Cəmaləddin Quliyev: “2010-cu il mətbuatının inkişafı baxımından yadda qalan olub” - AÇIQLAMA

Cəmaləddin Quliyev: “2010-cu il mətbuatının inkişafı baxımından yadda qalan olub” - AÇIQLAMA

"Hesab edirəm ki, 2010-cu il mətbuatının inkişafı baxımından yadda qalan olub". SİA-ya açıqlamasında bu sözləri "Paritet" qəzetinin baş redaktoru Cəmaləddin Quliyev 2010-cu il mətbuatda baş verən proseslərə münasibət bildirərkən deyib.

 

Azərbaycan Mili Mətbuatının 135 illik yubileyi ərəfəsində paytaxtda və regionlarda genişmiqyaslı tədbirlərin keçirildiyini xatırladan C.Quliyev bildirib ki, 22 iyun Milli Mətbuat günündə prezident İlham Əliyevin mətbuatın inkişafında xüsusi əməyi olan şəxsləri fəxri adlarla mükafatlandırması ilin yadda qalan hadisələrindəndir: "Hesab edirəm ki, 2010-cu il mətbuatında inkişafı baxımından yaddaqalan olub. Prezidentin sərəncamı ilə jurnalistlərə yaşayış evlərinin tikintisi və mənzil-məişət məsələlərinin həlli üçün Azərbaycan Respublikasının 2010-cu il üçün dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 mln. manat məbləğində vəsait ayrılıb. Digər sərəncamla 8 informasiya agentliyinin hər birinə 10 min manat, 32 qəzet redaksiyasının hər birinə isə 20 min manat məbləğində birdəfəlik yardım ayrılıb. Bütün bunlar isə dövlətin və onun rəhbərliyinin mətbuata göstərdiyi qayğının bariz nümənəsidir".

 

C.Quliyev bildirib ki, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun 2010-cu il üzrə büdcəsindən ölkədə tirajı, ictimai rəyə təsiri və sabit dövriyyəsi ilə tanınan 32 qəzet, 8 informasiya agentliyinə birdəfəlik yardımlar göstərilməsi barədə qərar qəbul etməsi də xüsusi qeyd edilməlidir: "Bu qərarla qəzet redaksiyaları üçün 3500 manat, informasiya agentlikləri üçün isə 2500 manat birdəfəlik yardım edilib. Bununla yanaşı, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun 2010-cu ildə həm qəzet redaksiyaları, həm jurnalistlər üçün fərdi şəkildə müsabiqələr keçirməsi mətbuat nümayəndələri tərəfindən də yüksək qiymətləndirilir. Ayrılan maliyyə yardımları müasir mətbuatımızın gələcək inkişafına öz müsbət təsirini göstərəcək və mətubatda yer alan neqativ halların, problemlərin aradan qaldırılmasına əhəmiyyətli dərəcədə öz töhfəsini vermiş olacaq".

 

2010-cu ildə informasiya üzrə ombudsman məsələsinin də həllini tapdığını deyən "Paritet" qəzetinin baş redaktoru bildirib ki, 2005-ci ildə qəbul olunan qanunun yerinə yetirilməsi bundan sonra jurnalistlərin hüquqlarının qorunmasına xidmət edəcək. Problemlər bütün postsovet məkanında olduğu kimi, Azərbaycanda da mövcud olduğunu söyləyən C.Quliyev vurğulayıb ki, inkişaf olan yerdə müəyyən problemlərin olması da təbii qarşılanmalıdır: "Bunların bir qismi jurnalistlərin peşəkarlığı ilə bağlıdırsa, digər bir qismi jurnalistikadan müəyyən məqsədlərlə sui-istifadə edən kifayət qədər jurnalistikaya yad insanların bu sahəyə doluşması ilə əlaqəlidir. Mətbuatda bu gün qeyri-peşəkarlar kifayət qədərdir. Jurnalistika fakültələrində qabiliyyət imtahanlarının bərpası ilə bağlı səslənən təkliflər də məhz bu problem ilə bağlıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə