Cari ildə RİTN portalına 94 min istifadəçi daxil olub

Cari ildə RİTN portalına 94 min istifadəçi daxil olub
2010-cu il ərzində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin www.mincom.gov.az rəsmi internet-səhifəsinə daxil olan istifadəçilərin sayı ötən ilə (84 min) nisbətən təxminən 12 faiz artaraq 94 minə yaxın olub. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ümumiyyətlə, 2008-ci ildən etibarən resursun daxilolmalarının sayı 242277 təşkil edib (məqalə yazılarkən).

2010-cu ildə sayta gün ərzində orta hesabla 260-dan çox istifadəçi daxil olub. Müqayisə üçün qeyd edək ki, 2009-cu ildə bu göstərici 230, 2008-ci ildə isə 170 olub. Cari ildə Bakutel 2010 sərgisi günlərində, yəni noyabr ayının 23-dən 26-dək, eləcə də 6 dekabr – rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı ərəfəsində portalın gündəlik istifadəçi sayı 600-ü keçib.

Bundan əlavə ilin sonuna yaxın portalda təqdim olunan elektron müraciət forması vasitəsilə nazirliyə 187 vətəndaş müraciəti qeydə alınıb. Müraciətlər əsasən, telefon xətlərinin çəkilməsi, genişzolaqlı internetə qoşulma, ATS-lərin elektronlaşdırılması, eləcə də ADSL portlarının mövcudluğu və digər məsələləri əhatə edib. Həmçinin vətəndaşları maraqlandıran suallar arasında rabitə avadanlıqlarının sertifikatlaşdırılması, qüvvədə olan rabitə tarifləri, poçt göndərişlərinin çatdırılma müddətləri və bu kimi digər istiqamətlər qeydə alınıb. Hər bir müraciətə ayrılıqda baxılıb və vətəndaşlara təyin olunmuş müddətdə və müvafiq qaydada cavablar göndərilib.

RİTN-nin internet-resursu əhaliyə nazirliyin fəaliyyəti, onun tabeçiliyində olan strukturlar, ölkənin telekommunikasiya və poçt sahələri, bu sahələrin inkişafı, respublikada informasiya texnologiyaların tətbiqi və digər vacib məsələlər barədə dolğun və dəqiq məlumatlar təqdim edir. İnformasiya operativ sürətdə Azərbaycan, Rus və İngilis dillərində yerləşdirilir.

Bundan əlavə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin portalı informasiya-kommunikasiya texnologiyaları sahəsinə dair dünya xəbərlərini gündəlik və operativ sürətdə Azərbaycan dilində təqdim edən ölkədə ilk internet-layihələrdən biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə