İlham Əliyev epoxası: zirvədən-zirvəyə

İlham Əliyev epoxası: zirvədən-zirvəyə

Azərbaycan Respublikası dövlət müstəqilliyinin 27 ili ərzində dərin və hərtərəfli böhrandan qlobal dəyişikliklərə və böyük inkişafa doğru məsuliyyətli və şərəfli yol keçmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizi böhrandan çıxarmış və gələcək inkişafın mühüm təməllərini atmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev böyük hədəfləri uğurla dəf edərək və müstəqil dövlətimizi bütün istiqamətlər üzrə inkişaf etdirərək, uca zirvələrə çatdırmışdır. Bunlar ölkəmizin müstəqillik dövrü inkişafının İlham Əliyev zirvələridir.

Prezident İlham Əliyevin siyasi hakimiyyətə gəldiyi 2003-cü il müstəqil Azərbaycan dövlətinin həyatında məsuliyyətli bir dövr idi. Bir tərəfdən hakimiyyətdə dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin qazandığı böyük nüfuzu qoruyub saxlamaq, digər tərəfdən isə Azərbaycan cəmiyyətini bütün sahələr üzrə inkişaf etdirmək vəzifəsini həyata keçirmək lazım idi. Və beynəlxalq aləmdə mövqelər daha da möhkəmləndirmək lazım idi. Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının sükanını etibar etdiyi cavan Prezident haqqındakı «mən ona özüm qədər inanıram» bəyanatı İlham Əliyevin məsuliyyətini daha da artırmışdır. Ötən 15 ilin təcrübəsi göstərdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev böyük sınaqlardan çıxmış, xalqın ürəkdən inandığı və dəstəklədiyi Heydər Əliyev yolunu özünün fəaliyyətinin əsas strategiyası kimi qəbul etmək, siyasi hakimiyyətdə varisliyi diqqət mərkəzinə, ön cəbhəyə çəkmək və siyasi kursu yaradıcı şəkildə davam etdirməklə cəmiyyətin demək olar ki, bütün təbəqələrinin yüksək etimadını qazanmışdır. Bu, eyni zamanda, cənab Prezidentin özünəqədərki dövrdə ölkə üzrə aparılmış islahatların yaradıcı şəkildə davam etdirilməsi, başlanmış bütün işlərin, icra proseslərində olan mühüm layihələrin uğurla həyata keçirilməsi və tamamlanması istiqamətində düşünülmüş və qətiyyətli addımların atılması demək idi. Yəni Prezident İlham Əliyevin simasında müstəqil Azərbaycan dövləti əvvəlcədən haralara aparıb çıxaracağı bilinməyən gözqamaşdırıcı eksperimentlər yolunu deyil, zamanın imtahanlarından uğurla keçmiş inkişaf yolunu yeni tarixi proseslərə uyğun olaraq davam etdirmək strategiyasını seçməklə sonrakı proseslərdə davamlılığı və hətta etibarlı dayanıqlığı təmin etməyə nail olmuşdur. Azərbaycanda inkişafın yeni mərhələsi keçilmiş böyük yolun imkanlarından deyil və riskli eksperimentlərdən yox, xalqın və ölkənin çətinliklər bahasına gəlib çatdığı nöqtədən başlamışdır. Bu mənada Azərbaycan Respublikasının dövlət ierarxiyasındakı siyasi varislik və yaradıcı yanaşma ölkənin sonrakı inkişafının möhkəm əsaslarına, hərəkətverici qüvvəsinə çevrilmişdir. Postsovet məkanında ayrı-ayrı ölkələrdə: Vladimir Putinə qədərki Rusiyada və hələ də yeni liderlər sorağında axtarışlar aparmaqda davam edən Ukraynadakı demokratiya oyunlarının həmin ölkələri hansı çətinliklər və gərginliklər qarşısında qoyduğunu göz önündən keçirməklə İlham Əliyevin tutduğu siyasi varislik yolunun nə qədər düşünülmüş və uzaqgörən bir mövqe olduğunu aydın surətdə dərk etmək mümkündür. Məhz həmin vahid strategiyanın nəticəsində ilk növbədə Azərbaycan Respublikasında əvvəlcədən başlanılmış böyük layihələr məqsədyönlü şəkildə davam etdirilərək tamamlanmışdır. Dünyaya səs salmış «Əsrin müqaviləsi»nin işığında Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin uğurla başa çatdırılması, istifadəyə verilməsi müstəqil Azərbaycan dövlətinin gələcək taleyində müstəsna dərəcədə mühüm rol oynamışdır. Bundan başqa, ölkə miqyasında başlanmış torpaq islahatlarının məqsədyönlü şəkildə davam etdirilərək tamamlanması və respublikada bazar iqtisadiyyatına əsaslanan yeni idarəetmə və təsərrüfat münasibətlərinin formalaşması da xalqımızı və ölkəmizi inkişafın böyük magistrallarına çıxarmağa uğurla xidmət etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu mühüm və məsul vəzifələri siyasi hakimiyyətinin birinci beş il ərzində həyata keçirərək tamamlamış, müstəqil dövlətimizin dayaqlarını möhkəmləndirməyə nail olmuşdur.

Bununla yanaşı, Prezident İlham Əliyev dövlət idarəetmə siyasətində yeni təfəkkürü təmsil edən novator bir lider kimi hakimiyyətə başladığı andan həm də paralel olaraq ən müasir istiqamətlərdə islahatlara start vermişdir. Dövlət rəhbərinin müəyyən etdiyi yeni istiqamətlər həyatın daxili təbii məntiqinin, ölkə reallıqlarının və mövcud dünya təcrübəsinin nəzərə alınması əsasında formalaşdırıldığı üçün bütün sahələrdə gerçək davamlı inkişafa geniş yol açmışdır. Məsələn, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi hakimiyyətə gəldiyi ilk illərdən başladığı və bizim günlərə qədər uğurla davam etməkdə olan Regionların inkişafı üzrə Dövlət Proqramının həyati zərurətdən doğan və ölkə üçün xüsusi əhəmiyyətə malik bir strategiya kimi həyata keçirilməsi respublikamızda fərqli bir inkişaf səviyyəsinə gəlib çatmaqda hərəkətverici bir missiyanı yerinə yetirmişdir. Azərbaycan rayonlarında həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, təsərrüfat proqramları, möhtəşəm sosial-mədəni quruculuq işləri ölkəmizin simasını tamamilə dəyişdirmişdir. Regionlarda aqrar sektorla yerli sənayeləşmənin biri digərini tamamlaması, əhalinin ərzaq tələbatının ödənilməsi ilə yanaşı, həm də xammal və emal proseslərinin iqtisadi cəhətdən daha sərfəli şəkildə tənzimlənməsi ölkədə hərtərəfli və harmonik inkişafın təmin edilməsini gerçəkləşdirmişdir. Bu gün nəinki Müstəqil Dövlətlər Birliyi ölkələri miqyasında, hətta əksər Avropa dövlətlərində Azərbaycandakı səviyyədə regionların inkişafını müşahidə etmək çətindir. Indi Azərbaycanın bütün rayonları xalqımız üçün yaşayıb-yaratmalı, qurub-tikməli, rahat və firavan şəkildə ömür sürməli bir məkana çevrilmişdir. İlk növbədə rayonların təsərrüfat imkanları genişlənmiş və bazara çıxarılan məhsulların həcmi və keyfiyyəti artmışdır. Hazırda aparılan məqsədyönlü dövlət siyasəti sayəsində Azərbaycanın regionları da paytaxt miqyasında böyük ixrac imkanlarına malik münbit bir bazar funksiyasını daşımaqdadır. Yaxud da Azərbaycanın regionlarında tikilən məktəb və ya xəstəxana binaları ilə Bakı şəhərindəki təhsil və tibb müəssisələri arasında ciddi bir fərq yoxdur. Respublikamızın paytaxtı Bakı şəhərini regionlarla əlaqələndirən və dünyaya açılan avtomobil yolları yüksək dünya standartı səviyyəsindədir. Prezident İlham Əliyevin son illərdə irəli sürdüyü böyük miqyaslı kənd təsərrüfatı proqramları çayçılıq, pambıqçılıq, çəltikçilik, ipəkçilik layihələri və həmin proqramların həyata keçirilməsi sahəsində əldə olunan mühüm iqtisadi nəticələr Azərbaycan regionuna yeni həyat gətirmişdir. Rayon mərkəzləri və kəndlərimiz tanınmaz olmuşdur. Bütün bunların fonunda müasir dövrdə Azərbaycan regionunun canlı, dinamik inkişaf səviyyəsi bütün böyük ritmləri ilə qabarıq şəkildə nəzərə çarpmaqdadır. Əhatə etdiyi böyük masştaba və mühüm iqtisadi əhəmiyyətinə görə uğurla həyata keçirilməkdə olan Regionların inkişafı üzrə Dövlət Proqramını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin özünəməxsus QOELRO planı adlandırmaq olar. Bu, regional inkişafda Prezident İlham Əliyevin fəth etdiyi zirvədir.

Fikrimizcə, müstəqillik dövründə nəqliyyatın inkişafın etdirilməsi sahəsində də ölkəmiz çox böyük uğurlara imza atmışdır. Bakı şəhərində inşa edilən müasir tipli möhtəşəm körpülər, yeraltı keçidlər və dayanacaqlar meqapolis miqyaslı paytaxtda nəqliyyat infrastrukturunun tamamilə yenidən qurulması ilə nəticələnmişdir. Azərbaycanın coğrafiyasının bütün çıxış nöqtələrinə doğru çəkilən yeni yollar mükəmməl otoban səviyyəsindədir. Ölkəmizin bütün regionlarını əhatə edən genişzolaqlı avtomobil yolları həm də respublikamızı iqtisadi və mədəni cəhətdən inkişaf etdirən at gücü funksiyasını daşıyır. Prezident İlham Əliyevin adı və yorulmaz fəaliyyəti ilə birbaşa bağlı olan Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiyanı birləşdirən nəhəng nəqliyyat qovşağıdır. Bakı-Tbilisi-Qars marşurutu beynəlxalq miqyasda Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətlərinin nəticəsində meydana çıxmış Dəmir İpək Yolu kimi qəbul olunur. Bu tarixi İpək yolu marşrutuna müstəqil Azərbaycan Respublikasının möhtəşəm əlavəsidir.

Bakı-Tiblisi-Qars Dəmir İpək Yolunun Türkiyə Cümhuriyyətinin Qars şəhərindən Azərbayan Respublikasının üzvü tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasına qədər uzadılması ilə bu böyük magistral İran İslam Respublikasının dəmir yollarına qoşularaq ətrafdakı Asiya ölkələrini də əhatə edə biləcəkdir.

Azərbaycana sürət qatarı anlayışını da Prezident İlham Əliyev gətirmişdir. Sürətli qatar, sadəcə yeni tipli dəmir yolu olmaqla qalmayıb, həm də Azərbaycanın bütün istiqamətlər üzrə sürətli inkişafının böyük paroludur. Azərbaycan Respublikasında Bakı-Tbilisi-Qars Dəmir İpək yolunu Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri böyük müvəffəqiyyətlə davam və inkişaf etdirir. Bu gün Azərbaycan beynəlxalq tranzit yollarının qovşağı olan inkişaf etmiş ölkə missiyasını həyata keçirir. Böyük magistral yollar özünün arxasınca ölkəmizdə böyük iqtisadiyyata geniş yol açmaqla bərabər, turizmin və mədəniyyətin inkişafı üçün də müstəsna imkanlar yaradır. Bu isə dünyada qəbul olunmuş Renessans – İntibah mərhələsinin ən mühüm şərtlərindən birinin, tranzit ölkəyə çevrilməyi Azərbaycanda ən sərfəli və əlverişli şəkildə həyata keçirilməsi deməkdir. Hava nəqliyyatında və gəmiçilikdə salınan limanlar, işə salınan gəmiqayırma zavodları, bu zəmində Ələt İqtisadi Zonasının yaradılması respublikamızın daha sürətli inkişafına təkan verir. Beləliklə, artıq Azərbaycan beynəlxalq nəqliyyat bazarını fəth etmiş ölkə statusu qazanmışdır. Bu da Prezident İlham Əliyevin Azərbaycan Respublikasına qazandırdığı mühüm bir zirvədir.

Müstəqil Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi və Prezident İlham Əliyevin dünyanın bir nömrəli beynəlxalq təşkilatının iclaslarına rəsmi olaraq sədrlik etməsi və həmin mötəbər kürsüdən planet miqyasında çağırışlar səsləndirməsi müstəqil dövlətimiz üçün möhtəşəm zirvədir! Bu zirvəni yalnız görkəmli dövlət xadimi Heydər Əliyevin dövrünün ən böyük super güclərindən biri olan SSRİ-də Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü səviyyəsinə qalxması ilə müqayisə etmək olar. Azərbaycan Respublikasını Siyasi Bürosəviyyəsindən Birləşmiş Millətlər Təşkilatı mərtəbəsinə çatdırmaq etibarlı siyasi varisliklə güclü müasirlik ruhunun qarşılıqlı əlaqəsi və vəhdəti sayəsində mümkün ola bilmişdir.

Heç şübhəsiz, Azərbaycan Respublikasının beynəlxalq miqyasda xüsusi çəkiyə malik olan Avropa Birliyi Nazirlər Şurasına və Qoşulmama Hərəkatı Təşkilatına sədrlik etmək səlahiyyəti qazanması çoxəsrlik Azərbaycan tarixinin yeni mərhələdəki nadir hadisələridir. Müstəqillik qazanmış yeni dünya dövlətləri arasında belə yüksək etimad səviyyəsinə qlxa bilmiş digər ölkələr göstərmək çətindir. Bu, yüksək zirvələrin qazanılmasında iki mühüm amil : Azərbaycan Respublikasının inkişafı və Prezident İlham Əliyevin şəxsi keyfiyyətləri mühüm rol oynamışdır. Azərbaycan Respublikasının iqtisadi-mədəni cəhətdən əldə etdiyi böyük nailiyyətlər və müstəqil dövlətin sükanı başında möhkəm dayanmış Prezident İlham Əliyevin liderlik məharəti beynəlxalq təşkilatların heç də həmişə birmənalı olmayan meyarlarını aşmaqla əsas şərtlərdən biri olmuşdur. Üstəgəl dövlət başçımızın möhkəm siyasi iradəsi ilə yanaşı, geniş analitik təfəkkürü, qeyri-adi natiqlik məharəti, xarici dillərə dərindən bələdliyi də əsas faktorlar sırasında Azərbaycana böyük nüfuz gətirmişdir.

Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı ölkələrinin gənc nəslinə müstəqil Azərbaycan dövlətinin qrantı hesabına Azərbaycanda ali təhsil almaq imkanlarının açılması inkişafımızın yeni tarixi mərhələsinin mühüm göstəricilərindəndir. Azərbaycan Respublikasının Prezidentinin yanında Elmin İnkişafı Fondunun, Gənclər Fondunun və Dövlət Neft Şirkətinin də qrantları hesabına xarici ölkələrdə müştərək layihələrin həyata keçirilməsi inkişafın İlham Əliyev mərhələsinin reallıqlarındandır. Bu, həm də gənc Azərbaycan Respublikasının qısa müddət ərzində qrant, yardım alan ölkədən qrant verən donor ölkəyə çevrilməsi deməkdir. Bu cəhətdən müstəqil Azərbaycan Respublikası hazırkı mərhələdə Cənubi Koreya, Malaziya, Sinqapur kimi yeni dünya divləri sırasına doğru inamla yol gedən ölkə imici qazanmaqdadır.

Cəmi bir il ərzində, 2018-ci ildə iki nəhəng beynəlxalq təşkilatın – NATO-nun və Avropa Şurasının nəhayət ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməsi haqqında qərarlar qəbul etmələri Prezident İlham Əliyevin apardığı məqsədyönlü və ardıcıl xarici siyasətin gəlib çatdığı mühüm nöqtədir. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq aləmdə, xarici siyasətdə hansı yüksək zirvədə dayandığını parlaq şəkildə nümayiş etdirir.

Azərbaycan-Türkiyə Birliyi və qardaşlığı: “Bir millət – iki dövlət”in – birgə hərbi paradı - Zirvə!

Ölkədə yaradıcı ziyalılığın, elm və təhsilin inkişaf etdirilməsinə xüsusi qayğı göstərmək ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci mərhələsindən etibarən əsası qoyulmuş dövlət əhəmiyyətli strategiyadır. Prezident

İlham Əliyev üçün də elmin və təhsilin, ədəbiyyatın və incəsənətin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Möhtərəm Prezidentimiz üçün Azərbaycan elmi ölkənin inkişafına və xalqın sosial rifahının daha da yaxşılaşdırılmasına xidmət göstərən bir sahəyə çevrilməlidir. Azərbaycan Milli Elmlər Akademiyasında həyata keçirilən islahatlar ölkəmizdə fundamental tədqiqatların inkişaf etdirilməsi ilə bir sırada, həm də elmi fəaliyyət sahəsində innovasiyaların tətbiq olunmasına, sahibkarlıq mühitinin inkişafına meydan açmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi sərəncamı ilə milli Elmlər Akademiyasında yeni yaradılmış Yüksək Texnologiyalar Parkı və ona bağlı olan Təcrübə Sənaye Zavodu elmi mühitlə istehsalın, bazar münasibətlərinin qarşılıqlı əlaqələrinin formalaşdırılmasına geniş imkanlar açır. Əslində bu, ölkəmizdə müstəqillik dövrünün yeni tipli Elmlər Akademiyasını yaratmaq deməkdir. Bu istiqamətdə aparılan genişmiqyaslı tədbirlərin həyata keçirilməsi əsasında Bakı şəhərinin Zığ şosesi ərazisində salınmış müasir tipli yeni Akademiya Şəhərciyi XXI əsrin fərqli Milli Elmlər Akademiyasının ilkin modelidir. Milli Elmlər Akademiyasının Müdafiə sənayesi istiqamətində hərbi təyinatlı “məhsullar” istehsal istehsal etməsi Azərbaycanda Akademiya anlayışının yenidən qurulmaqda olmasından xəbər verir. Azərbaycan Respublikasının Milli Məclisində Elm və təhsil komitəsinin hazırladığı “Elm haqqında” Qanunun qəbul olunması və AMEA-dan müstəqillik dövrünün birinci “Nizamnaməsi”nin hazırlanıb təsdiq edilməsi, fəaliyyət mexanizmlərinin işə salınması ölkədə elmi yeni inkişaf müstəvisinə çıxarmağa geniş üfüqlər açır. Uzun illər əsasən fundamental tədqiqatlarla məşğul olan Milli Elmlər Akademiyasında indiki mərhələdə sənayeləşmə, innovasiya və sahibkarlıq sahələrinin ön mövqeyə çıxarılması faktiki olaraq yeni Akademiya qurmaq deməkdir. Elm sahəsində baş vermiş bu yeniləşmə Prezident İlham Əliyevin elm siyasətinin mühüm nəticəsidir.

Azərbaycan Respublikasında təhsil, mədəniyyət, səhiyyə, idman istiqamətlərinin inkişafına da Prezident İlham Əliyev öz möhürünü vurmuşdur. Diqqətlə fikir versək, Azərbaycan artıq ali məktəblər ölkəsinə çevrilmişdir. Paytaxtımız Bakı şəhərində yerləşən universitetlərlə ölkəmizin regionlarında fəaliyyət göstərən ali məktəblər nə maddi-texniki bazasına, nə də almi-pedoqoji potensiyalarına görə əsaslı şəkildə fərqlənmişlər. Naxçıvan Dövlət Universitetinin müasir inkişafı dünyanın ən yaxşı universitetləri ilə müqayisə oluna bilər. ADA Universiteti yeni tipli universitet quruculuğuna örnəkdir.

İlham Əliyev əsasında meydana çıxmış “Təhsil haqqında” (2009), “Məktəbəqədər təhsil haqqında” (2017), “Peşə təhsili haqqında” (2018) Qanunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsil siyasətinin uğurla həyata keçirilməsinə xidmət edir. Yeni təhsil mühiti və yeniləşmiş Azərbaycan təhsili xalqımızı və ölkəmizi bütün yönləri ilə irəli aparmaq missiyasını həyata keçirir. Son on beş ildə Azərbaycanda 3 mindən çox məktəbin tikilməsi və ya əsaslı şəkildə yenidən qurulması, müasir texnologiya ilə təchiz olunması inqilabi nəaliyyətdir, Azərbaycan təhsilində yeni zirvədir.

İlham Əliyev erası milli mədəniyyətin inkişafını da yeni mərhələyə çıxarmışdır.

Dünya şöhrətli xalq rəssamı Tahir Salahov – böyük sənətdə Zirvə!

Titulsuz-filansız, sadəcə Müslüm Moqamayev, Ömər Eldarov – Zirvə!

Planetin riyaziyyat mogikanı; Lütfüzadə – Zirvə!

Azərbaycan Respublikasının Avropa ölkələrindən qabaq yüksək və çox mütəşəkkil şəkildə Avropa oyunları keçirməsi və idmançılarımızın böyük uğurlar qazanması – Zirvə!

VI İslam Oyunları Olimpiadasına ev sahibliyi etmək və idmanın əsas növləri üzrə dünya çempionu adı qazanmaq, hamıdan çox qızıl medallar sahibi olmaq da zirvələrdən biridir.

Bakı şəhəri, Alov qüllələri – Zirvə!

Nəhayət, Azərbaycan ordusunun 2016-cı ilin Aprel döyüşlərindəki böyük qələbəsi – Zirvə!

Əlahiddə Azərbaycan Ordusunun 2018-ci ilin uğurlu döyüş əməliyyatları nəticəsində Naxçıvan Muxtar Respublikasındakı on bir min hektarlıq ərazini işğaldan azad etməsi və Ermənistan üçün strateji əhəmiyyətə malik olan İrəvan-Laçın magistral yoluna nəzarəti ələ keçirməsi – Zirvə!

Azərbaycan əsgərinin düşmən sərhədində yerləşən, dəniz səviyyəsindən 1800 metrlik yüksəkliyə malik olan Qızılqayanın ən uca nöqtəsinə Azərbaycan bayrağını taxması: Zir-və!

Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində yenidən insan məskən salması, Naxçıvan Muxtar Respublikasındakı Günnüt kəndinin düşmən tapdağından xilas edilməsi Dağlıq Qarabağın sabahına nikbin baxmağa əsas verir. Bu real hadisələr bir daha göstərir ki, hansı yolla olur-olsun, Azərbaycan dövlətinin işğal edilmiş ərazilərini geri qaytaracağı, məcburi köçkünlərin doğma torpaqlarına qayıdacağı gün çox da uzaqda deyildir. Prezident İlham Əliyevin böyük bacarıqla apardığı hərb və sülh siyasətinin real nəticələri Azərbaycanın haqq işinin, ədalətli mübarizəsinin qalib gələcəyinə inam bəsləməyə böyük ümid yaradır. Azərbaycan xalqı möhkəm surətdə inanır ki, Dağlıq Qarabağ münaqişəsi məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə qələbə ilə başa çatdırılacaqdır.

Nəticə: Heydər Əliyev - İlham Əliyev epoxası – çoxəsrlik Azərbaycan tarixində möhtəşəm Zirvə!

Müstəqil Azərbaycan Respublikası müasir inkişafın İlham Əliyev zirvələri dövrünü yaşayır.

Dünya liderləri sırasında özünəməxsus yeri və mövqeyi olan görkəmli dövlət xadimi, Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandanı İlham Əliyev xalqımızı və ölkəmizi böyük bacarıqla və qətiyyətlə Zirvədən - Zirvəyə və Qələbədən - Qələbəyə doğru aparmaqda davam edir.

Bu gün Azərbaycan dünyanın Qafqazdan ucalan yeni bir zirvəsi kimi görünür.

Prezident İlham Əliyevin rəhbərliyi ilə fəth ediləcək növbəti Zirvə Dağlıq Qarabağ və Şuşa qalası olacaqdır...

İsa HƏBİBBƏYLİ,

AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm

və Təhsil Komitəsinin sədri, akademik

Bütün xəbərlər Facebook səhifəmizdə