Dünya Əhalisi üzrə Alman Fondunun (DSW) hesablamalarına görə, dünya əhalisi sürətlə artmaqda davam edərək, 2011-ci ilin ortalarında 7 milyardı ötüb keçəcəkdir.
SİA-nın xəbərinə görə, gələn ilin ilk günündə yer üzündə 6 milyard 934 milyon 196 min nəfərin yaşayacağı gözlənilir. Bu isə ötən illə müqayisədə 80 milyon nəfər, yaxud 1,15 faiz artım deməkdir. Fondun məlumatına görə, dünyada əhali artımı hər saniyədə 2,6 nəfərə bərabərdir. Mavi planetin əhalisinin böyük əksəriyyəti - 5,7 milyardı inkişaf etməkdə olan ölkələrdə yaşayır. 2050-ci ilədək həmin ölkələrdə yaşayan əhalinin 2,2 milyard nəfər artacağı ehtimal olunur.
Qitələr arasında müqayisədə isə ən sürətli artım Afrikada müşahidə olunur. Bu il ərzində qitənin ümumi əhali sayı bir milyard nəfəri ötmüş və hesablamalara görə, əsrin ortalarında bu rəqəm iki dəfə artaraq 2 milyarda bərabər olacaqdır.
Artım tempi bu cür davam edərsə, planetimizin əhalisi 2024-cü ildə 8 milyarda, 2045-ci ildə isə 9 milyarda bərabər olacaqdır.
Fondun rəhbəri Renate Behr bildirmişdir ki, inkişaf etməkdə olan ölkələrdə nizamsız ailə planlaması və tibbi maarifləndirmənin aşağı səviyyəsi əhalinin kəskin artımına əsas səbəblər kimi göstərilə bilər.
Qərargahı Hannover şəhərində yerləşən fondun əsas məqsədi Afrika və Asiyada ailə planlaması və maarifləndirmə layihələrini, eləcə də ailə tənzimləməsi ilə əlaqədar sağlamlıq təşəbbüslərini dəstəkləməkdən ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB