Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan gələn həftə Rusiyaya işgüzar səfər edəcək. Politoloqların sözlərinə görə, hələlik, ilkin mərhələdə Moskva Paşinyana ancaq Ermənistana verdiyi qazın qiymətini qaldırmaqla xəbərdarlıq edir. Məlumatlara görə, Rusiya 2019-cu ilin 1 yanvarından etibarən Ermənistana satdığı qazın qiymətini hər 1000 kubmetr üçün 215 dollara qaldıracaq. "168 Jam" qəzetinin yazdığına görə, Rusiya baş naziri Dmitri Medvedyevin müavini Dmitri Kozak Ermənistan hökumətinə, konkret olaraq, erməni həmkarı Tiqran Avinyana rəsmi məktub ünvanlayaraq, 2019-cu ildən etibarən Rusiyanın satdığı təbii qazın qiymətinin artacağını qeyd edib. Məktubda Dmitri Kozak bildirib ki, Rusiyanın sərhəddəki qazının min kubmetrinin qiyməti 215 dollar olacaq və bu qərar müzakirəyə qoyulmur: "Məsələ ilə bağlı biz Avinyanın özündən şərh almağa çalışdıq. Amma onun ofisinin rəhbəri Varaq Siseryan bildirdi ki, baş nazirin müavini gün ərzində bir neçə görüşdə iştirak edəcəyindən, suala cavab verməyə vaxtı olmayacaq. Bununla belə, qaydalara uyğun olaraq, ofis 5 gün ərzində bu sualı cavablandıracağını deyib" – deyə qəzet yazır.
Qeyd edək ki, hazırda Ermənistan sərhəddə Rusiya qazının min kubmetrini 150 dollara alır. İrəvan bu qiymətin daha da azaldılmasını istəyir və bunun üçün Moskva ilə danışıqlar aparır. Erməni KİV-ləri isə, yazırlar ki, razılıq əldə olunmazsa, gələn ildən Rusiya təbii qazını Ermənistana daha baha qiymətə satacaq ki, bu da, erməni istehlakçılarının daha çox vergi verməsi ilə nəticələnəcək.
Ümumilikdə, 150 dollar Rusiyanın digər ölkələrə satdığı qazın qiymətindən bir neçə dəfə ucuzdur. Adətən, hansısa MDB ölkəsi Rusiyanın təsir dairəsindən çıxaraq, Qərbə inteqrasiya yolunu tutursa, Moskva dərhal həmin dövlətə münasibətdə bir sıra təzyiq metodlarına əl atır. Bu təzyiq metodlarından biri də, məhz satdığı qazın qiymətini bahalaşdırmasıdır. Vaxtilə Kreml Baltikyanı ölkələrə və Ukraynaya münasibətdə, məhz bu vasitələrdən istifadə edib. Ermənistandakı Paşinyan hakimiyyəti də qərbpərəst hökumət kimi tanınır. Bu mənada, Rusiyanın qazın qiymətilə bağlı analoji addımı gözlənilən idi.
Maraqlıdır, bəs ekspertlər bunu necə şərh edirlər?
Sözügedən məsələni dəyərləndirən politoloq Natiq Mirinin fikrincə, Rusiya öz təsiri altında olan dövlətlərin Qərbə meyillənməsinə cavab olaraq, onlara satdığı qazın qiymətini artırır: "Kreml, hələlik, Ermənistana münasibətdə ancaq bu rıçaqdan istifadə etməklə kifayətlənəcək. Cari ilin dekabrından sonra Rusiyanın Ermənistana verdiyi qazın qiymətini qaldıracağı gözləniləndir. İlk öncə, Paşinyan hökumətinə xəbərdarlıq edilir ki, Moskvanın hansı səviyyədə İrəvana güzəşt etdiyini anlasınlar. Çünki min kubmetri 150 dollara heç bir dünya bazarında qaz satılmır. Bu mənada, səslənən fikirlərə görə, Rusiya Ermənistanla qaz sahəsində yeni müqaviləni daha yüksək qiymətlərin müəyyənləşməsi fonunda başlayacaq. Ola bilər, Rusiya bu dəfə Ermənistana qazı 200 dollardan baha satsın. Qazın qiymətinin bahalaşması müşahidə olunarsa, bu, Ermənistan rəhbərliyinə verilən ciddi iqtisadi xəbərdarlıq olacaq".
2018-ci il Paşinyanın hakimiyyətə gəlməsi ili kimi olsa da, 2019-cu il hakimiyyətdən getməsi ili olacaq
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Paşinyanı qarşıda çox ciddi və ağır günlər gözləyir: "Xüsusilə də, Dağlıq Qarabağ problemi ilə bağlı. Sözsüz ki, Paşinyan "gəmisinin" hansı "limana" - Rusiyaya, yoxsa Qərbə tərəf yan alacağını hələ özünün də dəqiq bilmədiyini güman etmək olar. Yox, əgər bilirsə də, hələ ki, "ermənilik" edərək gizlədir. Görünür, Paşinyan öz ölkəsi daxilində müəyyən islahatlar aparıb, "kreslosunun boltlarını" sıxınca, Rusiyanın ağzını bacardığı qədər boza verərək, vaxt udmaq fikrindədir. Vaxt udmaq isə ermənilər
üçün xarakterik bir xüsusiyyətdir. Onlar həm tarixi öz xeyirlərinə saxtalaşdırıb "udmaqda", həm də Qarabağ məsələsində zamanı otuz ilə yaxın uzadaraq, saatları öz xeyirlərinə işlətməkdə mahirləşiblər. Məlum məsələdir ki, Ermənistanın başına hansı "yan"ın gəlməsindən asılı olmayaraq, Dağlıq Qarabağ probleminin həll olunması işində hər hansı bir "quş" buraxa bilməz. O zaman xalq onu elə quş kimi yolar. Ona görə də, Dağlıq Qarabağla bağlı Paşinyanın "xod etməsi" təbiidir. Çünki küçə etirazları üzərində hakimiyyətə gələn Nikol Paşinyan Rusiya rəhbərliyinə verdiyi vədlərə əməl etmədi və insanları yenidən mitinqə çağırması müəyyən şübhələr yaratdı. Ermənilərə anladıblar ki, Dağlıq Qarabağı özbaşına işğal etməyiblər. Onlara ciddi hərbi, maliyyə, ideoloji, təbliğat və diplomatik dəstək olub. Onların sırasında Rusiya da vardır".
Birmənalı həqiqətdir ki, bu gün Ermənistanın bir dövlət olaraq, varlığını davam etdirə bilməsi Azərbaycanla normal münasibətlərin qurulmasından, işğal siyasətindən əl çəkməsindən asılıdır. Əks- təqdirdə, Ermənistanın çöküşü davam edəcək, ölkə daha böyük sürətlə tənəzzül girdabına yuvarlanacaqdır. Bunu, əslində, bütün dünyada, o cümlədən, Ermənistanın özündə də kifayət qədər aydın sezirlər. Ermənistanın "İravnuk" qəzeti yazır ki, İrəvan qonşu ölkələrin hamısı ilə münasibətlərini normallaşdırmasa, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmasa, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, ölkədə hansısa iqtisadi tərəqqidən danışmaq mümkün deyil.
Qəzet, bu mənada, Nikol Paşinyanın hakimiyyətə gəlişi zamanı verdiyi vədlərin yerinə yetirilməsinin mümkünsüz olduğunu, əslində, cəmiyyətdə baş nazirə inamın sürətlə əriyib getdiyini də, xüsusi olaraq, diqqətə çatdırır.
"Bu ağır, çətin vəziyyətdən xilas üçün Ermənistanın yeganə yolu var, o da bizim torpaqlarımızdan çıxmaqdır"
Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan da, uzun müddətdir ki, işğalçı ölkəyə çox aydın şəkildə Ermənistanın xilasının Dağlıq Qarabağ münaqişəsinin həllindən keçdiyini açıq şəkildə bildirir. Milli Məclisdə Azərbaycan
parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda çıxışı zamanı bu mövzuya toxunan Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Ermənistan işğalçılıq siyasətinə görə böhran və tənəzzül içindədir: «Rəsmi statistikaya görə, orada yoxsulluq 30 faizə, amma real vəziyyətdə 50 faizə çatır. Kütləvi işsizlik, depopulyasiya, insanların kütləvi şəkildə köçü baş verir. İqtisadi inkişaf üçün heç bir əsas yoxdur. Heç kim investisiya qoymaq istəmir, bazar məhduddur, xarici bazarlara çıxış yoxdur. Bu mövcud problemlər, üstə gəl onların işğalçılıq siyasəti, faktiki olaraq, əvvəlki kriminal rejimin çökməsinə gətirib çıxardı. Amma biz görürük ki, indi yeni hökumət də eyni yolla getmək istəyir. Bu ağır və çətin vəziyyətdən xilas olmaq üçün Ermənistanın yeganə yolu var, o da bizim torpaqlarımızdan çıxmaqdır. Ondan sonra onların inkişafı üçün şərait yaradıla bilər".
Ermənistanın "Armenianreport" saytı isə yazır ki, İrəvanın diqqət yetirməli olduğu məqamlardan biri də Azərbaycanın hərbi gücüdür. Saytda Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclasda çıxışı zamanı Prezident İlham Əliyevin fikirlərinə də diqqət yetirilir: "Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq. Heç vaxt Azərbaycan xalqı və dövləti imkan verməyəcək ki, onun əzəli, tarixi, hüquqi torpağı ondan ayrılsın. Qoy Ermənistan bu xülyalarla yaşamasın. Qoy Ermənistan rəhbərliyi öz xalqını aldatmasın. Biz bütün imkanlardan istifadə edirik və edəcəyik ki, ərazi bütövlüyümüzü bərpa edək və bu istiqamətdə çox önəmli addımlar atılmışdır".
Beləliklə, siyasi ritorikaya, küçə leksikonuna üstünlük verən Paşinyanı qarşıda xoş olmayan "sürprizlər" gözləyir. 2018-ci il Paşinyanın hakimiyyətə gəlməsi ili kimi olsa da, 2019-cu il hakimiyyətdən getməsi ili olacaq.
A.SƏMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB