Dağıstandakı soydaşlarımız Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd ediblər

Dağıstandakı soydaşlarımız Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd ediblər

31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Dərbənd şəhərində də bayram tədbiri keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, dekabrın 29-da Ümumrusiya Azərbaycan Konqresi Dağıstan regional təşkilatının Dərbənd şəhər 3 saylı Gimnaziyanın toplantı zalında təşkil etdiyi bayram tədbirində yerli şəhər məclisinin deputatları, məktəb və digər təhsil ocaqlarının rəhbərləri, alimlər, jurnalistlər, azərbaycanlı ziyalılar, şəhər administrasiyasının nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət Himnləri səsləndirildikdən sonra qonaqları salamlayan Ümumrusiya Azərbaycan Konqresi Dağıstan regional təşkilatının sədri Seyran Rəhimov Dünya Azərbaycanlılarının Həmrəylik Gününün millətimizin birlik günü olduğunu deyib. O, ulu öndər Heydər Əliyevin bu bayramı təsis etməklə ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında həmrəylik yaratmaqda tarixi rol oynadığını qeyd edib.

Sonra Dərbənd şəhər administrasiyasının rəhbərinin birinci müavini Tacəddin Sultanov məruzə ilə çıxış edib. Tədbirdə azərbaycanlılarla yanaşı digər xalqların nümayəndələri də Həmrəylik Günü ilə bağlı fikirlərini bölüşüb, bu bayramın vacibliyini qeyd edib və Azərbaycanın işğal altında olan torpaqlarının tezliklə azad olunmasını arzu ediblər.

Tədbirin bədii hissəsində şagirdləri Ana dilində şerlər söyləyib, mahnılar oxuyub və Azərbaycan bayrağını dalğalandıraraq "Yallı" sədaları altında rəqs ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə