Bahar Muradova: "Bu gün əmək qanunvericiliyi qarşısında duran hədəflərə tam uyğun gəlir"

Bahar Muradova: "Bu gün əmək qanunvericiliyi qarşısında duran hədəflərə tam uyğun gəlir"

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 100 il müddətində keçdiyi yolun hər günü, hər anı xalqımızın iştirakı ilə keçib və biz bu tarixin şanlı, həm də kədərli səhifələrini xatırlamaqdayıq. Bu il Azərbaycanda Cümhuriyyət ili elan olunub və təsadüfi deyil ki, bütün il böyük ölkənin müxtəlif dövlət qurumları yubiley tədbirlərini keçirməkdədirlər və bu il 100 illik inkişafımızın hesabat ili kimi qiymətləndirilməlidir". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 100 illik yubileyinə həsr olunan elmi konfransda çıxış edərkən deyib.

O bildirib ki, ƏƏSMN əhalinin mütləq əksəriyyəti, xalqla təmasda olan qurumlardan biridir: "Onun keçdiyi yol, dünəni, bu günü və sabahı hər kəs üçün maraqlıdır. Dünəni 100 il bundan öncə başlayan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu illər ərzində çox şərəfli yol keçib, dövlət tərəfindən qoyulan məsuliyyət və vəzifələri öz səlahiyyətləri çərçivəsində layiqincə yerinə yetirməyə çalışıb. Dövrün, zamanın üzərinə qoyduğu ağır şərtlər daxilində bu prosesləri keçirməyə məcbur olub. Bir çox hallarda əhalinin daha çox qınağı və narazılığı ilə üzləşən qurum olması baxımından nə qədər məsuliyyətli işlə məşğul olduğunu bir daha vurğulaya bilərik. Əsas funksiyalarını yerinə yetirərkən ilk növbədə əmək resurslarının səmərəli məşğulluğunun təmin edilməsinə yönəlib".

B.Muradova söyləyib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra inkişafın əldə olunmasında əmək resurslarımız insan kapitalımız həm yaxından iştirak edir, həm də çox böyük inkişaf yolu keçib: "Məhz bu iştirakın və inkişafı təmin olunması əlbəttə ki, müasir standartlara cavab verən beynəlxalq təcrübəyə əsaslanan qanunların qəbul olunması və tətbiqi ilə mümkün ola bilərdi. İllər ərzində bu qurum Azərbaycanın parlamenti və Milli Məclisi ilə çox ciddi əlaqədə işləyib".

Milli Məclisin sədr müavini qeyd edib ki, bu gün əmək qanunvericiliyi çox mükəmməl şəkildə həm beynəlxalq standartlara, həm də Azərbaycanın tələblərinə, qarşısında duran hədəflərə tam uyğun gəlir: "Bu Nazirliyin son illər əldə etdiyi nailiyyətlər artan sürətlə, yüksələn templə gedir. Nazirlik tərəfindən son vaxtlar görülən tədbirlərin çox müsbət nəticələri olub".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə