“Kimyaçı”lar Mədəniyyət sarayında yeni il şənlikləri keçirilir

“Kimyaçı”lar Mədəniyyət sarayında yeni il şənlikləri keçirilir
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azərikimya" İstehsalat Birliyinin "Kimyaçı" Mədəniyyət sarayında Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni ilə həsr olunan bayram şənliklərinə start verilib. Saray ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin dəstəyi, "Azərikimya" İstehsalat Birliyinin təşkilatçılığı ilə öz qapılarını kimyaçı övladlarının, məktəbəqədər müəssisələrdə tərbiyə alan uşaqların və kiçik yaşlı məktəblilərin üzünə açıb. Mədəniyyət sarayında əzəmətli yolka qurulub, Şaxta Baba və Qar qız balacaların şənliyinə gəlib.

3 gün davam edəcək bayram şənliklərinin ilk günündə balaca tamaşaçılara əyləncəli viktorinalar və maraqlı idman oyunları təqdim olunub. Köhnə və yeni ilin rəmzi olan Pələng və Dovşan, həmçinin nağıl qəhrəmanlarının duzlu-məzəli səhnəcikləri də tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb. Bayram şənliyində ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin Səttar Bəhlulzadə adına Mədəniyyət sarayının "Ayna", "İgidlər" və "Dəniz" rəqs kollektivlərinin və digər mədəniyyət saraylarının solistlərinin ifa etdikləri xalq və bəstəkar mahnıları, milli rəqslər tamaşaçılarda xoş ovqat, yüksək əhval-ruhiyyə yaradıb.

Ümumilikdə 4 min nəfər azyaşlının iştirakı nəzərdə tutulan bayram şənliklərində hər bir iştirakçıya ARDNŞ tərəfindən yeni il hədiyyələri təqdim olunacaq. Bayram ərəfəsində "Kimyaçı" Mədəniyyət sarayının bədii özfəaliyyət kollektiv lərinin kimyaçılar qarşısında "Xoş müjdəli yeni il" adlı rəngarəng konsert proqramı ilə çıxışı da nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə