"Dövlətlər Paşinyan hakimiyyətinin addımlarından narazıdır" AÇIQLAMA-ÖZƏL

"Dövlətlər Paşinyan hakimiyyətinin addımlarından narazıdır" AÇIQLAMA-ÖZƏL

"Paşinyanın seçkilərdə qələbəsi təsdiqlənəndən sonra Rusiya Prezidentinin onu təbrik etməməsi, Lavrovun Ermənistanla bağlı səsləndirdiyi fikirlər və KTMT-nin üzvü olan digər dövlət başçılarının verdiyi bəyanatlar Paşinyan hakimiyyətinin atdığı addımlarla onların razı olmadığı qənaətinə gəlməyə əsas verir". Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.

Rusiyanın hərbi bazasının Ermənistandan götürülməsi ilə bağlı məsələlərə aydınlıq gətirən siyasi şərhçi söyləyib ki, belə bir addımın atılması Rusiyanın həm regionda nüfuzunu itirməsi, həm də sərhədlərin müdafiəsiz qalması deməkdir: "Buna görə də düşünmürəm ki, Rusiya belə addım atar. Belə məsələlərlə bağlı kiminsə bəyanat verməsi qeyri-ciddi görünür".

Politoloq vurğulayıb ki, Paşinyan hökuməti formalaşdırdıqdan sonra onunla müvafiq danışıqlar aparılacaq:" Hətta Lavrov da bir neçə gün öncə müsahibələrinin birində digər ölkələrə aid bazaların Ermənistanda yerləşdirilməsinin mümkünsüzlüyünü səsləndirdi. Bu, əslində, Qərbin, ABŞ-ın hərbi qüvvələrinin orada gələcəkdə baza yaratmaması üçün bir mesaj idi. Yəni bununla bağlı müqavilələr də imzalanacaq. Orada Rusiyanın hərbi bazasından başqa bazalar olmayacaq".

Politoloqun sözlərinə görə, bu gün Rusiyanın Gümrüdəki hərbi bazasını bağlayıb oradan çıxması Dağlıq Qarabağ münaqişəsinə təzyiqin azalmasına da gətirib çıxarar: "Digər tərəfdən, Gürcüstan ərazisində baş verən hadisələrdə də Ermənistanda yerləşən rus bazasının mühüm rolu olub. Ona görə də Rusiya Gümrüdəki hərbi bazasını birmənalı şəkildə saxlayacaq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə