Dünyanın ən uzun neft boru xətti istifadəyə verilib

Dünyanın ən uzun neft boru xətti istifadəyə verilib
Dünyanın ən çox neft istehsal edən ölkəsi Rusiya ilə dünyanın ən böyük ikinci enerji istehlakçısı Çini bir-birinə neftin bağladığı məlumdur. SİA-nın xəbərinə görə, iki ölkə arasındakı ilk neft boru xətti artıq istifadəyə verilib.

Dünya iqtisadçılarının düşüncələrinə görə, Şərqi Sibir-Sakit Okeanı (ESPO) neft boru xətti ölkələr arasındakı neft ticarətinin sürətlə inkişaf etməsinə şərait yaradacaq: "ESPO neft boru xəttindən əvvəl Rusiya Çinə nefti dəmiryolu vasitəsilə göndərirdi. İndiyə qədər Rusiyanın 50 min kilometrlik neft boru xəttindən Qərbi Sibirdən Avropaya neft ixracı üçün istifadə edilirdi. Xəttin Şərqi Sibirdən Çinin Daqinq şəhərinə neft nəql etməsi iki ölkənin ticarət əlaqələrinin inkişafında əsas rol oynayacaq".

Rusiyada dövlətə aid olan neft boru xəttlərini idarə edən transneftin sözcüsü İgor Dyomin bildirib ki, bu ay borudan 1,3 milyon ton neft ixrac etməyi planlaşdırırlar: "ESPO boru xəttindən dünən Çinə ilk neft axını baş tutub. Bir ay ərzində1,3 milyon ton, yanvar-mart aylarında 3,68 milyon ton, 1 ildə isə 15 milyon ton neft göndərməyi nəzərdə tutmuşuq".

Çinin dövlət neft şirkəti "Petro China"-nın neft boru xətti şöbə müdiri Yao Vei də ESPO xam neft boru xəttinin ölkələr arasındakı enerji əməkdaşlığında yeni bir mərhələ başlatdığını deyib: "Hazırda boru xəttinin 2 min 757 kilometri istifadəyə verilib. 2013-cü ildə isə tikintisi başa çatan boru xəttinin uzunluğu 4 min 70 kilometr olacaq. Yəni ESPO dünyanın ən böyük neft boru xətti olacaq".

Qeyd edək ki, 25 milyard dollara ərsəyə çatan ESPO layihəsi Çinin kredit imkanları hesabına maaliyələşdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə