Bu gün ölkəmizin qarşısında duran əsas vəzifələr uğurla icra edilir, təhlükəsizlik yüksək səviyyədə qorunur, ictimai-siyasi sabitlik möhkəmlənir. Demokratik cəmiyyət quruculuğu, dünya birliyinə inteqrasiya sahəsində ciddi nailiyyətlərə imza atan Azərbaycan dünya ölkələri ilə münasibətlərini suverenliyə və ərazi bütövlüyünə hörmət, sərhədlərin toxunulmazlığı və daxili işlərə qarışmamaq kimi beynəlxalq norma və prinsiplər əsasında qurmaqla, beynəlxalq birliyin etimadını qazanıb. Azərbaycanın dünyadakı nüfuzu, bir çox beynəlxalq layihələrin reallaşması bu münasibətlərin daha da dərinləşməsinə səbəb olub. Son 15 il ərzində Azərbaycan Prezidenti İlham Əliyev mötəbər beynəlxalq təşkilatlardan olan Avropa Şurasının Parlament Assambleyasının həmsədri olmuş, ölkəmiz isə aparılmış praqmatik xarici siyasət nəticəsində, dünyanın yeganə qlobal təşkilatı olan Birləşmiş Millətlər Təşkilatının ən nüfuzulu orqanı olan Təhlükəsilik Şurasına 155 ölkənin dəstəyini qazanaraq, qeyri-daimi üzv seçilmişdir. Bu da, ölkəmizin milli maraqlarını beynəlxalq arenada layiqincə təmsil edilməsinə tarixi şərait yaratmışdır.
Müstəqillik tarixinin 27 ili ərzində Azərbaycan özünün xarici-siyasi prinsiplərinə əsaslanaraq, qonşu dövlətlərlə dostluq münasibətləri prinsipini qoruyur və onlara qarşı bitərəf siyasətini saxlayır. Məlumdur ki, Qoşulmamaq Hərəkatınin nazirlər konfransında ölkəmizin rəhbəri İlham Əliyev çıxış edərək qeyd edib ki, ölkələr, iştirakçı təşkilatlar, eyni - oxşar çağırışlarla və problemlərlə üzləşərlərsə, o vaxt onların gücü birgə məsuliyyət daşımalarından asılı olacaq. "Biz bu hərəkatın üzvü olaraq öz ölkəmizdə sərbəst, müstəqil həyat sürmək istəyirik, kənardan bizə yol göstərənlərlə yaşamaq istəmirik", - deyən dövlət başçısı qeyd edib ki, artıq yarım əsrdir ki, Qoşulmamaq Hərəkatı humanizm prinsiplərini irəli sürür. Bu prinsiplər Azərbaycanın ideologiyasının əsasında dayanan multikulturizm və tolerantlıqla harmonik şəkildə uyğun gəlir və bu ideologiyanın təməlini də Ümummilli Lider Heydər Əliyev qoymuşdur. Qeyd edilməlidir ki, 2019-2022-ci illərdə Azərbaycan 120 ölkəni öz ətrafında birləşdirən bu təşkilata sədrlik edəcəkdir. Növbəti il bir sıra ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə Bakı şəhərində Qoşulmama Hərəkatının Zirvə Görüşü keçiriləcəkdir. Təbii ki, baş tutacaq bu tarixi hadisə Azərbaycanın növbəti diplomatik uğuru kimi qiymətləndirilməlidir.
BEYNƏLXALQ HƏRBİ-SİYASİ ƏMƏKDAŞLIQ, HƏRBİ SƏNAYE VƏ HƏRBİ-TƏHLÜKƏSİZLİK İSTİQAMƏTLƏRİNDƏ APARILMIŞ UĞURLU SİYASƏT
Çox təəssüf ki, erməni rəhbərliyinin destruktiv siyasəti Azərbaycanın imicini beynəlxalq arenada korlamaq siyasətini yürüdür. Bunun da qarşısını almaq üçün Azərbaycan tərəfində gərginlik yaradır. Rəsmi İrəvanın Azərbaycan haqqında yalançı və əsassız məlumatları getdikcə artır. Bunların hamısı, ancaq bir məqsəd daşıyır: öz siyasətlərinə bəraət qazandırmaq, Ermənistanı saldıqları geosiyasi dalandan çıxartmaq. Lakin Prezident İlham Əliyevin diplomatik səyləri nəticəsində, işğalçı Ermənistan dövləti küncə sıxışdırılmış halda qalmaqda davam edir. İndi bütün beynəlxalq təşkilatların sənədlərində Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi göstərilir. Dünyanın nüfuzlu ekspertlərinin hesab etdikləri kimi, Ermənistanın mövqeyi xeyli zəiflədilmişdir. Hətta işğalçı dövlətə bir vaxtlar havadarlıq etmiş ölkələrin regional məsələlərdə, məhz Azərbaycan Prezidenti ilə məsləhətləşməyə üstünlük verməsi və paralel olaraq, Ermənistanı perspektivsiz ölkə hesab etmələri, İrəvanın oyundan kənarda qalmasına və əsl təşvişə düşməsinə səbəb olmuşdur. Ermənistan tərəfindən İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanıyan qətnamə və qərarlarına məhəl qoyulmasa da, aprel döyüşlərində verdikləri ağır itki Ermənistana böyük dərs olmuşdur. İrəvanın belə qorxu içində olması, əslində, çox başa düşüləndir. Çünki Azərbaycan Ordusu artıq peşəkar və nizamlı ordudur. O, döyüş meydanında sözünü deyə bilən və Ali Baş Komandanın bütün tapşırıqlarını layiqincə yerinə yetirə bilən ordudur. Heç təsadüfi deyil ki, bir çox beynəlxalq ekspertlərin və beyin mərkəzlərinin hesabatlarında müasir hərbi texnika, yüksək hərbi peşəkarlıq, hərbi çeviklik və döyüş ruhu amillərinə görə Azərbaycanın regionun ən güclü ordusuna, dünya miqyasında isə qabaqcıl ordularından birinə malik olduğu bildirilir. Bu da, məhz ölkə Prezidentinin xalq-hakimiyyət birliyi prinsipindən irəli gələrək, Azərbaycan Ordusunun xarici siyasət məqsədlərinin yerinə yetirilməsində vacib vasitələrdən biri kimi faydalanmaq üçün ölkəmizdə son 15 il ərzində beynəlxalq hərbi-siyasi əməkdaşlıq, hərbi sənaye və hərbi-təhlükəsizlik istiqamətlərində aparılmış uğurlu siyasət və əməkdaşlığın nəticəsidir.
Xarici siyasətimizin digər prioritet istiqaməti olan beynəlxalq iqtisadi münasibətlərdə Prezident İlham Əliyev tərəfindən davamlı müstəqil və stabil siyasət yürüdülməsi nəticəsində, xüsusilə, enerji resurslarının dünya bazarına çıxardılmasına, həm enerji resurslarının nəqli üzrə geostrateji əhəmiyyətə malik dəhliz, həm də Avropa ölkələrinin enerji təminatında etibarlı tərəfdaş kimi Azərbaycanın beynəlxalq aləmdə qəbul edilməsinə şərait yaranmışdır. Bu gün bir çox Avropa rəsmləri Avropa enerji təhlükəsizliyinin təmin edilməsi və enerji resurslarının şaxələndirilməsində Azərbaycanı vacib ölkə hesab edirlər.
PREZİDENT İLHAM ƏLİYEVİN SİYASİ İRADƏSİ VƏ BÖYÜK ƏMƏYİ SAYƏSİNDƏ AZƏRBAYCAN BEYNƏLXALQ SƏVİYYƏLİ TRANZİT VƏ LOGİSTİKA MƏRKƏZİNƏ ÇEVRİLİB
Beynəlxalq körpü rolu oynayan ölkəmiz üçün mühüm prioritetlərdən biri nəqliyyatdır. Avropa ilə Asiya arasında yerləşən Azərbaycan Avrasiyada aparıcı nəqliyyat qovşaqlarından birinə çevrilmək istiqamətində öz coğrafi mövqeyindən müdrikcəsinə istifadə edir. Bakı-Tiflis-Qars dəmiryolu xətti Asiyanı və Avropanı birləşdirəcək yeganə qısa və alternativ nəqliyyat marşurutu olmaqla yanaşı, Prezidentimizin də dediyi kimi, "iqtisadi və siyasi əhəmiyyətinə görə Afrika ilə Asiyanı birləşdirən Süveyş kanalı kimi titanik layihələrlə müqayisə oluna bilər". Avropa İttifaqı, ABŞ və Mərkəzi Asiya dövlətləri tərəfindən dəstəklənən bu layihənin reallığa çevrilməsi, məhz Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və böyük əməyi sayəsində mümkün olmuşdur. Bu əməyin nəticəsidir ki, Azərbaycan beynəlxalq səviyyəli tranzit və logistika mərkəzinə çevrilmişdir. Ümumiyyətlə, ölkənin nəqliyyat- strateji əhəmiyyətindən danışarkən, onun əsasını təşkil edən, "Azərbaycan 2020 - gələcəyə baxış" yolunu tutmasından və ölkənin nəqliyyat sektorunda tutduğu inkişaf yolundan danışmamaq olmaz. Qeyd olunanlardan məlum olur ki, Azərbaycan nəqliyyat sistemi tutduğu roluna görə o, regionda ticarət mərkəzinə çevrilir.
DÖVLƏTİMİZ DÜNYA MİQYASINDA DİNLƏRARASI VƏ MİLLƏTLƏRARASI MÜNASİBƏTLƏRİN TƏNZİMLƏNMƏSİNDƏ NÜMUNƏVİ ÖLKƏDİR
Təqdirəlayiqdir ki, ölkəmizin regional və beynəlxalq əməkdaşlıq məsələlərində bir çox hallarda təşəbbüskar kimi çıxış etməsi Prezident İlham Əliyevin reallaşdırdığı vahid xarici siyasət kursunun tərkib hissələridir. Yəni hər bir təşəbbüs xarici siyasətimizin prioritet vəzifəsinə xidmət etməsi məqsədilə irəli sürülür. Dünya miqyasında dinlərarası və millətlərarası münasibətlərin
tənzimlənməsində nümunəvi ölkəyə çevrilmiş Azərbaycan multikulturalizmin inkişaf etdirilməsi, bu istiqamətdə əməkdaşlığın gücləndirilməsinə yönəlmiş çox sayda mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Ölkəmizdə "Multikulturalizm İli" və "İslam Həmrəyliyi İli" elan edilməsini, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu, Dünya Dini Liderlər Forumunu, Mədəniyyətlərarası Dialoq və Bakı Beynəlxalq Humanitar forumlarını və digər mühüm tədbirləri bunlara misal olaraq göstərmək olar. İki il ərzində Bakıda həm Avropa, həm İslam Oyunlarının keçirilməsi Azərbaycanın millətlərarası, dinlərarası multikulturalizmə verdiyi töhfənin növbəti təzahürü olmuşdur. Ölkəmizdə baş tutmuş mühüm beynəlxalq hadisələrdən biri də İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvü olan Azərbaycan tərəfindən 2008-ci ildə BMT-nin dəstəklədiyi "Bakı Prosesi"nə start verilməsidir. Dünyada, əsasən, müsəlman ölkələrində silahlı münaqişələrin baş verdiyini və həmin ölkələrdən digər dövlətlərə axın edildiyini, hətta qabaqcıl ölkələrdə müxtəlif dinə və əqidəyə malik insanlara qarşı tolerantlığın azaldığını və nəticədə, sosial gərginliyin baş verdiyini nəzərə alsaq, əsas məqsədin müsəlman aləmi ilə Avropa arasında dialoqun, tərəfdaşlığın və əməkdaşlığın gücləndirilməsi olduğu "Bakı Prosesi"nin əhəmiyyətinin miqyasını anlamaq mümkündür. Məhz buna görədir ki, bu il 10 illiyini qeyd etdiyimiz "Bakı Prosesi", bir çox aktual məsələlərin müzakirəsi və əməkdaşlıqların qurulması baxımından, beynəlxalq səviyyədə mötəbər platforma olaraq qəbul edilməkdədir. Əgər Davosda daha çox iqtisadi, Münxendə təhlükəsizlik məsələləri müzakirə olunursa, Qlobal Bakı Forumunda və digər mühüm tədbirlərdə daha çox siyasi və eyni zamanda, bütün digər məsələlər müzakirə edilir.
Son 15 ildə vacib məqamlardan biri də, Azərbaycan Respublikasının Prezidenti tərəfindən neft kapitalının insan kapitalına çevrilməsi, qeyri-neft sektorunun genişləndirilməsi və davamlı inkişafın təmin edilməsi dövlət siyasətinin tərkib hissəsi kimi müəyyən edilməsidir. Torpaqlarının işğala məruz qalmasına və ərazisində 1 milyondan çox qaçqın və köçkünün yaşaması şəraitində ölkədə savadlılıq səviyyəsinin 100 faizə yaxın olması və bütün əhalinin ölkənin davamlı inkişafından faydalanması, inklüziv inkişafın təmin edilməsi Azərbaycan Prezidenti tərəfindən aparılan inkişaf strategiyasının əsasıdır. Xarici maliyyə dəstəyi olmadan Azərbaycanda erməni işğalından əziyyət çəkən qaçqın və məcburi köçkünlər üçün yeni qəsəbə və şəhərcik salınmışdır. 2004-cü ildən başlayaraq, 3000-dən artıq məktəb, 600-dən çox xəstəxana və tibb mərkəzləri tikilmiş, yaxud təmir edilmişdir. Hər il 5 milyondan artıq insan dövlət büdcəsindən maliyyələşən tibbi yoxlamadan faydalanır.
Bu gün ölkəmizdə innovativ dövlət-idarəetmə texnologiyalarından istifadə edilərək, əhalinin ictimai xidmətlərindən asanlıqla və səmərəli şəkildə faydalanması təmin edilməkdədir. Dövlət xidmətlərinin əhəmiyyətli dərəcədə sadələşdirilməsinə, təkmilləşməyə verdiyi töhfəsinə və yaradıcı olmağına görə, ictimai münasibətlərin və xidmətlərin müasir modeli olan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi - "ASAN xidmət" 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidməti Mükafatına layiq görülmüşdür. Artıq bir sıra ölkələr ərazilərində analoji qurumun yaradılması məqsədilə "ASAN xidmət"in fəaliyyətinə böyük maraq göstərdiklərini ifadə etmişlər.
AZƏRBAYCAN DONOR DÖVLƏTİNƏ ÇEVRİLİB VƏ BU, ÖLKƏMİZ ÜÇÜN YENİ VƏ ŞƏRƏFLİ BİR DÖVRDÜR
Bildiyimiz kimi, Azərbaycanda davamlı inkişaf iqtisadi tərəqqinin əldə edilməsi və sosial problemlərin həlli nəticəsində mümkün olmuşdur. Qeyd etmək istərdik ki, indiyədək Azərbaycana 250 milyard dollara yaxın xarici və yerli sərmayə qoyulmuşdur. Ölkəmizdə sərmayə iqlimi yaxşılaşdırılmış və xarici sərmayə qanun çərçivəsində yüksək səviyyədə təmin edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyətdə olduğu 15 il ərzində iqtisadi inkişaf baxımından ölkəmiz qədər sürətlə inkişaf edən ikinci bir ölkə olmamışdır. İnkişafda olan ölkələrin arasında Azərbaycan inkişafına görə dünya miqyasında üçüncü yerdədir. Son 15 ildə iqtisadiyyat, yəni, ümumi daxili məhsul 3,2 dəfə artmışdır, bu da dünya miqyasında rekord hesab edilə bilər. Hazırda dünyada maliyyə-iqtisadi tənəzzülün davam etməsinə baxmayaraq, Azərbaycan nadir ölkələrdəndir ki, qlobal böhranın fəsadlarının ölkəmizdəki təsirini, nəinki minimum dərəcəyə endirəməyi bacarmışdır, hətta iqtisadi həyatın bir çox aspektlərində nümunəvi irəliləyişlərin əldə olunmasını təmin edə bilmişdir. Aparılmış sosial-iqtisadi siyasət nəticəsində, bir vaxtlar xarici yardımdan asılı olan Azərbaycan artıq donor dövlətinə çevrilib və bu, ölkəmiz üçün yeni və şərəfli bir dövrdür.
Beləliklə, təsdiq etmək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycan Respublikası öz xarici siyasətində balanslaşdırılmış xarici siyasət həyata keçirir və ölkənin Xəzər hövzəsi və Cənubi Qafqaz regionunda mənafeyini müdafiə etməklə yanaşı, ən önəmli mövqeyə malik olmasına nail olur, eyni zamanda, xarici siyasətə əməl etməklə mövqeyini təsdiləyir və Azərbaycan xalqının təhlükəsiz və xoşbəxt gələcəyini təmin edir. Hər sahədə qazandığımız uğurların təməlində Prezident İlham Əliyevin qətiyyəti, əzmkarlığı və Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqincə davam etdirilməsi dayanır. Belə Prezidenti olan xalq xoşbətdir və onun uğurlu gələcəyi var.
SEVİNC FƏTƏLİYEVA,
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsi sədrinin müavini, YAP Beynəlxalq Əlaqələr Komitəsinin sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB