Paşinyan milli maraqları qoruya bilmədi ARMENİANREPORT

Paşinyan milli maraqları qoruya bilmədi ARMENİANREPORT

Ermənistanın KTMT məsələsində ağır məğlubiyyətə uğraması artıq bu ölkənin mediasında çoxsaylı müzakirələrə səbəb olmaqdadır. SİA xəbər verir ki, armenianreport saytında Nikol Paşinyanın bütün cəhdlərinə baxmayaraq, KTMT-də Ermənistanın mövqeyinin qoruyub-saxlaya bilməməsi faktı ətrafında şərh verilib və həmin şərhdə bir sıra məqamlara toxunulub. Xüsusilə, KTMT-nin digər üzv ölkələrinin birgə şəkildə Ermənistanın tələblərini rədd etmələri nə qədər maraqlı görünsə də, bu addım eyni zamanda “Azərbaycanın günahı” kimi qələmə verilib. Daha dəqiq desək, Azərbaycanın bu hərbi quruma üzv olan digər ölkələrlə hərbi-siyasi əməkdaşlığı erməniləri məyus edib.

Digər tərəfdən, adıçəkilən hərbi alyansın qarşıdakı illərdə Ermənistanın baş katibliyi ilə idarə olunmayacağının dəqiq olduğunu yazan erməni saytı yazıb: “Bu, onun etirafıdır ki, Ermənistab KTMT-də baş katiblik postu uğrunda döyüşdə məğlub olub”.

Daha bir məqam, 2020-ci ilə qədər KTMT-yə Rusiya təmsilçisi Semerikovun rəhbərlik edəcəyi, onun ardınca isə beloruslu Stanislav Zaysın onu əvəzləyəcəyi ilə bağlı irəli sürülən fikrilərdir. Məhz bu məsələdə Belorus generalının Bakının ali ümumqoşun məktəbinin məzunu olduğu xatırladılır. Eyni zamanda, general Zaysın Misnk ilə Bakı arasındakı hərbi-texniki əməkdaşlığında lobbiçilik etdiyi deyilir. Bu faktın erməni tərəfini necə təlaşlandırması isə göz önündədir. O da əbəs deyil ki, Paşinyan hakimiyyətinin anti-Rusiya xarakterli çıxışları rəsmi Moskvanın qəzəbinə səbəb olub. Bu baxımdan, sözügedən şərhdə Rusiyanın da bu mövqedə ermənilərə dəstək verməməsi göstərilir, o cümlədən, Paşinyanın yanlış siyasətinə eyham vurulur: “Şübhə etmək olmaz ki, Moskva KTMT-yə baş katibin seçilməsi məsələsində publikaya neytral mövqedə olduğunu nümayiş etdirir, ancaq həqiqətə qalanda, artıq çoxdan öz qərarını verib və bu, heç də Ermənistanın xeyrinə deyil...”

Beləliklə, belə bir vəziyyətin yaranmasında əsasən Nikol Paşinyan ittiham olunub. Misal üçün, sözügedən şərhdə yazılıb ki, KTMT-nin Ermənistanın maraqlarının üzünə tüpürməsindən sonra, erməni xalqının çoxunun dəstəyi ilə parlament seçkilərində qələbə qazanan Paşinyan milli maraqlar məsələsində daha qərarlı olmalıydı.

O cümlədən, yazıda ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolltonun Yerevana səfəri çərçivəsində onun Ermənistanın Rusiyaya orientasiyası məsələsindən geri çəkilməsi vacibliyi barədə səsləndirdiyi bəyanatı da xatırladılıb. “Daha nə baş vereməlidir, ölkəmizə daha hansı məsələyə görə tüpürülməlidir ki, hakimiyyət sonda ayılsın və Rusiyanin deyil, Ermənistanın maraqlarına cavab verən xarici siyasət aparsın? Bizi KTMT-də aşağıladılar. Bizi Avrasiya İttifaqında sıxışdırırlar. Biz isə bu cür efemer təşkilatlardan yapışırıq. Bəlkə doğrudan da biz tarixi ənənələrimizdən qurtulmalıyıq?”, deyə şərhdə sual edilir.

Bütün bunlar isə bir daha sübut edir ki, əslində, Ermənistanın xarici siyasətindəki məğlubiyyətlərinin kökündə güclü Azərbaycan dövləti dayanıb və işğalçı ölkə bundan sonra daha ağır məğlubiyyətlərə düçar olmaqla yanaşı, beynəlxalq arenadakı rolunu birdəfəlik itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmalı olacaq.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə