Əli Əhmədov: "Azərbaycan bu gününü və gələcəyini gənclərdən ayrı təsəvvür etmir"

Əli Əhmədov: "Azərbaycan bu gününü və gələcəyini gənclərdən ayrı təsəvvür etmir"

"Azərbaycan öz həyatını, bu gününü və gələcəyini gənclərdən ayrı təsəvvür etmir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində insan amili dayanır. Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində insanın qoyulması, bu gün Azərbaycan reallığının ən mühüm amillərindəndir". SİA-nın xəbərinə görə, bunu Baş nazirin müavini Əli Əhmədov Azərbaycan Tələbələrinin II Qurultayında çıxış edərkən deyib.

Ə.Əhmədov bildirib ki, biz nə ediriksə insanlar üçün, onların həyatı və mənəviyyatı, inkişafı üçün edirik: "Azərbaycan cəmiyyəti gəncdir. Bu gün Azərbaycan cəmiyyətində 30 yaşa qədər insanlar 4,6 milyon təşkil edir. Bu isə Azərbaycan əhalisinin 46 faizini təşkil edir. Tələbə yaşında yəni 24 yaşadək olan gənclərin, ölkə əhalisinin 3,6 milyonun nəfərini, başqa sözlə desək üçdə birini təşkil edir".

Baş nazirin müavini söyləyib ki, ölkədə gənclərə yönələn siyasət Azərbaycanın vətəndaşlarının həyatının yaxşılaşdırılması üçün atılan addımların əsas qayəsidir: "Bu gün Azərbaycan cəmiyyətinin malik olduğu dəyərlər gənclər üçün istifadə edilir. Eyni zamanda bu gün Azərbaycan dövləti və xalqı öz gələcəyini gənclərlə bağlayır. Tələbəlik dövrü həyatın ən yadda qalan hissəsidir. Siz xoşbəxt insanlarsız ki, çiçəklənən ölkənin gənclərisiz. Bu mənada sizin yaxşı təhsil almanız, yaxşı oxumağınız Azərbaycanın etibarlı şəkildə qorunmasında mühüm amildir".

Azərbaycan hökumətinin həyata keçirdiyi gənclər siyasətinin əsas gözləntilərini açıqlayan Ə.Əhmədov söyləyib ki, əsas məqsəd gənclərin sağlam böyüməsi, inkişaf etməsidir: "Buna görə hökumətin həyata keçirdiyi siyasətin əsas tərkib hissəsini gənclərimizin sağlam böyüməsinə yönəlib. Təhsilsiz heç bir cəmiyyət inkişaf edə bilməz. Azərbaycan cəmiyyəti də inkişafını təhsillə bağlıyır. Təhsilli gənc öz həyatını daha yaxşı qurur, arzularını reallaşdıra bilir".

Baş nazirinin müavini vurğulayıb ki, Azərbaycan hökumətinin həyata keçirdiyi siyasətin digər məqsədlərindən biri gənclərin layiqli, vətənpərvərlik hissləri üzərində formalaşmasıdır: "Bizim gəncliyimiz bu gün Ümummilli Lider Heydər Əliyevin kəlamını xatırlayır. Siz də Ulu Öndərin söylədiyi kimi Azərbaycanla fəxr etməlisiniz. Bizim həyata keçirdiyimiz siyasətin digər istiqaməti odur ki, siz müasir və fəal olasınız. Siz fəal olmaqla Azərbaycana qarşı aparılan çirkli təbliğata qarşı daim mübariz olmalısınız. Biz ictimai-siyasi həyatda daha fəal və mübariz olmanızı istəyirik. Bu, Azərbaycan cəmiyyətinin inkişafı üçün tələb olunan keyfiyyətlərdən biridir. Biz sizinlə fəxr edirik və gələcəyimizi sizdən ayrı hesab etmirik".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə