayılır. Bütün manelərin uzunluğu isə son dövrlərdə 2232,5 km də uzadılıb. 1987–ci ildən etibarən sədd YUNESKO tərəfindən mühafizə altındadır.

 

Hadrianus Divarı

 

Eramızın 2-ci əsrində Roma imperatorlarının ağılına "dahiyanə" bir fikir gəlib: İmperatorluğun mərkəzi əyalətlərinin nəhəng bir divarla müdafiə etmək. Planın tərkib hissəsi olan Hadrianus divarı Fırat çayından Atlantik okeanına qədər uzanacaq xəttin parçası olmalı idi. İnşaat işləri 5 il davam etdi. Divar üç müdafiə xəttindən ibarət idi və 117 kilometr uzunluğunda idi. Divarın qarşısında xəndək, hər 500 metrdən bir qüllə, hər 1500 metrdən isə bir qala var idi.

 

Hərbi baxımdan isə divar işə yaramadı. Çünki eramızın 4-cü əsrində əsl təhlükə şimaldan deyil, cənubi-qərbdən gəlirdi. İmperatorluğun düşmənləri divara deyil, İngiltərənin müdafiəsiz sahillərinə hücum etdilər.

 

Maginot Xətti

 

Maginot xətti 14 yanvar 1930-cu ildə inşa edilməyə başlanılıb. Siyasi və maliyyə problemlərinə görə Fransanın şimalını əhatə etmirdi. Almaniyanın piyada qoşunları və tank diviziyaları məhz bu müdfafiəzis nöqtədən 1940-cı ildə sərhədi keçdilər. Beləliklə, Maginot xətti lazımı müdafiə cəphəsi yarada bilmədi.

 

Berlin Divarı

 

Berlin divarı Almaniya Demokratik Respublikası rəhbərliyi tərəfindən 13 avqust 1961-ci ilin avqustunda Qərbi Berlinətrafında ucaldılmış divar. Bu divarın ucaldılması ilə qədim alman paytaxt şəhərinin müttəfiq amerika, ingilis və fransız qoşunlarından tamamilə təcrid olunması gerçəkləşdirilmiş və 1948-ci ildə ikiyə bölünmüş Berlinin arasında əlaqə tamamilə kəsilmişdir. 9 noyabr 1989-cu ildə Almaniya Demokratik Respublikasının höküməti Almaniya Federativ Respublikası əhalisi ilə təmaslara qoyulmuş məhdidiyyəti aradan qaldırmaq qərarını qəbul edib. Onda Şərqi Berlinin minlərlə sakini qərb tərəfə axın edib. Nəticədə divarlar aşırılıb. 1990-cı ildən etibarən hər iki tərəf arasındakı sərhəd postu birdəfəlik ləğv edilib. Ölüm təhlükəsinə baxmayaraq 1989-cu ilə qədər divarı 5 min adam keçib. Onlardan 192-si öldürülüb. Son qurban isə 6 fevral 1989-cu ildə verilib. 1989-cu ilin noyabrında yıxılan divar soyuq müharibənin də sonunu müəyyən edib.

 

İstər işğalçılara, istərsə də immiqrantlara qarşı qurulan divarlar nə qədər uğurlu oldu? Nəticə: Tarix boyunca divarlar quruldu və yenə o divarlar bəziləri tərəfindən uçuruldu.

Bütün xəbərlər Facebook səhifəmizdə