Əli Əhmədov: "Dövlət sosial sferaya böyük əhəmiyyət verir"

Əli Əhmədov: "Dövlət sosial sferaya böyük əhəmiyyət verir"

"Heç təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyəti yaranarkən yaradılan nazirliklər arasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də yaradılıb. Bu o deməkdir ki, fövlətimizdə həyata keçirilən siyasətdə vətəndaşların layiqli həyatla təmin edilməsi hər zaman önəm daşıyıb". SİA-nın məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Azərbaycanda sosial müdafiə sisteminin inkişafı, dünən, bu günün və sabah" mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxış edərkən deyib.

O bildirib ki, nazirlik 100 il müddətində layiqincə fəaliyyət göstərib: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün də üzərinə düşən vəzifələr çoxşaxəli şəkildə həyata keçirir. Nazirliyin nə qədər önəmli funksiya daşıdığını isə söyləməyə ehtiyac yoxdur".

Baş nazirin müavini söyləyib ki, hər bir cəmiyyətin ən vacib dəyəri insanlardır və bu insanların sosial rifahının yaxşılaşdırılması mühüm əhəmiyyət kəsb edir: "Azərbaycan dövləti sosial sferaya böyük əhəmiyyət verir. Dövlətin bu funksiyasını yerinə yetirilməsinin böyük ağırlığı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin üzərinə düşür. Vətəndaş və dövlət arasında münasibətlərin məzmununa ən çox təsir göstərən ən birinci qurum məhz bu nazirlikdir".

Ə.Əhmədov söyləyib ki, Azərbaycan dövləti ciddi şəkildə müasirləşir, inkişaf edir, və sosial sferalarda islahatlar həyaya keçirilir: "Pensiyaların artırılması, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində əhatəli funksiyalar nazirlik tərəfindən həyata keçirilir. Hökumətin qarşısında duran sosial vəzifələrlə bağlı mühüm layihələr həyata keçirilir. Bizim məqsədimiz Azərbaycan vətəndaşlarının yaxşı yaşamasıdır. Dövlətin gücü təkcə hərbi, iqtisadi sahələrlə ölçülmür, həm də sosial sahənin inkişafı vətəndaşlarımızın yaxşı yaşaması ölkənin güclü göstərən amillərdən sayılır. Bu günə qədər bu istiqamətdə mühüm layihələr həyata keçirilib, bunda sonra da hökumətin məqsədi iqtisadi gücümüzü artırmaqla insanların həyat şəraitini daha da yaxşılaşdırmaqdır".

Baş nazirin müavini qeyd edib ki, bu gün nazirliyin qarşısında duran əsas vəzifə insanlara göstərilən xidmətlərin səviyyəsini yüksəltməkdir: "DOST-un yaradılması bu istiqamətdə atılan mühüm addımlardan biridir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə