Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri planlaşdırılıb

Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri planlaşdırılıb

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın yeni ilin ilk 3 ayı ərzində Bakıya səfəri planlaşdırılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Bakıdakı danışıqlar zamanı Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi nəzərdə tutulub.

Səfər çərçivəsində ötən il Azərbaycan prezidenti İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan tərəfindən İstanbulda imzalanan sazişlə yaradılan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının keçirilməsi planlaşdırılıb. Diplomatik mənbələrdən əldə edilən məlumata görə, bu məqsədlə yaxın vaxtlarda Ankarada ikitərəfli işçi qrupun iclasının keçirilməsi planlaşdırılıb.

Qeyd edək ki, Türkiyənin prezidenti Abdulla Gül və Baş nazir Ərdoğan Bakıda, Azərbaycan prezidenti İlham Əliyev isə beynəlxalq qurumların zirvə toplantılarında iştirak etmək üçün 3 dəfə İstanbulda səfərdə olub.

Səlahiyyətli şəxslər bildirirlər ki, Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının yaradılması qarşıdakı dövrdə iki ölkə arasındakı əlaqələrin inkişafına yeni stimul verə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə