“Üzümüzə gələn il Nikol Paşinyan üçün çətin olacaq” ÖZƏL-RƏY

“Üzümüzə gələn il Nikol Paşinyan üçün çətin olacaq” ÖZƏL-RƏY

“Üzümüzə gələn il Nikol Paşinyan üçün çətin olacaq”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Paşinyanın qarşısında çox ciddi problemlər var: “Birinci problem isə Dağlıq Qarabağ münaqişəsidir. Əgər Paşinyan bu istiqamətdə hər hansı müsbət addım atmasa, aydındır ki, cəbhə bölgəsində vəziyyət yenidən gərginləşəcək. Bu birinci problemdir. İkincisi, iqtisadiyyatı düzəldə bilməyəcək. Çünki bunun üçün resurslar yoxdur. Heç kim Ermənistana pul vermək istəmir. Üstəlik Paşinyan son aylarda Qərbdən pul ala bilməyib. Bundan sonra da ala bilməyəcək. Rusiya isə Nikol Paşinyana pul vermir. Üçüncü məsələ isə xarici siyasət kursudur. Nikol Paşinyanın xarici siyasət kursuna ciddi korrektələr etmək istədiyi hiss olunur. Çünki o, Rusiya ilə müəyyən məsafələr saxlamaq istəyir. Aparılan sorğular da göstərir ki, insanlar Rusiyadan narazıdırlar. Rusiyanın qulu olmaq istəmirlər. Ancaq buna baxmayaraq, İrəvan Moskvadan asılıdır. Ermənistan Rusiyanın təsir dairəsindən çıxmaq istəsə problemləri artacaq. Bunu da nəzərə almaq lazımdır. Bu baxımdan düşünürəm ki, ilin ilk rübündə Paşinyanın problemləri artacaq. O zaman orada müəyyən təlatümlər də ola bilər”.

Politoloq deyib ki, Ermənistanda baş verənləri araşdırarkən özümüz üçün hər hansı müsbət və ya mənfi tendensiya axtarmamalıyıq: “Yəni, biz öz yolumuzla getməliyik. Paşinyanın Qarabağdakı separatçıları ilə münaqişə həddinə gəlib çatacağını və bundan öz maraqlarımızı təmin etməyimizi gözləməməliyik: “Bütün hallarda Ermənistanı zəiflətmək siyasətini gücləndirməliyik. Bu aydın məsələdir. Nikol Paşinyan gələcək aylarda heç bir addım atmasa, biz özümüz cəbhə bölgəsində istər-istəməz onun problemlərini artırmalıyıq. Onun Qarabağ separatçılarının rəhbəri ilə münasibətlərinin normal olub-olmaması da bizi bu mənada maraqlandırmamalıdır. Biz öz yolumuzla getməliyik. Bu o demək deyil ki, biz hərəkət etməyəcəyik. Doğrudur, Ermənistanda baş verənləri diqqətlə izləməliyik. Orada baş verənləri öz mənafelərimiz baxımından istifadə etməyi bacarmalıyıq. Köçəryan və Sarkisyandan torpaqlarımızın qaytarılmasını tələb edərkən Ermənistanda daxili vəziyyətin necəliyinə baxmırdıq. Amma hər halda, 20 ildən sonra Ermənistanda yeni şəxs hakimiyyətə gəlib. Həmin adam isə Azərbaycan torpaqlarının işğalında birbaşa iştirak etməyib. Bu da Ermənistan və danışıqlar prosesi üçün müəyyən situasiya yaradır. Paşinyan bölgədə sülh olmağını istəyirsə, addım atmalıdır. Münaqişə həll edilərsə, Ermənitanın həm Azərbaycan, həm də Türkiyə ilə münasibətləri normallaşa bilər. Yəni, regional əməkdaşlıq, əlaqələrin bərpası üçün işğala son qoyulmalıdır. Əgər Paşinyan Ermənistanı inkişaf etdirmək istəyirsə, bu addımları atmağa məcburdur. Əks halda onu da Sarkisyanın taleyi gözləyəcək”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə