2011-ci ilin döyüş meydanlarına çevriləcək ölkələr

2011-ci ilin döyüş meydanlarına çevriləcək ölkələr

Dünyada Əfqanıstan vadilərindən Demokratik Kongo Respublikasının balta səsi eşidilməyən meşələrinə və Kəşmir küçələrinə qədər bir çox yerdə qanlı qarşıdurmalar baş verir. SİA-nın məlumatına görə, Beynəlxalq Böhran Qrupu 2011-ci ilin ən təhlükəli qarşıdurmalarını müəyyən edib.

Fildişi Sahili

Fildişi Sahili 2011-ci ildə çox pis günlər yaşaya bilər. Ən pis ssenariyə görə, Loren Qbaqo iqtidarda qalacaq və iki tərəfin tərəfdarları arasındakı silahlı qarşıdurmalar vətəndaş müharibəsi ilə nəticələnəcək. Ən yaxşı ssenaridə isə Qbaqo beynəlxalq ictimaiyyətin təzyiqləri qarşısında geri çəkiləcək. Ancaq bundan sonra hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi məlum deyil. Beynəlxalq ictimaiyyət isə təzyiqlərini artırır. Birləşmiş Millətlər Təşkilatı ölkədəki beynəlxalq sülhməramlıların vəzifə müddətini uzadıb. Baxmayaraq ki, L.Qbaqo ölkənin daxili işlərinə qarışdığını əsas gətirərək sülhməramlıların Fildişi Sahilindən çıxmasını tələb edib. Qbaqo və rəqibi Alassane Ouattaranın tərəfdarları silahlanmış vəziyyətdə və uzunmüddətli döyüşə hazır görünür.

Kolumbiya

İlk baxışda Kolumbiyanın 2011-ci ildəki cədvəli işıqlıq görünür. Ölkənin yeni dövlət başçısı Juan Manuel Santos gündəmə gətirdiyi islahat təklifləri ilə bir müddət əvvəl onu tənqid edənləri çaşdırıb. Ancaq bütün bunlar yaxşılıqdan xəbər vermir. Ölkədəki solçu partizanları Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin (FARC) 8 min silahlı əsgəri və bundan iki dəfə çox tərəfdarı var. Eyni zamanda narkotika bazarına nəzarət etmək üçün yeni qanunsuz silahlı qruplar da yaranıb. Əgər bu silahlı qruplar nəzarət altına alınmazsa Kolumbiya narkotika ticarətinə və bu ticarətdən əldə olunan pulla bəslənilən təşkilatlara qarşı illərdir ki apardığı mübarizədən geri çəkilmək məcburiyyətində qalacaq. Belə bir ssenarinin reallaşması nəticəsində isə FARC bütün gücü ilə geri dönəcək və ən çox zərər çəkən dinc insanlar olacaq. Ancaq qarşıdakı aylarda bunun tam tərsi də mümkündür. Venesuella ilə əldə edilən sərhəd təhlükəsizliyi razılaşmasının nəticəsi olaraq FARC hökumətlə silahsızlanma və yenidən inteqrasiya danışıqlarına başlamağı qəbul edə bilər.

Zimbabve

2011-ci ildə gözünüzü Zimbabvedən ayırmayın. Dövlət başçısı Robert Muqabe və müxalifət lideri baş nazir Morqan Tsvangiriyanın yaratdığı "birlik" hökuməti gün keçdikcə özünü doğrultmur. Qarşıdan gələn ilin ən kritik nöqtəsi də seçkilər olacaq. İki lider də seçki istəyir. Bu il payızda Muqabe birlik hökumətinin 2011-ci ildə fəaliyyətinin başa çatmasını və ilin ortalarında parlament seçkilərinin keçirilməsini istədiyini söyləyib. Tsvangiriya isə 2011-ci ilin seçkilərində yeni bir konstitusiyanın qəbul edilməsini istəyir. Bu seçki müzakirəsi tərəfləri atəşkəsin bitmə nöqtəsinə gətirib. Regional və beynəlxalq vasitəçilər tərəflər arasında razılıq təmin etməzsə və Muqabeyə qaydalara əməl etməsi üçün təzyiq göstərməzsə, seçki dövründə qarşıdurmalar gözlənilir.

İraq

İraq kamikadze partlayışları ilə hər gün 20-25 adamın öldüyü 2007-ci ildən indiyədək irəliləyişə nail ola bilib. Ancaq vəziyyətin normal olduğunu demək olmaz. Seçkilərdən doqquz ay sonra qurulan yeni hökumət çox zəifdir. Təhlükəsizlik gücləri də ABŞ-ın təlim və kəşfiyyat dəstəyinə ehtiyac duyur. İraqın qonşuları, xüsusilə İran ölkədəki siyasi qarışıqlıqdan faydalanmaq istəyinə düşə bilər. Bir sözlə ABŞ-lı əsgərlərin ölkədən çıxması ilə təhlükəsizlik şəbəkəsi də ortadan qalxa və ölkə qarşıdurmaya sürüklənə bilər.

Venesuella

Sentyabr ayında parlamentdəki əksəriyyətini itirən prezident Huqo Çavez o gündən hökuməti təsirsiz hala gətirmək üçün əlindən gələni edir. Ölkədə iqtisadi, ictimai və təhlükəsizliklə bağlı problemlər ciddi şəkil alıb. Xüsusilə şəhərlərdə cinayət hadisələri artıb. 28 milyonluq ölkədə yalnız 2009-cu ildə 19 min cinayət işlənilib. Son illərdə ölkə əhəmiyyətli bir narkotika qaçaqçılığı dəhlizinə çevrilib. Dövlət təhlükəsizlik güclərinin də belə cinayətlərdə payının olduğu deyilir. Belə bir vəziyyətdə isə Çavez də təzyiqi azaltmaq əvəzinə daha da artırır.

Sudan

Sudanın 2011-ci ildə nələr yaşayacağı 9 yanvarda keçiriləcək referendumda müəyyən olacaq və böyük ehtimalla cənub müstəqilliyini elan edəcək. Ölkədə 20 il davam edən vətəndaş müharibəsi 2005-ci ildə sülh razılaşmasının imzalanması ilə sona çatıb. Sudanın mərkəzi hökuməti referendumun nəticələrinə hörmət göstərərsə, bu referendum sonrası nizamlanma üçün yaxşı şərait yaradacaq. Ancaq referendum uğursuz olsa, yenidən şimal-cənub qarşıdurmasını izləyə bilərik.

Meksika

Meksika prezidenti Felipe Kalderonun ölkədəki narkotik şəbəkələrə qarşı döyüşə başlamasından dörd il keçib. Bu müddət ərzində 30 min adam qarşıdurmaların qurbanı olub. ABŞ-dan gələn illik 400 milyon dollarlıq yardımlardan sonra da Meksika hökumətinin bu döyüşü qazanıb-qazanmayacağı bəlli deyil. Xüsusilə 2010-cu ildə Kalderón bu döyüşün aparılması qaydalarına görə, çox tənqid olunub. Dörd ildə ölən meksikalıların sayı Əfqanıstanda bütün müharibə ərzində ölən ABŞ-lıların sayından 20 dəfə çoxdur. Mətbuat üzərində də senzura güclənir. "Qazanmaq" Meksika ordusu və polisi üçün çox çətin bir sözə çevrilib. Günahkarların məhkəmə qarşısına çıxarılması üçün məhkəmə sisteminin də gücləndirilməsi lazımdır.

Quatemala

Meksikanın narkotika müharibəsi Latın Amerikasına da təsir göstərir. Meksikanın təzyiqi altında sığınacaq limanlar axtaran bir çox narkoşəbəkə bu limanı Quatemalada tapır. Ən pis ssenariyə görə, 2011-ci ildə Quatemala bu şəbəkələr arasında döyüşə səhnə olacaq. Avqustda isə prezident seçkiləri keçiriləcək. Ancaq sorğular xalqın qütbləşdiyini, 20-yə qədər namizəd olduğunu və heç birinin üstünlük təmin edə bilməyəcəyini göstərir.

Haiti

2010-cu ildə Haiti təbii fəlakətlərlə sarsılıb. Ancaq 2011-ci ildə əsl problemin mənbəyi siyasət olacaq. Qərb yarımkürəsinin ən kasıb ölkəsində 28 noyabrda keçirilən prezident seçkisinin nəticələri yanvarda keçiriləcək ikinci tur seçkilərinə qədər müəyyən olmayacaq. Ancaq indidən bəzi namizədlərə ikinci turdakı iştirakına görə maneə yaradılır. İndiyə qədər küçələrdə ən az 10-15 adam həyatını itirib. Bu gün paytaxtda 1 milyondan çox haitili evsiz qalıb. Beynəlxalq yardım qrupları və BMT-nin sülhməramlıları boşluqları çox az doldura bilirlər. Verilən vədlərə baxmayaraq beynəlxalq yardımlar da gecikir.

Pakistan

Pakistanda 2011-ci ilin əvvəlki llərdən fərqli olması gözlənilmir. Humanitar yardıma ehtiyacı olan 10 milyon insanın olduğu ölkədə hökumət siyasi sabitliksizliyə son verə bilmir. 2010-cu il Əfqanıstan müharibəsi başlayandan sonra ən çox terror aktının baş verdiyi il olub. Humanitar yardım proqramında və milli təhlükəsizlik siyasətində vətəndaş iradəsinin təmin edilməsi ölkəyə ümid verə bilər. Ancaq hökumət ilə məhkəmə sistemi arasında baş verən qarşıdurmalar demokratiya səylərinə daha çox zərər verə bilər.

Nigeriya

2010-cu il Nigeriya üçün olduqca çətin keçib. Ölkənin lideri xəstəliyinə görə ölkəni tərk edib, daha sonra həyatını itirib. Yüzlərlə insan təriqət qarşıdurmalarında ölüb. Neft yataqları ilə önə çıxan Nigeriya deltasında partizanlar at oynadır. Terror aktları və adam qaçırma hadisələrinin sonu gəlmir. İslahat vədlərinə baxmayaraq, Afrikanın ən sıx ölkəsində 2011-ci ildə keçiriləcək seçkilərin demokratik keçirilməsi gözlənilmir. Əksinə, seçkilərdən sonra nəticələrdən məmnun olmayan qruplar arasında qarşıdurmalar yarana bilər. Seçkilərdə kim qələbə qazansa da, Nigeriya deltasındakı neft mərkəzlərinə və hökumət binalarına hücum edəcəyini elan edən partizan qruplar böyük bir problem yaradacaqlar.

Demokratik Konqo Respublikası

1998-2003-cü illərdə baş verən və 4,5 milyon insanın ölümü ilə nəticələnən İkinci Kongo Müharibəsindən sonra da ölkədəki xaos ortadan qalxmayıb. Ölkənin şərqindəki Kivu əyalətində ordu ilə partizan gücləri arasındakı qarşıdurmalar davam edir. BMT sülhməramlıların ən çox olduğu ölkə Kongodur. Buna baxmayaraq, BMT düşərgələrinin yaxınlığında belə təhlükəsizliyi təmin etmək mümkün olmur. İcra edilməsi lazım olan ideal plan çərçivəsində, Şimal və Cənubi Kivu əyalətlərinə daha yaxşı təlimli əsgərlərin yerləşdirilməsi və xalqın təhlükəsizliyini təmin edəcək əməliyyatlar təşkili nəzərdə tutulur. Ən pis ssenari isə, ölkənin şərqindəki silahlı güclərin sonu görünməyən döyüşə davam etməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə